Məhkəmə qərarları › İş №2(010)-915/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-915/2025

19.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-915/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdeh X3rşı iddia ərizəsi ilə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən **********00000 saylı abonet İddiaçı qanunsuz olaraq hesablanmış 1555 (min beş yüz əlli beş) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ X6 əməkdaşları ona heç bir xəbərdarlıq etmədən və iştirakını təmin etmədən hal-hazırda yaşadığı evə quraşdırılmış, onun abonenti olduğu qaz sayğacı sökülmüş və yerinə yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmışdır və yararsız hesab olunmuşdur. Bu azmış kimi cərimə edildiyi və 1555 manat borcunun olduğu bildirilmişdir. Eyni zamanda təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktın qeyd hissəsində “17/03-23-cü il tarixli dövlət yoxlanmasına əsasən, 16-080208 saylı sayğacda kənar təsir izi aşkar olundu və sayğac istismara yararsızdır qeyd edilmişdir. Baxmayaraq ki, indiyədək qaz sayğacı səliqəli işlədilmiş, qaz sayğacına tərəflərindən heç bir müdaxilə edilməmiş və edilməsi də məntiqsiz olmaqla yanaşı gülüncdür. İddiaçı barəsində tətbiq edilmiş cərimənin və hesablanmış borcun qanunsuz və əsassız olduğunu bildirmişdir. Belə ki, ARDNŞ X4 əməkdaşları tərəfindən köhnə sayğac sökülüb yerinə yeni sayğac quraşdırılan zaman ilk növbədə onun iştirakını təmin etməli idilər. Həmin əməkdaşların sayğacı necə sökmələri, köhnə sayğaca necə davranmaları iddiaçıya məlum deyildir. Əlavə olaraq qaz sayğacı onun mənzilində deyil, çöldədir. Bu isə həmin sayğacı istənilən şəxs üçün əlçatan edir. Sayğacda digər nasazlıqların yaranması cavabdeh qurumun əməkdaşlarının sayğacı sökən zaman səliqəsiz və diqqətsiz davranmaları nəticəsində yarana bilər. O, bildirmişdir ki, ən azından belə hal olsaydı bu barədə o dərhal məlumatlandırılmalı idi. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və onu cərimələməyindən belə çıxır ki, sayğac sökənlər istədiyi kimi davrana bilərlər, amma bunun məsuliyyəti kimin üstündə olması sual altındadır, eyni zamanda vaxtı vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulunan əlavə balansa artıq pul ödəməyi də sübut edir ki, onun tərəfdən sayğaca müdaxilə edilməsi gülüncdür. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Onun yaşadığı ünvanda qaz təminatının dayandırılması qanunla qorunan hüquqları pozur. Eyni zamanda vaxtı-vaxtında işlədilən qaz pulunun ödənilməsi, sübut edir ki, onun sayğaca müdaxilə etməsi gülüncdür. O, evində qazla təbii qazla işləyən və böyük həcmdə sərfiyyat aparan avadanlıqlar işlətmədiyini bildirmiş, təbii qazdan da böyük həcmdə istifadə edilmir.Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh nümayəndəsi X1 rayon Məhkəməsinə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş materialları.

5. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın növbəti dövlət yoxlamasının aparılması ilə bağlı yeni qaz sayğacı ilə əvəz edilmişdir.

6. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 1555.20 manat təşkil edir.

7. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən baxış keçirilən zaman mənzildəki qaz sayğacında kənar təsir izi aşkar olundu və saygac istismara yararsızdır.

8. Saygacın yoxlanılmasına dair laboratoriya rəyindən müəyyən olunur ki, saygaca baxış keçirildi, sayğacın kart rideri kartı qəbul etmir, element yuvası açıldı, kənar təsir izi aşkar olundu, sayğacın yaddaş arxivinin oxunması mümkün deyildir, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xəta ilə işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. kamera ilə saygacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Saygac istismara yararsızdır.

9. Cavabdeh tərəfindən tərtib olunan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, İddiaçı qaz sərfiyyatına görə borcu (12960 m3) 1555.20 manat təşkil edir.

İşin faktiki halları.

10. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacına növbəti dövlət yoxlamasının aparılması məqsədilə bağlı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Sayğac laboratoriya şəraitində yoxlanılmış və qaz itkisi aşkar olunduğundan itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesabat müddəti 90 gün müəyyən olunmuşdur.

11.Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

13. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

4. X2 və İstismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

14. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

17. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş (§ 13, 14) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Qazdan istifadə qaydaları”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi sübuta yetirilərsə, onun üzərinə qanunsuz istehlak edilən qazın dəyərini ödəmək vəzifəsi qoyula bilər.

19. Məhkəmə qeyd edir ki, iddiaçının təbii qazdan qanunsuz istifadə etməkdə təqsirli olmasını sübut etmək cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1ci maddələri).

20. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

21. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

22. İşin faktiki hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022ci il tarixdə İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir. Sonradan həmin sayğac laboratoriyaya göndərilmiş və Cavabdeh işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib edilmiş aktdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli laboratoriyanın rəyinə əsasən sayğacın kart rideri kartı qəbul etmir, element yuvası açıldı, kənar təsir izi aşkar olundu, sayğacın yaddaş arxivinin oxunması mümkün deyildir, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xəta ilə işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera ilə saygacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğacın istismara yararsız olması və dəymiş ziyanın ödənilməsi qeyd olunmuşdur. Sayğaca müdaxilə olunması ilə bağlı akt tərtib olunmuş və iddiaçıdan 1555.20 manat pul tələb olunur.

23. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür.

24. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib olunmuş akta əsasən iddiaçıdan pul tələb edilməsi əsassız olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri.

25. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödənilməmişdir. Lakin hazırkı iş üzrə İddiaçı istehlakçı olduğundan və iddia tələbi təmin olunduğundan 35.55 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında tələb olunan 1555 manat Cavabdeh tərəfindən silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Abonent İddiaçı (kod **********00000) təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə tələb olunan 1555 (bir min beş yüz əlli beş) manat pul vəsaiti Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 35.55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar