Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-991/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat ofisi) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisi) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 ilə İddiaçı birgə nikahda olduqları müddətdə əldə etdikləri ünvan 1 ünvanında torpaq sahəsinin alqı-satqısı barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 4 saylı “Asan xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ №1222815 reyestr nömrəli müqavilənin etibarsız hesab edilərək həmin müqavilənin hüquqi nəticələrinin (çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın) ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikah dövründə atasının maddi dəstəyi və vəsaiti hesabına ünvan 1 ünvanında torpaq sahəsi almış və həmin torpaq sahəsini rəsmi nikahda olduğu Cavabdeh1 adına rəsmiləşdirmişdir. Son zamanlar cavabdeh mütəmadi ona müxtəlif psixoloji təzyiqlər göstərərək həmin torpaq sahəsinin satılmasına razılıq verməyini tələb etmiş, razılıq vermədiyi halda ona və valideynlərinə müxtəlif problemlər yaradacağını bildirmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, evi satan kimi aldığı pulun 50%-ni ona məxsus olduğu üçün ona verəcəkdir. O, həmin psixoloji təsir və təzyiq nəticəsində, habelə onun yalan vədlərinə inanaraq xx.xx.2023-cü ildə notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısına razılıq vermişdir. Lakin evə qayıtdıqdan sonra valideynlərinə bu məsələni, torpağın alqı-satqısına razılığı təzyiq altında verdiyini bildirmiş və qərara gəlmişdir ki, bununla bağlı məhkəməyə müraciət etsin. Onun birgə nikahda əldə edilmiş torpaq sahəsini satmaq niyyəti olmamışdır, həmin müqavilənin bağlanması üçün verdiyi razılıq onun iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir. İddia tələbinə etiraz İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi tamamilə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh1 rəsmi nikah münasibətlərindədirlər. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən torpaq sahəsini notariat ofisində bağlanmış alğı-satqı müqaviləsi əsasında iş üzrə digər Cavabdeh2 satmışdır. Daşınmaz əmlakın alğı-satqısı həyata keçirilən zaman İddiaçı da notariat ofisində olmuş, daşınmaz əmlakın satılmasına öz razılığını şifahi və rəsmi yazılı şəkildə bildirmişdir. İddiaçı notariusda olarkən heç bir narazılığını qeyd etməmiş, psixoloji təsir və ya təzyiq barədə məlumat bildirməmişdir. Belə ki, Cavabdeh2 onun bu cür narazılığının olduğunu görsə idi həmin əmlakı almaqdan imtina edərdi. Cavabdeh2 vicdanlı alıcı olaraq həmin əmlakı qanunvericiliyin tələblərinə uyğun olaraq almış və onların arasında olan xx.xx.2023-cü il tarixli AN-İ №1222815 nömrəli alğı-satqı müqaviləsi 4 saylı “Asan xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı sonradan fikrini dəyişmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Hazırki işdə iddiaçı ona psixoloji təsir və təzyiq olduğunu bildirsə də, buna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı ona psixoloji təsir olunduğunu yalnız sözlə bildirir ki, Cavabdeh2 isə həm sözlə, həm iddiaçının notariusda çəkilmiş şəkli, həm də onun tərəfindən notariusda verilmiş rəsmi yazılı razılığı ilə bunun tamam əksini bildirir. İddiaçı daşınmaz əmlak satılan zaman əmlakın satılmasına razı olmuş və heç bir narazılığı olmamışdır. İddiaçının sonradan fikrini dəyişməsi və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadədir. Belə ki, iddiaçı daşınmaz əmlak satılarkən həmin satılmaya öz qanuni razılığını bildirsə də, sonradan bu haqda fikrini dəyişmiş və əqdin etibarsız sayılması üçün heç bir əsas olmadığına baxmayaraq bu tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 oğli xx.xx.2014-cü il tarixdən rəsmi nikaha girmişlər. Birgə nikahdan iki azyaşlı övladları dünyaya gəlmişdir və hazırda iddiaçı ilə cavabdeh nikahda olmaqla birgə yaşayıb, birgə təsərrüfat idarə edirlər. İddiaçının guya aldatma və hədə-qorxu nəticəsində Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satılmasına razılıq verməsi yalandır. Belə ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsini əvvəllər tanımadığı və heç bir qohumluq əlaqəsinin olmadığı Cavabdeh2 notarial qaydada təsdiq edilmiş yazılı alqı-satqı müqaviləsi vasitəsi ilə satmışdır. Cavabdeh1 hazırki iddia ərizəsi üzrə İddiaçı ilə rəsmi nikahda olduğuna görə alqı-satqı müqaviləsini rəsmiləşdirilməsi və notarial qaydada təsdiq edilməsi üçün İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ilə birlikdə alqı-satqının həyata keçirildiyi 4 saylı “Asan xidmət” mərkəzinə gedərək notariusun iştirakı ilə torpaq sahəsinin satılmasına etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra alqı-satqı baş tutmuş və 4 saylı “Asan xidmət” mərkəzində fəaliyyət göstərən özəl notarius Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmişdir. Odur ki, məhkəmədən göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümanyəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 evi satarkən qızına hədə ilə qol çəkdirmişdir. Qızına qol çəkdirərək evi satıqdan sonra isə əldə etdiyi pulları alaraq getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iş yükünün həddindən artıq çox olması ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və qüvvədə olan qanunvericilik aktlarının tələblərini rəhbər tutaraq İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, onlar alğı-satqı müqaviləsini rəsmiləşdirmək üçün notariusa gedərkən iddiaçı da gəlmiş və özü qol çəkmişdir. O, Azəri əvvəlcədən tanımamışdır və orada məhz 1-ci dəfə görmüşdür. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı sözügedən müqavilənin bağlanması üzrə ərizəni öz razılığı ilə imzalamışdır. Bu artıq tamamən mübahisəsiz haldır. İddia ərizəsində qeyd edilən tələb tamamilə əsassızdır və əqdin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin münayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 verilmiş **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququ (xüsusi mülkiyyət) Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən müqavilədə qeyd edilən hissəni (tam hissə, 0.02 ha) alıcı Cavabdeh2 mülkiyyətinə verir, satıcı daşınmaz əmlakı 20.000 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır. Satılan daşınmaz əmlak hüquqmüəyyənedici sənədə (ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 verilmiş **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış) əsasən satıcıya məxsusdur. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********GK30401 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş **********734 nömrəli ərizədən müəyyən olunur ki, o, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satılmasına etiraz etmir və eyni zamanda bəyan edir ki, ər (arvad) arasında əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. xx.xx.2023-cü il tarixli, 19391 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respbulikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respbulikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Notariusun vəzifələri. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
42. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır.
Məhkəmənin mövqeyi Məhkəmə məhkəmə iclaslarında iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdirlər. Tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olan torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilərək həmin əmlaka dair çıxarış verilmişdir. Qeyd edilən əmlak xx.xx.2023-cü il tarixdə iddiaçının yazılı razılığı ilə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikahda əldə edilmiş torpaq sahəsini satmaq niyyəti olmamışdır, həmin müqavilənin bağlanması üçün verdiyi razılıq onun iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir. Cavabdeh tərəflərin isə etirazı ondan ibarətdir ki, müqaviləni qanunun tələblərinə riayət edilməklə bağlanılmış, iddiaçı öz iradəsi ilə razılıq vermişdir. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. O da qeyd edilməlidir ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-37-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-32.2.2-ci maddələrinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) - ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Mülki və ailə qanunvericiliyinin tələblərinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı öz iradəsi ilə notariat orqanına yazılı razılıq ərizəsi verməklə mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasına yazılı razılığını bildirmiş və əri Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satılmasına etiraz etmədiyini ərizəsində ifadə etmişdir. Məhkəmə 24 dekabr 2023-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən hüquqi qiymət verərək hesab edir ki, həmin müqavilə yazılı formada bağlanmaqla notarial qaydada təsdiq olunmuş, yəni müqavilənin formasına riayət edilmiş, müqavilədə tərəflər, tərəflər barədə məlumatlar, müqavilənin predmeti, şərtləri və əsasları göstərilmiş, tərəflərə hüquq və vəzifələri, eyni zamanda müqavilə bağlanmasının hüquqi nəticələri izah edilmiş, tərəflər şəxsən alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmiş və həmin müqaviləyə imza etmiş, müqavilə notarius tərəfindən təsdiq edilmiş və dövlət reyestrinə daxil edilmiş və müvafiq qaydada dövlət rüsumu ödənilmişdir. Müqavilənin tamlığına xələl gətirən hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, göründüyü kimi, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidirlər. Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olur. İddiaçı iddia ərizəsində cavabdehin psixoloji təsir və təzyiq nəticəsində, habelə onun yalan vədlərinə inanaraq xx.xx.2023-cü ildə notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısına razılıq verdiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi isə izahatında razılığın iddiaçı tərəfindən iradəsinə uyğun olaraq verildiyini bildirmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı iddia ərizəsinə iddia tələbinin əsaslandırıldığı halları- sözügedən müqavilənin bağlanması zamanı ona edilən psixoloji təsir və təzyiqlərin,alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsaslarının nədən ibarət olması təsdiq edən edən hər hansı mötəbər sübut əlavə etməmiş və məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları və bununla da iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onun üzərinə düşür. Qeyd olunanlar da hazırki iddianın əsassız olmasını göstərir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Cavabdeh1 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi həm mülki qanunvericiliyin, həm də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə riayət olunmaqla bağlanması təsdiq edilmişdir. Bununla da qeyd olunan müqavilənin ləğv və ya etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan hallar mövcud deyildir. Məhkəmə iddia tələbinin həmin müqavilənin hüquqi nəticələrinin (çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın) ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilmədiyindən iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilə bilməz.
Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cü maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, Cavabdeh1 ilə İddiaçı birgə nikahda olduqları müddətdə əldə etdikləri ünvan 1 ünvanında torpaq sahəsinin alqı-satqısı barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 4 saylı “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023cü il tarixli, AN-İ №1222815 reyestr nömrəli müqavilənin etibarsız hesab edilərək həmin müqavilənin hüquqi nəticələrinin (çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın) ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
Cavabdeh1 ilə İddiaçı birgə nikahda olduqları müddətdə əldə etdikləri ünvan 1 ünvanında torpaq sahəsinin alqı-satqısı barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 4 saylı “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023cü il tarixli, AN-İ №1222815 reyestr nömrəli müqavilənin etibarsız hesab edilərək həmin müqavilənin hüquqi nəticələrinin (çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın) ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva