Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-985/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X9 iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cəlb edilməklə) “vərəsəlik hüququnun tanınması və həmin əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən atası X4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, ev 1 ünvanında yerləşən 25 saylı mənzilin ½ hissəsi barəsində mirasın qəbul edilmə müddətinin uzadılması və həmin miras əmlakla bağlı onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri 10 saylı Notariat ofisi tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X1 miras qalmış Bakı şəhəri, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, ev 1, mənzil 25-ə vərəsəlik hüququnun tanınması və həmin əmlak üzərində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, ev 1 ünvanında yerləşən 25 saylı mənzilin ½ hissəsinin mülkiyyətçisi onun mərhum atası X3muşdur. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi (keçmiş AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi) tərəfindən xx.xx.2016-cı il tarixli, 2534 nömrəli reyestr kitabının 235980 saylı vərəqəsində qeydiyyat aparılmışdır və həmin idarə tərəfindən atasına RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Atası xx.xx.2020-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra onun mülkiyyətində olan Bakı şəhəri, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 1 saylı evin 25 saylı mənzilinin ½ hissəsi miras qalmışdır. Mübahisəsi gedən mənzillə bağlı birinci dərəcəli vərəsələrdən babası X19 xx.xx.1996-cı ildə və nənəsi X13 xx.xx.2015-ci ildə vəfat etmişlər. Digər vərəsə xx.xx.1996-cı il təvəllüdlü X2. Rumyantseva Fainaya atası X4 atalığı müəyyən edilmişdir. Faina hazırda Rusiya Federasiyasının Volqaqrad vilayətində yaşayır və onun miras əmlakla bağlı heç bir tələbi yoxdur. Atası vəfat edən zaman o və onun anası xarici dövlətdə yaşamışlar. O özü əlildir və əlil arabası ilə hərəkət edir. Xəstəliyi ilə bağlı Covidə görə vaksinasiya edilməmişdir və bu səbəbdən də pandemiya müddətində Azərbaycan Respublikasına gəlmək üçün ona viza verilməsindən imtina edilmişdir. Bundan sui-istifadə edən əmisi X20 mənzilin sənədlərini ələ keçirmiş, miras əmlakın onun tərəfindən qəbulundan imtina edilməsi məqsədilə ona verməkdən imtina etmişdir. Yalnız Bakı şəhəri 10 saylı Notariat ofisinin təqdim etdiyi müvafiq sorğudan sonra əmisi X20 həmin sənədləri aidiyyəti üzrə təqdim etmişdir. O, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 10 saylı Notariat ofisinə müraciət etmiş, lakin Bakı şəhəri 10 saylı Notariat ofisi 275 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə bundan imtina etmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edərək mirasın qəbul edilmə müddətində müraciət edilməməsini göstərmişdir. Qeyd edildiyi kimi, pandemiya ilə əlaqədar vərəsəliyi qəbul etmək üçün o, Azərbaycana gələ bilməmişdir. Bundan istifadə edən əmisi İqor Rumyantsev miras əmlakla bağlı sənədləri əldə etmiş və ona verməkdən imtina etmişdir. Ona görə də o, mirasın qəbul edilməsi müddətini üzrlü səbəbdən buraxmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəmə iclasında iştirak etmək imkanı olmadığından işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Məhkəmə sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan müəyyən olunur ki, xx.xx.1971ci il təvəllüdlü X4 adına ünvan 1 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62.45 m2 olan mənzil üzərində X4 ½ hissədə payı xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydə alınmış və X14 ½ hissədə payı açıq saxlanılmışdır. Bakı şəhəri 10 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri 10 saylı Notariat Kontoru tərəfindən xx.xx.2014-cü ildə təsdiq edilən və reyestrdə 2V/1-95 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən, xx.xx.2015-ci ildə vəfat etmiş X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi bərabər payda 1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsi, ev 1, mənzil 25-də qeydiyyatda olan oğlu – X5 və 2. Rusiya Federasiyası vətəndaşı olan oğlu – X11. Şəhadətnamə verilən miras əmlak AR X16 İK-nin Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş 34oz saylı reyestr kitabının 5973-cü səhifəsində 30/5973 sayı ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə və AR ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Əİ-nin Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 06/80 saylı arayışa əsasən mərhumə X10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, 1 saylı binada yerləşən, ümumi sahəsi 61.81 m2 , o cümlədən yaşayış sahəsi 39 m2 olan 2 otaqlı 25 nömrəli mənzildən ibarətdir. Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 275 nömrəli notariat əməliyyatının aparılmasından imtina barədə qərardan müəyyən olunur ki, İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxıldığına görə notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Bakı şəhəri Suraxanı rayon Bülbülə qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş İV-JQ seriyalı, 459173 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 xx.xx.1996-cı il tarixdə 60 yaşında ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 725915 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.2015-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 161 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 195621 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 722 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 027391 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 və X22 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Rumyantsev, qadına Ələkbərova soyadı verilmişdir. Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) qeydiyyat şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş XXİ-JQ seriyalı, 322928 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı (atası X5, anası X22) xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər rayonu) rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 310 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş 19-JQ seriyalı, 481016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 (atası X5, anası X15) xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 1742 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Volqoqrad vilayətinin Voljski şəhərinin notariusu tərəfindən təsdiqlənmiş X12 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, X12 atası X4 ölümündən sonra qalmış mirası qanun üzrə qəbul etməmişdir və mirasın qəbulunda maraqlı deyildir. Habilitasiya və sağlamlıq mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xəstənin diaqnozu və əlil arabasına ehtiyacı haqqında arayışdan müəyyən olunur ki, İddiaçı G801 Spastik diplejik serebral iflic diaqnozu mövcuddur. Xəstə bütün köçürmələr üçün (transfer zamanı) əlil arabasına ehtiyac duyur və uzun səfərləri təkbaşına başa vurmaqda böyük çətinlik çəkir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 fevral 2021ci il tarixli qərarı
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Qeyd edilməlidir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X5 08 may 2020-ci il tarixdə ölmüşdür və ölümündən sonra onun birinci növbəli vərəsələri övladları İddiaçı və Rıbakova (Rumyantseva) Faina Aleksandrovna olmuşdur. Mərhum X5 vəfat etdikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, ev 1, 25 saylı mənzilin ½ hissəsi miras qalmışdır. İşin hallarından görünür ki, iddiaçı səhhəti ilə əlaqədar olaraq miras əmlakı həmin dövrdə qüvvədə olan mirası qəbul etmək üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul etməmişdir. Digər vərəsə Rıbakova (Rumyantseva) Faina Aleksandrovna 2023-cü ildə notariat qaydada tərtib edilmiş ərizə ilə mirasın qəbulunda maraqlı olmadığını qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmin ərizənin miras əmlakın qəbulundan imtina hesab edilməli olduğunu izahatında bildirsə də, məhkəmə bununla razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağrıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. X21 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İş materiallarında olan Rıbakova (Rumyantseva) Faina Aleksandrovnanın xx.xx.2023-cü ildə notariat qaydada tərtib edilmiş mirasın qəbulunda maraqlı olmadığına dair ərizəni məhkəmə qanunla müəyyən edilmiş mirasdan imtina müddətinin ötülürməsi əsası ilə mirasdan imtina hesab etmir. Belə ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Rıbakova Faina atasının vəfatından üç ildən artıq müddət keçdikdən sonra həmin ərizəni imzalamışdır. İş materialları ilə Rıbakova Fainanın məhz vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində imtina ilə bağlı iradə ifadəsini bildirməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, hər iki vərəsə miras əmlakdan imtina etməmişdir. Miras qoyanın birinci növbəli vərəsələrinin dairəsi müəyyən edildiyindən artıq ikinci araşdırılmalı olan məsələ miras kütləsinin həcminin müəyyən edilməsidir. İşin mübahisəsiz halıdır ki, mərhumun anası X13 xx.xx.2015-ci ildə vəfat etmişdır. X10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, 1 saylı binada yerləşən, ümumi sahəsi 61.81 m2 , o cümlədən yaşayış sahəsi 39 m2 olan 2 otaqlı 25 nömrəli mənzil vəsiyyətnamə üzrə bərabər paylarda X5 və X18 miras qalmışdır. Mərhum X5 vəsiyyətnamə ilə ona miras qalmış ümumi sahəsi 62.45 m2 olan mənzil üzərində ½ hissədə payını xx.xx.2016-cı il tarixdə qeydə aldırmış, X14 ½ hissədə payı açıq saxlanılmışdır. Beləliklə müəyyən olunmuşdur ki, mərhum X1 vərəsələrinə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, 1 saylı binada yerləşən, 25 nömrəli mənzilin ½ hissəsi miras qalmışdır. Məhkəmə miras qoyan X4 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, qanun üzrə birinci növbəli vərəsələr İddiaçı və X8 hər birinin miras əmlak üzərində vərəsəlik hüququ tanınmalıdır və həmin miras əmlak üzərində payları bərabər olmaqla müəyyən edilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə uyğun olaraq cavabdeh dövlət rüsumu ödəmək azad olduğu üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin ona məxsus ½ hissəsinə İddiaçı və X8 vərəsəlik hüququ tanınmalı və həmin əmlak üzərində payları bərabər olmaqla müəyyən edilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin ona məxsus ½ hissəsinə İddiaçı və X8 vərəsəlik hüququ tanınsın və həmin miras əmlak üzərində payları bərabər olmaqla müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva