Məhkəmə qərarları › İş №2(011)-1015/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1015/2023

22.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1015/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh İB-nə qarşı “qaz sərfiyyatının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər iddiaçının qaz sərfiyyatının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsini iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, iddia ərizəsi Maarif Ağayev tərəfindən imzalanmış, lakin onun iddiaçının adından iddia ərizəsini imzalamaq səlahiyyəti olmamış, xx.xx.2022-ci ildə notarial qaydada verilmiş etibarnamə İddiaçı MMMC-nin qanuni təmsilçisi X1 adından, onun müxtəlif dövlət orqanlarında təmsil edilməsi, habelə digər hərəkətlərin edilməsi ilə bağlı verilmişdir. Mülki iş icraata götürülərək baxıldığı müddətdə Maarif Ağayevə çatışmazlığın aradan qaldırılması təklif edilmiş, o, İddiaçı MMMC-nin sədri X2 əvəz etdiyini bildirsə də, onu əvəzetməsini təsdiq edən əmri məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra, İddiaçı MMMC-nin adından etibarnamənin qanunla müəyyən edilmiş qaydada tərtib edilməklə verilməsi təklif edilmiş (hətta bununla bağlı nümayəndəyə etibarnamə nümunəsi təqdim edilmişdir ki, həmin formaya uyğun iddiaçının adından etibarnamə tərtib edilərək məhkəməyə təqdim edilsin), bundan sonra xx.xx.2023-cü il tarixdə Maarif Ağayev tərəfindən məhkəməyə etibarnamə (arayış) təqdim edilsə də, həmin etibarnamə-arayışda yalnız iddiaçının adından məhkəmədə çıxış etmək səlahiyyəti Maarif Ağayevə verilmiş, digər səlahiyyətlər isə yenə də iddiaçının qanuni təmsilçisi X1 adından Maarif Ağayevə verilmişdir. Beləliklə, iddiaçının nümayəndəsinə səlahiyyəti ilə bağlı çatışmazlıqların aradan qaldırılması dəfələrlə təklif edilsə də, bu çatışmazlıq aradan qaldırılmamışdir. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş 36,60 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMMC-nin Cavabdeh İB-nə qarşı “qaz sərfiyyatının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon Məhkəməsinə ödənilmiş 36,60 manat məbləğində dövlət rüsumu İddiaçı MMMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar