Məhkəmə qərarları › İş №2(010)-931/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-931/2024

21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-931/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanına verilmiş qaza dair Cavabdeh tərəfindən tərtib edilmiş 22 aprel 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt’ın və 30 aprel 2023-cü il tarixli “Dəymiş ziyanı bərpasına dair tələbnamə“nin qanunsuz hesab edilməsi və ona hesablanmış 1555 (min beş yüz əlli beş) manat debitor borcun **********00262 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, yalnız cavabdeh tərəfindən ona qanunsuz olaraq hesablanmış 1555 (min beş yüz əlli beş) manat debitor borcun **********00262 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

4. Bakı şəhəri, ünvan 1 ünvanına çəkilmiş qaz xəttinə görə **********00262 saylı abonent kodu onun adına açılmışdır. O, həmin evdə uzun illər qazdan istifadə etmiş və qazdan heç bir zaman qanunsuz istifadə etməmişdir. 26 yanvar 2023-cü il tarixdə Cavabdeh əməkdaşları ünvana gələrək sayğacı Smart kart tipli sayğacla əvəz etmiş, əsas kimi isə onun qaza görə 345 manat debitor borcunun yaranması göstərilmişdir. Onun üçün yeni sayğac quraşdırılan andan o, qazdan istifadə edir, pulu smart karta yükləyir və yüklənmiş məbləğə uyğun qaz istifadə etmişdir. Bu yaxınlarda isə o, qazın dəyərini ödəyən zaman pulun yarısının borca tutulmasını görmüşdür. Bununla maraqlanmaq üçün Cavabdehnə getmiş və orada bunun səbəbini öyrənmək istədikdə, oradan ona 30 aprel 2023-cü il tarixli Dəymiş ziyanı bərpasına dair tələbnaməni təqdim edərək, həmin tələbnaməyə əsasən ona 12 960 kub.m qazdan qanunsuz istifadə etdiyini və bunun üçün də ona 1555 manat məbləğində debitor borcun hesablanmasını bildirmişlər. Bunun əsası kimi isə 22 aprel 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktı ona təqdim etmişlər. Həmin aktdan görünür ki, Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi üst sol hissədən gövdədən aralanıb. Qeyd edir ki, həmin sayğacı evdən çıxarıb aparan zaman, yəni 26 yanvar 2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və həmin aktda sayğacın əvəzləşdirilməsinin səbəbi kimi 345 manat debitor borcun yaranması göstərilmişdir. Əgər həmin sayğac çıxarılan zaman üstündə zədələnmə halı aşkar edilsəydi bu hal həmin aktda öz əksini tapardı. Lakin onun əvvəlki sayğacı mexaniki olduğuna və həmin sayğacla onun debitor borcu yarandığına görə onun üçün smartkart tipli sayğac qoyulmuş və o, sonradan həmin boru tam ödəmişdir. Cavabdehin əsasına görə isə guya o, qeyd edilən sayğaca müdaxilə etmiş, onun qoruyucu şüşəsini gövdədən aralamışdır. Sayğac aparılan zaman belə bir hal aşkar edilməmişdirsə, artıq bu o deməkdir ki, həmin sayğacın korlanmasında cavabdehin əməkdaşlarının təqsiri vardır.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.

6. Cavabdeh nümayəndəsi X1 ərizə təqdim edərək, hazırki məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İş materialları.

7. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, sifarişçi (istehlakçı) İddiaçı yaşadığı ünvan 1 ünvanında G-4 markalı, Zenner tipli, **********1 nömrəli sayğac növbəti dövlət yoxlaması məqsədilə çıxarılmış və G-4 markalı, Zenner tipli, **********437 nömrəli sayğac quraşdırılmışdır.

8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış dövlət yoxlamasına əsasən, **********1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi üst sol hissədən gövdədən aralanıb. Sayğac istismara yarasızdır. Dəymiş ziyanın ödənilməsi müəyyən edilmişdir.

9. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz sayğacının zədələnməsi nəticəsində 12960 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

10. Abonent saldosundan görünür ki, İddiaçı tərəfindən 2023-2024-cü il daxil olmaqla istehlak olunan qazla bağlı müəyyən ödənişlər olunmuşdur. Qalıq və aktlar üzrə 2024-cü ilin ilk ayı üçün 1415.01 manat borc qeyd edilmişdir.

İşin faktiki halları.

11. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ev fərdi həyət evidir. İddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Dəyişdirilmənin səbəbi sayğacın növbəti dövlət yoxlanışına göndərilməsi olmuşdur. Cavabdeh tərəf iddiaçının onun ünvanında quraşdırılmış sayğaca müdaxilə etdiyini əsas gətirərək, qeyd olunan miqdarda cərimə borcu hesablamışdır. İddiaçı tərəfin öz tələbinin əsaslandırması isə ondan ibarətdir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Əgər sayğaca müdaxilə etmiş olsaydı, bunu sayğac dəyişdirilən zaman aşkarlayardılar. Cavabdeh tərəf iddia tələbi ilə razı deyil və etirazını onunla əsaslandırır ki, sayğac iddiaçıya təhkim edilmişdir və ona görə məsuliyyəti də iddiaçı daşımalıdır.

Tətbiq edilən hüquq.

12. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.

4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

13. Mülki Prosessual Məcəllə. Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət

36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

15. Hazırkı işdə sayğacda xətaların olmasının məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bunun davamı olaraq, məhkəmə cavabdehin iddia tələbinə etirazını əsaslı hesab etmir. Ona görə ki, sayğacda aşkar edilən qüsurun istehlakçı (iddiaçı) tərəfindən müdaxilə nəticəsində yaranması halı sübut edilmir. Bu hal, cavabdeh qurumun Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli Aktından da görünür. Belə ki, həmin Aktda qeyd edilmişdir ki, sayğacın əvəzlənməsinə səbəb istehlakçının debitor borcunun olmasıdır. Sayğacın həmin vaxtı zədəli olması barədə hər hansı qeyd tərtib edilməmişdir. Belə olduğu halda, dəymiş zərər də iddiaçıya aid edilə bilməz. Borc məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı onun abonent hesabına 1555 manat borc məbləğinin hesablandığını və həmin borc vəsaitinin silinməsini tələb etsə də, lakin iş materiallarında olan abonent saldosundan görünür ki, Niyazov Qadaşın abonent hesabına 2023-cü il və 2024-cü ilin ilk ayı üzrə cəmi 1415.01 manat borc məbləği mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçının ünvanı üzrə hesablanmış 1415.01 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri.

16. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "AZƏRİQAZ" İB tərəfindən İddiaçı hesabına əsassız olaraq hesablanmış 1415.01 manat borc silinməlidir.

18. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "AZƏRİQAZ" İB tərəfindən iddiaçı Nı̇ yazov Qardaş Zəki oğlunun **********00262 saylı abonent hesabına hesablanmış 1415.01 manat debitor borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar