Məhkəmə qərarları › İş №2(011)-1003/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1003/2024

23.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1003/2024 23.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və mühafizə zonasından çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ:

1. İddiaçı Heydər Əliyev adına X7 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və mühafizə zonasından çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddia ərizəsində qeyd edilən işin halları:

2. Cavabdeh Heydər Əliyev adına X6 məxsus Dş-400mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 47 metrliyində torpaq zəbt etməklə ünvan 1 ünvanında özbaşına qırmızı kərpicdən 8x6x3 metr ölçüdə bir mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Bundan başqa həmin Dş-400mm neft boru kəmərinə paralel zavoda məxsus Dş 250mm neft boru kəməri keçir.

3. İddiaçıya məxsus neft boru kəmərinin “Mühafizə zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükəlidir. Obyektlərin effektli şəkildə mühafizəsinə bu tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq mühafizə zonasının mövcudluğu olduqca zəruridir.

İddiaçının tələbi:

4. ünvan 1 ünvanında Cavabdeh tərəfindən qırmızı kərpicdən 8x6x3 ölçülərində inşa edilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə zonası”ndan çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin iddiaya münasibəti:

5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz və yaxud sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, cavabdeh tərəfindən ünvan 2 ünvanında qırmızı kərpicdən qanunsuz şəkildə özbaşına tikili inşa edilmişdir. Bu tikili iddiaçı Heydər Əliyev adına X6 məxsus boru kəmərlərinin ərazisində, Mühafizə zonasında yerləşir. Mülki iş üzrə təyin edilmiş ekspertiza rəyi də bunu təsdiq edir ki, cavabdeh tərəfindən inşa edilən tikili mühafizə zonasına düşür. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. xx.xx.2024-cü il tarixdə Cavabdeh qeyd etmişdir ki, 5 ildən artıqdır ki, zavodda işləyir. Heydər Əliyev adına X7nda əvvəllər xadimə kimi daha sonra imtahan verərək - əmtəə operatoru vəzifəsinə qəbul olunmuşdur. Özü də tikinti zamanı məlumatlı olmuşdur ki, tikili mühafizə zonasında yerləşməkdədir. Artıq 9 ildir ki, tək ailə başçısıdır. O, tikilini yalnız maddi imkanı zəif olduğundan, imkansızlıqdan tikmişdir. Bilmişdir ki, bununla bağlı müraciət etsə belə istədiyi nəticəni əldə etməyəcəkdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh öz izahatında qeyd etmişdir ki, ekspert rəyi ilə razıdır.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. AR Nazirlər Kabineti “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənlşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 167 №li 02 noyabr 2004-cü il tarixli Qərar.

9. Heydər Əliyev adına X5 Nizamnaməsi.

10. Arayışa əsasən Aşağıda adları göstərilən neft boru kəmərləri Heydər Əliyev adına X5 balansındadır: 1. İnventar №-si 3000084, Dş-250 mm- 2 ədəd, Dş-300mm- 1 ədəd; 2. İnventar №-si 3001425, Dş-250mm; 3. İnventar №-si 3001253, Dş-400mm və Dş-300mm neft boru kəmərləri.

11. xx.xx.2023-cü il tarixli arayışa əsasən Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-400 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 47 metrliyində tikinti işləri aparılan əraziyə ünvan 3 ünvanına baxış keçirilən vaxt vətəndaş Cavabdeh tərəfindən 8x6x3 ölçüdə fərdi yaşayış evi faktı aşkar edilmişdir. Həmin Dş neft boru kəmərinə paralel Dş-300mm neft boru kəmərləri keçir.

12. xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.2023-cü il tarixdə saat 12:05-də 18 saylı (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə ( saat 08:00-dan 20:00-a kimi) müşahidə) postun ərazisində ünvan 4 ünvanında yerləşən, NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin yaxınlığında özünü tikintinin sahibi Cavabdeh kimi təqdim edən şəxs tərəfindən qırmızı kərpicdən istifadə etməklə tikilməkdə olan təqribi 8x6 metr ölçüdə və 3 metr hündürlükdə olan natamam ev tikintisi işlərinin aparılması aşkar edilmişdir. Tikinti sahbi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşmə ehtimalını nəzərə alaraq ölçü işləri aparılanadək dayandırılması bildirilmişdir. Sözügedən tikintinin mühafizə ərazisinə düşmə ehtimalını nəzərə alaraq ölçü işlərinin həyata keçirilməsi barədə NEZ-in və Tİ-nin rəhbərliyinə outlook vasitəsilə sorğu göndərilmişdir. Bu barədə NEZ-in MP-nin şəxsi heyət üzrə rəis köməkçisi Əli Yaqubova məlumat verilmiş, o da öz növbəsində qeyd olunan faktla bağlı məlumatlı olduğunu və müvafiq sənədləşdirmə aparılaraq ərazini nəzərdə saxlayacağını bildirmişdir. Faktla bağlı Tİ XTŞ-nin növbə rəisinə və NEZ-in (SDM-in) məsul şəxsinə məlumat verilmişdir.

13. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-16-16/2-10/1618 nömrəli ekspert rəyinə əsasən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində olan metal hasarın “Heydər Əliyev adına X7”nun istismarında olan neft kəmərindən 37.0 metr aralı məsafədə, evdən isə 40.38 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin metal hasar tikilisi və evin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir.

14. Fotoşəkillər.

15. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

20. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

21. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarı.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

24. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.2023-cü il tarixdə saat 12:05-də 18 saylı (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə ( saat 08:00-dan 20:00-a kimi) müşahidə) postun ərazisində ünvan 4 ünvanında yerləşən, NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin yaxınlığında özünü tikintinin sahibi Cavabdeh kimi təqdim edən şəxs tərəfindən qırmızı kərpicdən istifadə etməklə tikilməkdə olan təqribi 8x6 metr ölçüdə və 3 metr hündürlükdə olan natamam ev tikintisi işlərinin aparılması aşkar edilmişdir. (§12)

25. Həmçinin, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1618 nömrəli ekspert rəyinə əsasən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində olan metal hasarın “Heydər Əliyev adına X7”nun istismarında olan neft kəmərindən 37.0 metr aralı məsafədə, evdən isə 40.38 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin metal hasar tikilisi və evin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. (§13)

26. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan neft boru kəmərlərinin mühafizə zolağında inşa etdiyi fərdi evdə yaşayır. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4.1-ci bəndinə görə iracx neft boru kəmərlərinin (İNBK) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

28. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan qadağandır.

29. İşin qeyd edilən faktiki hallarına və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qırmızı kərpicdən 8x6x3 ölçülərində inşa edilmiş tikili hər hansı icazə və qanuni əsas olmadan inşa edildiyindən, həmin tikili cavabdehin öz hesabına sökülərək neft kəmərinin mühafizə zonasından çıxarılmalıdır.

Məhkəmə xərcləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia verilərkən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələb olmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

31. İddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. ünvan 1 ünvanında qırmızı kərpicdən 8x6x3 ölçülərində inşa edilmiş tikili özbaşına (qanunsuz) tikili hesab edilməklə Cavabdeh hesabına sökülsün və "Mühafizə zonası"ndan çıxarılsın.

3. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar