Məhkəmə qərarları › İş №2(010)-981/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-981/2023

08.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-981/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X12 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş X5 onun doğma övladıdır. X1 anadan gəlmə qüsurlu doğulmuş və 1-ci qrup əlil olmaqla ruhi əsəb xəstəliyinə düçar olmuş müstəqil olaraq özünü idarə edə bilmir. Onun daimi köməyə ehtiyacı vardır. Övladları psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşlar. Belə ki, övladları xəstəliyi ilə əlaqədar bir sıra xüsusi imtiyazları vardır ki, bu imtiyazlardan istifadə edərək öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Bu səbəbdən o, onun bir sıra şəxsi işlərini görməyə məcbur olur ki, onun öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, fəaliyyət qabiliyyətli olması onun bəzi hüquqlarını həyata keçirilməsində ona maneçilik törədir. Ona görə də, o, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Övladı xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi onun üzərində qəyyum təyin edilməsi üçün lazımdır ki, bununla o, övladının bir sıra hüquqlarının həyata keçirilməsində ona kömək edə bilsin.

Ərizəçinin tələbi.

2. xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizəsində yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. AA4069683 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur.

6. AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuşdur.

7. AA3981623 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur.

8. AZ İ № 751807 doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası X6r.

9. AZ İ № 213896 nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi və X8 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar.

10. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti, RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən X7 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyinin məqsədəuyğunluğu izah edilmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, xx.xx.2004-cü ildə anadan olmuş X5 İ dərəcə əlildir, əmək qabiliyyətsizdir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 816 saylı rəyindən görünür ki, X3 ağır əqli gerilik uşaq serebral iflici nəticəsində (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda xeyli geri qalması, X4, 3 saylı Şəhər Klinik Xəstəxanasının nevrologiya şöbəsində müalicə olunması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, ünsiyyətə çətin daxil olması, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyriadekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 ağır əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. X3 qeyd olunan xəstəlik anadangəlmə olub kobud nevroloji pozuntular və əqli inkişafın geriliyi ilə xarakterizə olunur. X5 onda qeyd olunan əqli gerilik ağır dərəcədə təzahür edir. X5 hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 hazırkı psixi vəziyyətinə görə məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarına malik deyil.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

16. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X5 İ dərəcə əlildir, əmək qabiliyyətsizdir. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 816 saylı rəyindən görünür ki, X3 ağır əqli gerilik uşaq serebral iflici nəticəsində (F72) aşkar olunur. X3 qeyd olunan xəstəlik anadangəlmə olub kobud nevroloji pozuntular və əqli inkişafın geriliyi ilə xarakterizə olunur. X5 onda qeyd olunan əqli gerilik ağır dərəcədə təzahür edir. X5 hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

17. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.

18. Beləliklə, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək Sübhan Mahmudov fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.

Məhkəmə xərcləri.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Ərizəçi oğlu xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar