Məhkəmə qərarları › İş №2(010)-877/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-877/2023

25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-877/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 20 V saylı evin, 91 A saylı mənzilinə (Abonent kodu **********911) əsassız olaraq yazılmış olan 356.13 (üç yüz əlli altı manat, 13 qəpik) manat borcun Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən ev 20 B, 91 A saylı mənzil X3 məxsus olub. Təxminən 2013-cü ildə X4 vəfat etmişdir. Sözügedən mənzil uzun illərdir iddiaçının istifadəsindədir. Şəhid ailəsi olduğuna görə həmin mənzil dövlət tərəfindən 2017-ci ilin fevral ayında sığınacaq kimi iddiaçıya verilmişdir. Həmin ünvan Abonent kodu 21280766/**********911 olmaqla Cavabdeh ASC tərəfindən su ilə təmin olunmaqdadır. Həmişə iddiaçı tərəfindən vaxtaşırı ödənişlər edilməklə həmin ünvan su ilə təmin olunub. 02 dekabr 2022-ci ildə ona cavabdeh tərəfindən xəbərdarlıq məktubu daxil olmuşdur. Həmin məktubda 28 noyabr 2022-ci il tarixinə 356.13 (üç yüz əlli altı manat 13 qəpik) manat borcun yarandığı göstərilmişdir. Bu qədər borcun yaranması və iddiaçının bu qədər sudan istifadəsinin olması qeyrimümkündür. Cünki həmin 1 otaqlı mənzildə oğlu və özü qalır. 356.13 (üç yüz əlli altı manat 13 qəpik) manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmış və bu borcun olması barədə yaşadığı illər ərzində indiyə kimi heç bir məlumat verilməmişdir. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin iddiaçının qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasını sübuta yetirməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının İddiaçı iddia tələbini müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, 2017-ci ildən sonra yaranmış borcu ödəməyə razıdır. Amma ondan əvvəlki dövrə görə hesablanmış borcun ondan tələb edilməsi doğru deyil. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ödənişlərin olması ilə bağlı cədvəl təqdim etmişdir. Cədvəldə 2011-ci ildən bu günə olan borc qeyd olunub. Evin mülkiyyətçisinin sudan istifadəyə görə borcu var. Mülkiyyətçi vəfat etsə də, onun vərəsəsi müəyyən olunmamışdır. Evin mülkiyyətçisindən qalan borcun silinməsi qanunsuzdur. Belə ki, iddiaçı mənzilin mülkiyyətçisi deyil. Mənzil şəhid ailəsi kimi iddiaçıya verilərsə, iddiaçı bu tələblə müraciət edə bilər. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. İş materialları 103 saylı MKİS-npn xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20 b saylı evin 91a saylı mənzilində yaşayır. Həqiqətən 2017-ci il tarixindən göstərilən ünvanda yaşayır. Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1994-cü ildə Azərbaycan torpaqlarını erməni istilaçılarından azad etmək uğrunda döyüşdə həlak olmuşdur. 007461 saylı vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. Cavabdeh ASC tərəfindən A.İqoşevə ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2022-ci il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 356,13 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. 7 iş günü müddətində borcunun ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin ondan məhkəmə qaydasında tutulması təmin ediləcəkdir. Abonent kartından görünür ki, 21280766/**********911 saylı abonentin 2016-cı il üzrə - 224,42 manat, 2017-ci il üzrə 22,5 manat, 2018-ci il üzrə 19,5 manat, 2019-cu il üzrə 12 manat, 2020-ci il üzrə 46,5 manat borcu, 2021-ci il üzrə 4,79 manat artıq ödənişi, 2022-ci il üzrə 37 manat borcu vardır. İşin faktiki halları İddiaçı əri X2 xx.xx.1994-cü ildə Azərbaycan torpaqlarını erməni istilaçılarından azad etmək uğrunda döyüşdə həlak olmuşdur. 2017-ci ildən etibarən şəhid ailəsi olaraq ona və oğluna Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20 b saylı evin 91a saylı mənzilində yaşamağa icazə verilmişdir. Həmin mənzil V.İqosevə məxsus olmuşdur. Mənzilin mülkiyyətçisi vəfat etmişdir. Həmin mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış borcun ümumi məbləği 357.13 manat təşkil edir. Onlardan 2016-cı ilə aid borc 224,42 manat, 2017-ci ildən sonra yaranmış borc isə 132,71 manat təşkil edir. İddiaçı özü və oğlu tərəfindən mənzildən istifadə etmədiyi dövrlərə görə hesablanmış borcun silinməsini istəyir, cavabdeh tərəf isə bu tələblə razılaşmır. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Su Məcəlləsi:

97. Bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları və şərtləri bu Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir.

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:

62. İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü maddəsi: Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Beləliklə də, işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı əri X2 xx.xx.1994-cü ildə Azərbaycan torpaqlarını erməni işğalçılarından azad etmək uğrunda döyüşdə həlak olmuşdur. 2017-ci ildən etibarən şəhid ailəsi olaraq ona və oğluna Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20 b saylı evin 91a saylı mənzilində yaşamağa icazə verilmişdir. Həmin mənzil V.İqosevə məxsus olmuşdur. Mənzilin mülkiyyətçisi vəfat etmişdir. Həmin mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış borcun ümumi məbləği 357.13 manat təşkil edir. Onlardan 2016-cı ilə aid borc 224,42 manat, 2017-ci ildən sonra yaranmış borc isə 132,71 manat təşkil edir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən və qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ididaçı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20 V saylı evin 91 A saylı mənzilində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə nəticəsində hesablanmış 132,71 manat borca görə məsuliyyət daşıyır.

Məhkəmənin gəldiyi nəticə Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20 V saylı evin 91 A saylı mənzilində (abonent kodu **********911) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 224,42 (iki yüz iyirmi dörd manat qırx iki qəpik) manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı iddiası təmin edilsin. Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20 V saylı evin 91 A saylı mənzilində (abonent kodu **********911) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 224,42 (iki yüz iyirmi dörd manat qırx iki qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar