Məhkəmə qərarları › İş №2(010)-924/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-924/2023

30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-924/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktın ləğv edilməsi, cavabdeh tərəfindən təbii məişət qazın istehlakına görə hesablanmış 324 manat borcun silinməsi və bu müddət ərzində ondan əsassız tutulmuş 105.9 manat miqdarında pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 324 manat borcun silinməsi və bu müddət ərzində ondan əsassız tutulmuş 105.9 manat miqdarında pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə faktiki yaşayır. O, faktiki yaşayış yeri üzrə təbii qaz istehlakçısı kimi hazırda istifadə ediyi “G-4” Smartkart tipli qaz sayğacından xx.xx.2018-ci il tarixdən istifadə edir. Onunla Cavabdeh İB BRQSD arasında təbii qaz istehlakçısı kimi xx.xx.2018ci il tarixli AK-2/40916 saylı müqavilə bağlanmış və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 545966 saylı xx.xx.2018-ci tarixli Akt tərtib edilmişdir. O, bu müqavilənin bağlanması və məlum Aktın tərtib edilməsində iştirak etmiş, həmin sənədləri imzası ilə təsdiq etmişdir. Məlum aktda istifadəsində olmuş əvvəlki məişət qaz sayğacında hər hansı qüsurun olması qeyd edilməmişdir. Bundan təxminən 2 ay sonra onun iştirakı olmadan Cavabdeh İB BRQSD tərəfindən “sayğacın sağ metrologiya plombunun rəngi fərqli olması barədə” ******* saylı xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və həmin aktda onun təbii qazdan istifadəsinə görə məbləği məlum olmayan borcu olduğu qeyd edilmişdir. O, bu borcun nə vaxt, necə yaranması barədə müvafiq açıqlama verilməsi ilə bağlı Cavabdeh İB-nə şifahi ərizə ilə müraciət etmişdir. Məlum idarə kompüterdən çıxarılmış 3 səhifəlik hesabat təqdim etmiş və bu hesabatdan məlum olmuşdur ki, guya onun 324 manat borcu olmuş, bu borcdan 105.9 manat tutulmuş və hazırda güya onun 218.1 manat borcu qalmışdır. Birliyin BRQSD-nin tərtib etdiyi ******* saylı xx.xx.2018-ci il tarixli aktı ilə təsdiqlənir ki, sayğacın sağ metrologiya plombunun rəngi fərqlidir, bu səbəbdən o dəymiş zərəri ödəməlidir. Qaz sayğacı açıq havada, bütün il boyu yağışın və günün təsirinə məruz qalmışdır. Belə bir şəraitdə saxlanılan sayğacın plombunun rəngi təbii olaraq dəyişməlidir. Həmçinin sözügedən sayğac söküldükdən sonra kənar şəxslərin müdaxiləsinin qarşısının alınması üçün Cavabdeh İB BRQSD-nin işçiləri tərəfindən heç bir müvafiq tədbirlər görülməmiş və məlum sayğacın yoxlanmasında iştirakı təmin edilməmişdir. Cavabdeh İB BRQSD-nin işçiləri onun istifadəsində olan mexaniki məişət qaz sayğacını sökdükdən sonra, yararsız məişət tullantısı kimi maşının yük yerinə digər mexaniki sayğacların üstünə atmış və onun zədə almaması üçün heç bir tədbir görməmişlər. Sözügedən sayğac söküldükdən sonra, digər şəxslərin müdaxiləsinin qarşısının alınması üçün onun iştirakı ilə müvafiq vasitələrlə mühafizə edilməmiş və həmin qoruyucu vasitə onun iştirakı ilə plomblanmamışdır. Bundan əlavə, həmin sayğac metroloji ekspertizadan keçirilənə kimi üzərinə qoyulmuş plombun zədələnib-zədələnməməsi tərəfindən müəyyən edilməmiş və o, istifadəsində olmuş sözügedən mexaniki məişət qaz sayğacının ekspertizasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri Cavabdeh işçiləri tərəfindən kobud şəkildə pozulmuş və məlum borc həmin birliyinin işçilərinin saxtakarlığı nəticəsində yaranmışdır. O, İ Qarabağ müharibəsi veteranıdır, daimi iş yeri və stabil qazancı yoxdur. Fərdi sifarişləri yerinə yetirməklə əldə etdiyi qazanc onun yeməyinə, davadərmanına çatmır. Buna baxmayaraq, onun heç vaxt təbii qazın istifadəsinə görə dövlətə borcu olmamış və hətta hazırda da təbii qazın istifadəsinə görə dövlət tərəfindən müəyyən edilmiş limiti keçməmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onun nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin etirazla məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddiaçının ünvanında quraşdırılmış G-4 markalı, 1002AQ**********1 saylı sayğac çıxarılaraq Sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasına göndərilmiş, xx.xx.2018-ci il tarixli 29/1710- 00985 saylı aktla “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var” şəklində rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 324.00 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçıCavabdeh İB-yə qarşı 324.00 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etişdir.

İş materialları.

6. xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə AK-2/40916 nömrəli müqavilə ilə istehlakçı İddiaçı adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən ünvanı Cavabdeh tərəfindən “G-4” Smartkart tipli qaz sayğacı ilə təchiz edilmişdir.

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, “sayğacın sağ metrologiya plombunun rənginin fərqli olması” müəyyən edilmişdir.

8. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 1620 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.

9. Abonentin saldosu vərəqindən görünür ki, İddiaçı akt üzrə 324 manat cərimə yazılmışdır.

10. GASREP vərəqəsindən görünür ki, İddiaçı cərimə borcuna görə 105,90 manat borc tutulmuşdur

İşin faktiki halları.

11. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1620 manat (1620x0,20=324) məbləğində borc iddiaçıdan tələb edilmiş və iddiaçı tərəfindən ödənilmiş təbii-qaza görə ödənişlərdən 105,90 manat borc tutulmuşdur.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

13. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

15. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

16. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Qaz təchizatı” haqqında Qanun

18. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları

19. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4.Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

23. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

24. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış cərimə əsassız olduğundan, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz.

25. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, fiziki şəxs olan istehlakçını qaz sayğacı ilə təchiz etmə bilavasitə qaz paylayıcısının vəzifəsidir və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir (sayğac quraşdırmalıdır).

26. Həmçinin, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, 2018-ci ilin sentyabr ayında tərtib olunmuş akta görə hesablayıb tələb etdiyi məbləğ (cəmi 324 manat) baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Həmin akt iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz.

27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları - aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının sağ metrologiya plombunun rəngi fərqli olması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia tələbi təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 324 manat məbləğində borc silinməli və borca görə tutulmuş 105,90 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının qaz hesabına geri qaytarılmalıdır.

Məhkəmə xərcləri.

28. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

29. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

30. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və İddiaçı ünvan 3 ünvanına (abonent kodu: **********02340) sayğacın dəyərinə görə hesablanmış 324 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinməli və borca görə tutulmuş 105,90 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının qaz hesabına geri qaytarılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia təmin edilsin. ünvan 3 ünvanı (Abonent kodu: **********02340) üzrə İddiaçı hesablanmış 324 (üç yüz iyirmi dörd) manat məbləğində borc silinsin. 105.9 (yüz beş manat doxsan qəpik) manat məbləğində borca görə tutulmuş pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı abonent (Abonent kodu: **********02340) hesabına geri qaytarılsın. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar