Məhkəmə qərarları › İş №2(011)-1013/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1013/2023

10.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1013/2023 10.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 4.974,32 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 17 may 2022-ci il tarixdə iddiaçının istifadəsində olmuş smart tipli qaz sayğacı çıxarılaraq yeni mexanika tipli sayğac quraşdırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra sahəyə baxan nəzarətçi tərəfindən iddiaçıya borc haqqında bildiriş təqdim olunmuşdur. Həmin bildirişdə təbii qazdan istifadəyə görə 4.869,20 manat borcun olması qeyd edilmişdir. İddiaçı bununla bağlı müraciət etdikdə cavabdeh təşkilat tərəfindən 18 noyabr 1988-ci il tarixdə vəfat etmiş nənəsi X1 adına 2017-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddətdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” saxta aktlar tərtib edilmiş və ümumi məbləğdə 4.974,32 manat cərimə hesablanmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, iddia ərizəsi onun tərəfindən tərtib olunmamışdır. İddia ərizəsinin tərtibində yanlışlığa yol verilmişdir. Belə ki, ev təmirsiz və istifadəyə yararsız olduğundan orada uzun müddət yaşayış olmamışdır. Yaşayış olmayan evdə qazdan qanunsuz istifadə olunması ilə bağlı aktların əsassız hesab edilməsini və cərimə borcunun silinməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh İBnin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə Cavabdeh İB-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, **********00000 saylı abonent saldosu iddiaçının mərhum nənəsi Bərigül Əzizovanın adına olmuş, o, 18 noyabr 1988-ci ildə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2017-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər cəmi 4.974,32 manat borcu yaranmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: 28 mart 2023-cü il tarixdə məhkəmə tərəfindən iddiaçıya məxsus evə yerli baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh İB tərəfindən təqdim edilmiş fotoşəkillərdə əks olunan evin baxış keçirilən evlə eyni olduğu aşkar edilmişdir. Fotoşəkillərdə kənar xətt kimi qeyd olunan plastik borunun baxış zamanı elektrik xətti ötürücüsü olduğu aşkar olunmuşdur. Belə ki, borunun içərisindən elektrik naqillərinin keçdiyi müəyyən edilmişdir. Odur ki, Cavabdeh İB tərəfindən aktın yazılmasına əsas olan xəttin qazdan sayğacdan kənar istifadə xətti olmadığı müəyyən olunmuşdur. Cavabdeh İB tərəfindən 2017-ci il tarixdən başlayaraq iddiaçıya sayğacdan kənar xəttin istifadə edilməsinə görə aktların yazıldığı iş materialları ilə təsdiq olunur. İş materiallarında mövcud olan fotoşəklin sonuncu aktın yazılması zamanı çəkildiyinə istinad olunur. Ondan öncəki dövrlərdə həqiqətən də kənar xəttin mövcud olmasına dair Cavabdeh İB tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, yerli baxış zamanı istinad olunan ünvanda yerləşən evin təmirsiz və istifadəyə yararsız vəziyyətdə olduğu aşkarlanmışdır. Yerli baxış zamanı evin son 3-4 ildir ki, həmin vəziyyətdə olması müəyyən edilmişdir. Odur ki, təmirsiz və istifadəyə yararsız olan evdə qazdan sayğacdan kənar istifadə halının olması ağlabatan deyil. İstinad olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının ünvanına yazılmış aktlar əsassız sayılaraq bu aktlar əsasında yazılmış cərimə borcları da iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4.974,32 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 4.974,32 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair **********00000 saylı abunə koduna hesablanmış 4.974,32 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, Cavabdeh İB-dən 69.74 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair **********00000 saylı abunə koduna hesablanmış 4.974,32 (dörd min doqquz yüz yetmiş dörd manat otuz iki qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 69.74 (altmış doqquz manat yetmiş dörd qəpik) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar