Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-992/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına verilmiş qaza dair Cavabdeh tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt’ın və 30 aprel 2023-cü il tarixli “Dəymiş ziyanı bərpasına dair tələbnamə”nin qanunsuz hesab edilməsi və ona hesablanmış 1555 (min beş yüz əlli beş) manat debitor borcun **********00090 saylı abonent kod hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, hesablanmış 1555 (min beş yüz əlli beş) manat debitor borcun **********00090 saylı abonent kod hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
4. ünvan 1 ünvanına çəkilmiş qaz xəttinə görə **********00090 saylı abonent kodu onun adına açılmışdır. O, həmin evdə uzun illər qazdan istifadə etmiş və qazdan heç bir zaman qanunsuz istifadə etməmişdir. 16 yanvar 2023-cü il tarixdə Cavabdeh əməkdaşları ünvana gələrək sayğacı Smart kart tipli sayğacla əvəz etmiş, əsas kimi isə onun qaza görə 300 manat debitor borcunun yaranması göstərilmişdir. Onun üçün yeni sayğac quraşdırılan andan o, qazdan istifadə edir, pulu smart karta yükləyir və yüklənmiş məbləğə uyğun qaz istifadə etmişdir. Bu yaxınlarda isə o, qazın dəyərini ödəyən zaman pulun yarısının borca tutulmasını görmüşdür. Bununla maraqlanmaq üçün Cavabdehnə getmiş və orada bunun səbəbini öyrənmək istədikdə, oradan ona 30 aprel 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməni təqdim edərək, həmin tələbnaməyə əsasən ona 12 960 kub.m qazdan qanunsuz istifadə etdiyini və bunun üçün də ona 1555 manat məbləğində debitor borcun hesablandığı bildirmişdirlər. Bunun əsası kimi isə 29 aprel 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktı ona təqdim etmişlər. Həmin aktdan görünür ki, Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qeyd edir ki, həmin sayğacı evdən çıxarıb aparan zaman, yəni 16 yanvar 2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və həmin aktda sayğacın əvəzləşdirilməsinin səbəbi kimi 300 manat debitor borcun yaranması göstərilmişdir. Belə ki, həmin zamanlar kim sayğacla olan borcunu ödəmirdi, onun üçün smart kart tipli sayğac quraşdırılır, bununla da həmin şəxsin borcunun ödənilməsi təmin edilirdi. 16 yanvar 2023cü il tarixdə onun üçün də yeni sayğac o məqsədlə qurşadırılmışdır. Göründüyü kimi əgər həmin sayğac çıxarılan zaman üstündə zədələnmə halı aşkar edilsəydi, bu hal həmin aktda öz əksini tapardı. Lakin onun əvvəlki sayğacı mexaniki olduğuna və həmin sayğacla onun debitor borcu yarandığına görə onun üçün smartkart tipli sayğac qoyulmuş və o, sonradan həmin boru tam ödəmişdir. Cavabdehin əsasına görə isə guya o, qeyd edilən sayğaca müdaxilə etmiş, onun qoruyucu şüşəsini gövdədən aralamışdır. Sayğac aparılan zaman belə bir hal aşkar edilməmişdirsə, artıq bu o deməkdir ki, həmin sayğacın korlanmasında cavabdehin əməkdaşlarının təqsiri vardır.
Tərəflərin izahatları.
5. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
İş materialları.
7. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, sifarişçi (istehlakçı) İddiaçı ünvanında növbədənkənar dövlət yoxlaması ilə əlaqədar Zenner tipli, G-4 markalı, **********4 nömrəli sayğac çıxarılmış və G-4 markalı, Zenner tipli, **********160 nömrəli sayğac quraşdırılmışdır.
8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə aparılmış dövlət yoxlamasına əsasən, **********4 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə ayrılıb. Sayğac istismara yararsızdır.
9. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 2 ünvanında qaz sayğacının zədələnməsi nəticəsində 12960 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.
10. Abonent saldosundan görünür ki, İddiaçı tərəfindən 2022-2023-cü illər daxil olmaqla istehlak olunan qazla bağlı müəyyən ödənişlər olunmuşdur. Qalıq və aktlar üzrə 2023-cü il üçün 1555.20 manat borc qeyd edilmişdir.
İşin faktiki halları.
11. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Dəyişdirilmənin səbəbi sayğacın növbədənkənar dövlət yoxlanışına göndərilməsi olmuşdur. Cavabdeh tərəf iddiaçının onun ünvanında quraşdırılmış sayğaca müdaxilə etdiyini əsas gətirərək, qeyd olunan miqdarda cərimə borcu hesablamışdır. İddiaçı tərəfin öz tələbinin əsaslandırması isə ondan ibarətdir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Cavabdeh tərəf isə etiraz edərək, iddia tələbinin əsassız olduğunu bildirir.
Tətbiq edilən hüquq.
12. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.
4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
13. AR Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
14. AR Mülki Prosessual Məcəlləsi.
Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət
36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
16. Hazırkı işdə sayğacda xətaların olmasının məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 1555 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda cavabdehin iddia tələbinə etirazını əsaslı hesab etmir. Ona görə ki, sayğacda aşkar edilən qüsurun istehlakçı (iddiaçı) tərəfindən müdaxilə nəticəsində yaranması halı sübut edilmir. Belə olduğu halda, dəymiş zərər də iddiaçıya aid edilə bilməz.
Məhkəmə xərcləri.
17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
18. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
19. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "AZƏRİQAZ" İB tərəfindən İddiaçı hesabına əsassız olaraq hesablanmış 1555 manat borc silinməli və iş üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
21. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh "Azəriqaz" İB tərəfindən iddiaçı İbrahı̇ mov Rası̇ m Almaz oğlunun **********00090 saylı abonent hesabına əsassız olaraq hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat debitor borc silinsin. İş üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu cavabdeh "Azəriqaz" İB-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.