Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-964/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra mətndə “Azəriqaz” İB) qarşı “aktın və hesablanmış borcun ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz" İB əməkdaşları tərəfindən tərtib edilmiş 13.08.2018-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta görə hesablanan 486,00 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yalnız qanunsuz olaraq hesablanmış 486 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, “Azəriqaz” İB-nin əməkdaşları gəlib sayğacı dəyişdirdikdən sonra o, hər dəfə ödəniş etdikdə həmin ödənişdən 2 manat tutulurdu. Halbuki qeyd olunan hal əsassızdır. Çünki sayğaca heç bir kənardan müdaxilə olunmayıb, ancaq onun kənarında həşaratlar yığılıb və sayğacın daxilində mexanizmi dağılıb. O, bundan sonra “Azəriqaz” İB-nə müraciət etmiş və onun müraciətinə məktub ilə cavab verərək, sayğaca heç bir kənar müdaxilənin və təsirin olmadığını bildirmişlər. Onların öz əməkdaşları da gəlib baxaraq, həm də kamera vasitəsi ilə yoxlayaraq müəyyənləşdiriblər ki, sayğaca kənardan heç bir müdaxilə olunmayıb. Onların xəbəri olmadan sayğac dəyişdirilib, yeni sayğac qoyulub və onun ünvanına 486 manat borc yazılıb. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə 11.04.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı iddiasında əsassız borc yazıldığını qeyd etsə də abonent saldosundan görünür ki, yazılmış borc məbləği əsaslıdır. Belə ki, yeni sayğac quraşdırıldıqdan sonra ödənişlər və sərfiyyat müqayisə olunsa, onlar arasında böyük bir fərq yarandığını görmək olar. Sayğac əvəz edilməmişdən əvvəl 3 ay müddətində 760 kub sərfiyyat olduğu halda sonrakı dövrdə 1445 kub sərfiyyat olub. Belə olan halda ödənişlər arasında da fərq yaranıb. Əvvəlki dövrdə 76 manat, sonrakı dövrdə isə 277 manat ödəniş həyata keçirilib. Sayğacda müəyyən olunan qüsurlar nəticəsində cavabdeh ödəniş etmədən qazdan istifadə edib. Hesablanmış borc istifadə olunmuş borcdur, hərhansı sızıntı nəticəsində əmələ gəlmiş borc deyil. Sayğaca edilmiş müdaxilə mübahisələndirilmir, əsas istifadə edilmiş qazın məbləği mübahisələndirilir. Sayğacda heç bir müdaxilə yoxdur, elə bir problem yaranıb ki, sayğacdan keçən qaz sərfiyyatı düzgün qeyd olunmayıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” ******* saylı 31.01.2019-cu il tarixli aktına əsasən görünür ki, 18.12.2018-ci il tarixli MSK 29/1710-2051 saylı aktına əsasən, xətalar təyin edilə bilmədi, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi kənar təsir izləri aşkar edilmədi, sayğacın LCD ekranında rəqəmlər qarışıb, informasiya oxunmur, baxış məqsədilə hesablama mexanizminin qoruyucu örtüyü açıldı, məlum oldu ki, kart riderdən əsas çap vərəqinə informasiya ötürən lent korroziyaya uğrayıb, informasiyanın oxunması mümkün olmadı, daxilində hesablama mexanizminin qoruyucu örtüyünün kənarlarında həşərat aşkar olundu, klapan açıqdır rəyi verilmişdir. Abonent saldosundan görünür ki, ünvan 1 ünvanına (abonent kodu: **********00000) 486 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Beləliklə, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii X1nın pozulması haqqında” ******* saylı 31.01.2019-cu il tarixli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 486 manat məbləğində borc ləğv olunmalıdır. Məhkəmə xərcləri: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “Təbii X1nın pozulması haqqında” ******* saylı 31.01.2019-cu il tarixli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc ləğv olunsun. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-964/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-964/2022
25.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver