Məhkəmə qərarları › İş №2(010)-971/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-971/2024

22.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-971/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələrinin tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* №-li akta nəzərən, abonentin saldosuna əsasən (onun yaşadığı ünvana) mərhum X2 adına qanunsuz olaraq hesablanmış 1555 manat 20 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

3. ünvan 1 ünvanında ailə üzvlərilə birgə yaşayır. xx.xx.2023-cü ildə ******* №-li aktla rəhmətlik əri Ənnağı İsrailovun adına qaz sayğacı, xx.xx.2023-cü il tarixli ******* saylı aktla isə yenidən mərhum ərinin adına yeni qaz sayğacı quraşdırılmışdır. Sayğac normal işləyirdi. Qazın istehlakçısı kimi onun mərhum əri X4 bütün sənədlərdə qeyd olunmuşdur. Lakin o, 2017-ci ilin 07 dekabrında vəfat etmişdir. Bundan sonra evin qaz təchizatı ilə əlaqədar olan bütün məsələlərlə o, məşğul olmuş və "Azəriqaz” İB-nə müraciət edərək həmin qaz sayğacının abonenti kimi onun adının qeyd olunmasını xahiş etmişdir. Bir neçə ildir ki, evin həyətinin hasarının 1,2 metr hündürlüyünə bərkidilmiş qaz ölçü cihazının nəyə görəsə dəyişdirilməsinin lazım olduğunu nəzarətçi ona bildirmişdir. Bunun ona 2023-cü ilin aprel ayında ünvana gələrək əraziyə baxan qaz nəzarətçisi - Etibar Ərəstunov adlı şəxs bildirmiş və demişdir ki, onun evinin qaz ölçü cihazı düzgün işləmir. Belə ki, qaz sərfıyyatı çox olur, amma qaz ölçü cihazında sərfıyyat az göstərilir. Ona görə də onu dəyişdirmək lazımdır. Əlavə olaraq bildirdi ki, yeni qaz cihazı kartla işləyəcək və bunu dəyişəcək, qaz ölçü cihazını yeniləyəcək. O həmin vaxt qaz ölçü cihazını yenisi ilə dəyişdi, sonra isə xx.xx.2023-cü il tarixdə ikinci dəfə gəlib həmin cihazı da yenisi ilə dəyişmiş, özü də hər bir cihaza onlar tərəfdən - ailə üzvləri tərəfindən heç bir müdaxilə olmamış və bu haqda nəzarətçi onlara heç bir söz deməmişdir. X5 2023-cü ilin ortalarında yeni qaz sayğacına pul köçürtmək istəyərkən sayğaca qaz vurulmadığına görə Suraxanı rayon QİŞİ-nə getmiş və orada ona bildirmişlər ki, sizin qaz sayğacına müdaxiləyə görə 2023-cü ilin aprel ayından 1555 manat 20 qəpik qaz cəriməniz vardır və həmin borcu ödəməsəniz kartınız aktivləşməyəcək və sizin evə qaz verilməyəcək. Məhkəməyə müraciət ediləcəyini dedikdə isə cərimə ilə bağlı aktları və abonentin saldosunu təqdim etmişdirlər.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.

5. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İş materialları.

6. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 xx.xx.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə İsrailov, arvada İsrailova soyadı verilmişdir.

7. AZ-İ seriyalı, 270824 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 dekabr 2007-ci il tarixdə ürək işemik xəstəliyindən vəfat etmişdir.

8. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, sifarişçi (istehlakçı) Ənnağı İsrailovun ünvanında - ünvan 2r dövlət yoxlaması ilə əlaqədar Zenner tipli, **********4 nömrəli sayğac çıxarılmış və G-4 markalı, Zenner tipli, **********212 nömrəli sayğac quraşdırılmışdır.

9. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, sifarişçi (istehlakçı) Ənnağı İsrailovun ünvanında - ünvan 3anında dəyəri ödənilməmiş qaz sərfiyyatı ilə əlaqədar G-4 markalı, Zenner tipli, **********212 nömrəli çıxarılmış və G-4 markalı, Zenner tipli, **********357 nömrəli sayğac quraşdırılmışdır.

10. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış dövlət yoxlamasına əsasən, **********4 saylı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun üzərində əzik-cızıq izlərinin olması və sayğacın istismara yararsız olması müəyyən edilmişdir.

11. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 3anında qaz sayğacının zədələnməsi nəticəsində 12960 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

12. Abonent saldosundan görünür ki, İsrailov Ənnağının adına olan **********00000 saylı abonent kodu üzrə 2023-cü il daxil olmaqla 1555.20 manat borc qeyd edilmişdir.

İşin faktiki halları.

13. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, İddiaçı yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanında qaz sayğacı iddiaçının mərhum həyat yoldaşı İsrailov Ənnağının adınadır və həmin ünvanda iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının yaşadığı ünvanda xx.xx.2023-cü il tarixdə qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Daha sonra isə xx.xx.2023-cü il tarixdə dəyəri ödənilməmiş qaz sərfiyyatı ilə əlaqədar iddiaçının yaşadığı ünvanda yenidən qaz sayğacı dəyişdirilərək yerinə yeni sayğac quraşdırılmışdır. Cavabdeh tərəf iddiaçının onun ünvanında quraşdırılmış sayğaca müdaxilə etdiyini əsas gətirərək, qeyd olunan miqdarda cərimə borcu hesablamışdır. İddiaçı tərəfin öz tələbinin əsaslandırması isə ondan ibarətdir ki, sayğac onun evindən kənarda yerləşir və o, yaxud onun ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Tətbiq edilən hüquq.

14. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.

4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

15. Mülki Prosessual Məcəllə.

Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət

36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və iddiaçı tərəfin izahatından aydın olur ki, Bakı şəhəri, ünvan 4 ünvanında qaz sayğacı iddiaçının mərhum həyat yoldaşı İsrailov Ənnağının adınadır. Ə.İsrafilov 2007-ci ildə vəfat etmişdir. Həmin ünvanda iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır və kommunal xidmətlərdən istifadə edirlər. Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan abonenet koduna ziyan məbləğinin yazılmasının səbəbi qaz sayğacında zədələrin aşkar edilməsidir. Hazırkı işdə sayğacda zədələrin olmasının məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilmir. İddiaçının yaşadığı ev fərdi həyət evidir və qaz sayğacı evdən kənarda yerləşdirilmişdir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda cavabdehin iddia tələbinə etirazını əsaslı hesab etmir. Ona görə ki, sayğacda aşkar edilən qüsurun iddiaçı tərəfindən müdaxilə nəticəsində yaranması halı sübut edilmir. Belə olduğu halda, dəymiş zərər də iddiaçıya aid edilə bilməz.

Məhkəmə xərcləri.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

20. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "AZƏRİQAZ" İB tərəfindən İddiaçı yaşadığı ünvanda (mərhum X2 adına olan) abonent hesabına qanunsuz olaraq hesablanmış 1555.20 manat (min beş yüz əlli beş manat iyirmi qəpik) cərimə məbləği silinməli və iş üzrə ödənilməli olan 35.55 manat məbləğində dövlət rüsumu cavabdeh "AZƏRİQAZ" İB-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

22. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh "AZƏRİQAZ" İB tərəfindən İddiaçı yaşadığı ünvanda (mərhum X2 adına olan) abonent hesabına hesablanmış 1555.20 manat (min beş yüz əlli beş manat iyirmi qəpik) cərimə məbləği silinsin. İş üzrə ödənilməli olan 35.55 manat məbləğində dövlət rüsumu cavabdeh "AZƏRİQAZ" İB-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar