Məhkəmə qərarları › İş №2(011)-1020/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1020/2025

10.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1020/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı sərəncamında soyadının “Gəncmalıyev” kimi oxunmasını və həmin sənədin ona – Ərizəçi aid olması faktının məhkəmə qaydasında müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1974-cü ildə anadan olmuşdur. Hal-hazırda Xətai rayonu ərazisində qeydiyyatdadır və yaşayır. xx.xx.2021-ci ildə sonuncu dəfə “Asan” 6 tərəfindən AA № ******* saylı, FİN kodu xxxxxxx olan şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Ləhic ərazisindəki 4251 №-li bağın ona ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı sərəncamında adı və ata adı düzgün göstərilsə də, soyadı səhvən “Gəncmalıyev” əvəzinə “Gəncəliyev” kimi qeyd edilmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi arasında bağlanılmış “Ləhic ərazisindəki 4251 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2001-ci il tarixli 12561 saylı müqavilədə isə soyadı düzgün olaraq “Gəncmalıyev” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Belə ki, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-26447/2023 **********47 saylı məktubla cavab verilmişdir ki, bağın icarəyə verilməsinə dair 12561 saylı, xx.xx.2001-ci il tarixli müqavilənin əsli təqdim edilməmiş və bu barədə idarənin arxivində məlumat aşkar edilməmişdir, həmçinin təqdim edilən sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, arxiv arayışında hüquq sahibinin soyadı “Gəncəliyev”, şəxsiyyəti təsdiq edən sənəd və icarə müqaviləsində isə “Gəncmalıyev” qeyd olunmuşdur. Müvafiq müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3-52/2-4010/2024 saylı məktubu ilə cavab verilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təsdiq edilmiş siyahıda soyad, ad və ata adları həmin dövrdə təqdim edilmiş sənədlər əsasında aparıldığından, sözügedən sənədlərə dair təsdiqedici əsaslar təqdim edildiyi təqdirdə müraciətə yenidən baxıla bilər. Hesab edir ki, bu cavabla sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə təsdiqedici əsaslar sayılan şəxsiyyət vəsiqəsini əlavə edilmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahatlar vermiş və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə verilmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivinin icarəyə verilməsinə dair 12561 saylı xx.xx.2001-ci il tarixli müqavilənin əsli təqdim edilməmiş və bu barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, arxiv arayışında hüquq sahibinin soyadı ‘Gəncəliyev” şəxsiyyəti təsdiq edən sənəd və icarə müqaviləsində isə “Gəncmalıyev” qeyd olunmuşdur. Bunlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 4251 nömrəli bağın istifadəyə verilməsinə dair 42561 saylı xx.xx.2005-ci il tarixli müqaviləsinin surətindən görünür ki, “Birlik” tərəfindən Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 4251 nömrəli bağı Ərizəçi istifadəsinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli arxiv arayışının surətindən görünür ki, “bağ sahələrinin ayrılması, ada keçirməsi, bölünməsi haqda” Bakı şəhəri İcra Hakimiyyəti Başçısı xx.xx.1993-cü il tarixli 1609 nömrəli sərəncamından çıxarışa əsasən Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Ləhic ərazisindəki 4251 nömrəli bağ X3 adına keçirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, “bağ sahələrinin ayrılması, ada keçirməsi, bölünməsi haqda” Bakı şəhəri İcra Hakimiyyəti Başçısı xx.xx.1993-cü il tarixli 1609 nömrəli sərəncamından çıxarışa əsasən Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Ləhic ərazisindəki 4251 nömrəli bağ X3 adına keçirilməlidir. Beləliklə, iş materialları müəyyən edilmişdir ki, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Ləhic ərazisindəki 4251 nömrəli bağ sahəsi Ərizəçi ayrılmışdır. Bu Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cu il tarixli, 1609 saylı sərəncamına əsasən rəsmiləşdirilmişdir. Həmin sərəncamda ərizəçinin soyadı “Gəncmalıyev” əvəzinə “Gəncəliyev” kimi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən ərizəçi bu ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə qeyd edilən hissədə təmin edilərək, Sabunçu rayonu, Ləhiş ərazisində 4251 nömrəli bağın verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1609 saylı sərəncamından çıxarışın Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçinin müvafiq sərəncamdakı soyadının oxunması qaydası barədə göstərişə dair tələblər təmin edilməməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndinə görə eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Ləhic ərazisindəki 4251 nömrəli bağın X3 adına keçirilməsi barədə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1609 saylı “bağ sahələrinin ayrılması, ada keçirməsi, bölünməsi haqda” sərəncamından çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar