Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-10181/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsinə” dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, ******* nömrəli akta əsasən ona hesablanmış hesablanmış 777,60 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər rayon Məhkəməsinin 2(061)-1510/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsinə” dair iddia ərizəsi üzrə 2(061)-1510/2024 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Məhkəmə hazırlıq iclasında araşdırılan iddia ərizəsindən, iddiaçının nümayəndəsi X2 verdiyi məlumatdan və məhkəməyə təqdim etdiyi yaşayış yeri barədə arayışdan iddiaçının 2002-ci ildən Şəmkir rayonu, Kür qəsəbəsi, R.Əliyev küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. Göründüyü kimi iddia ərizəsi nə cavabdehin olduğu yer üzrə, nə də ki, istehlakçının yaşayış yeri üzrə verilməmişdir. Həmçinin tərəflər arasında qazdan istifadəyə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən yazılı müqavilə bağlanmadığından iddia ərizəsinin müqavilənin bağlandığı və ya icra olunduğu yer kimi qəbulu mümkün deyildir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, Tərtər rayon Məhkəməsinin 2(061)-1510/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı aidiyyətlə bağlı məsələdə məhkəmələr arasında fikir ayrılığına səbəb olduğundan məsələnin həlli məqsədilə mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcun silinməsinin tələb edildiyi ünvan Tərtər rayonu, Alışarlı kəndində yerləşir və Cavabdeh İB tərəfindən qazın paylanması (satılması) xidməti məhz həmin ünvanda yerləşən evə göstərilməklə müqavilənin icra yeri ora olmuşdur. Məhkəmənin, “tərəflər arasında qazdan istifadəyə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən yazılı müqavilə bağlanmadığından iddia ərizəsinin müqavilənin bağlandığı və ya icra olunduğu yer kimi qəbulunun mümkün olmaması” barədə mövqeyi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan aktdan da göründüyü kimi istehlakçıya hesablanmış borc məbləği sayğaca müdaxilə edilməsi əsası ilə tərtib edilmişdir ki, bu da tərəflər (Cavabdeh İB və X3) arasında müqavilə münasibətləri olduğunu, müqavilənin icra yerinin, yəni qazın paylandığı (satıldığı) yerin də Tərtər rayonu olduğu barədə qənaətə gəlməyə əsas verir. Göründüyü kimi iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə məhkəmə tərəfindən icraata qəbul edilmiş, məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməsi barədə qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadığı halda, cavabdehin olduğu ünvanının Xətai rayonu ərazisi olması əsası ilə mülki iş baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Mülki Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən, məhkəmə işi əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa, iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa, hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş, ərazi aidiyyəti üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-10181/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-10181/2024
25.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver