Məhkəmə qərarları › İş №2(011)-10011/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-10011/2024

18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-10011/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Ərizəçi 7 saylı “Bakı” ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş ad, soyad və ata adı qrafasında X1 aid xx.xx.1988-ci il tarixli, 490 saylı doğum haqqında akt qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı məhkəməyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etsə də, onun tələbi faktın müəyyən edilməsi ilə bağlı deyil. Belə ki, fakt həqiqətən baş vermiş hadisə, reallıqda mövcud olan hal deməkdir. Hüquqi əhəmiyyətli fakt isə yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Hüquqi faktlarla qanun fiziki və hüquqi şəxslərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hazırkı tələbi təhlil edərək məhkəmə müəyyən edir ki, X1 aid xx.xx.1988-ci il tarixli, 490 saylı doğum haqqında akt qeydinin Ərizəçi məxsus olması hüquqi anlamda fakt deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin siyahısı göstərilmişdir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göründüyü kimi, Ərizəçi tələbi X1 aid xx.xx.1988-ci il tarixli, 490 saylı doğum haqqında akt qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsidir. Akt qeydi isə özü-özlüyündə hüquqmüəyyənedici sənəd olmadığından, akt qeydinin şəxsə məxsus olması faktının müəyyən edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi X1 aid xx.xx.1988-ci il tarixli, 490 saylı doğum haqqında akt qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbulundan imtina edilməli və ərizəçiyə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmçinin məhkəmə hesab edir ki, ərizəçinin 7 saylı “Bakı” ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan imtina edildiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Ərizəçi 7 saylı “Bakı” ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə (qəbzin nömrəsi- **********; FİN: xxxxxxx ) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar