Məhkəmə qərarları › İş №2(011)-1021/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1021/2022

11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1021/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi və tutulmuş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi və tutulmuş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o Cavabdeh Bakı X6 Departamentində qeydiyyatda olmaqla təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir. Onun istifadəsində olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı ELSTER tipli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021- ci il tarixində Cavabdeh nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr ara məsafədə həyətdə quraşdırılmış Smart G4 markalı ELSTER tipli **********00000 nömrəli qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz edib “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Daha sonra çıxarılmış Smart G4 markalı ELESTR tipli **********00000 nömrəli qaz sayğacı dövlət yoxlamasına (laboratoriyaya) göndərilmiş, dövlət yoxlaması barədə heç bir rəy verilməmişdir. ******* nömrəli akt əsasında hesabatda 10952 m3 qaz itkisinin yaranması səbəbindən abonent hesabına 900 manat məbləğində borc qeyd edilmişdir. Qəbul olunmuş laboratoriya rəyinə münasibətdə bildirmək istəyir ki, qaz sayğacının dövlət yoxlamasında onun iştirakı təmin olunmamış, eləcə də qaz qaz sayğacında aşkar olunmuş xətalarda onun heç bir təqsiri olmamışdır. Belə ki, ona məxsus evdən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta SOCAR işçisinin də müdaxilə etməsi mümkündür. Həmçinin, qaz sayğacının dövlət yoxlaması zamanı onda müəyyən olunmuş qüsur və xətaların SOCAR işçiləri tərəfindən də törədilmiş olması mümkün ola bilərdi. O, tərtib edilmiş abonentin saldosunda 2010-2021-ci illərdə qeyd olunan göstəricilərə nəzər salınsa ünvan 1 ünvanda yerləşən yaşayış evində daimi yaşayış olmadığı aydın görünür. Hesabatda göstərilən 02.2021-ci ildən – 08.2021-ci ilədək hər ay 23.40 manat ümumilikdə 163.80 manat və 10.2021-ci il tarixində 925.20 manat məbləğində qaz sərfiyatın da heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 64144518 nömrəli akt üzrə əsassız olaraq hesablanmış borc silinməlidir. Borcun hesablandığı gündən etibarən 11.2021-ci il tarixinə kimi qanunsuz olaraq iddiaçının abonent hesabından borca tutulmuş 163.80 manat və 925.20 manat, ümumilikdə 1089 manat məbləğində pul vəsaiti iddiaçının hesabına geri qaytarılmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 64144518 nömrəli akt üzrə əsassız olaraq hesablanmış borcun silinməsi, borcun hesablandığı gündən etibarən 11.2021-ci il tarixinə kimi qanunsuz olaraq abonent hesabından borca tutulmuş 163.80 manat və 925.20 manat ümumilikdə 1089 manat məbləğində pul vəsaitinin bank hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh İB-nin nümayəndəsi X5 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı məxsus ünvanda olan sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci il üçün 925.20 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh məhkəməyə heç bir sübut yaxud etiraz təqdim etməmiş, eyni zamanda cavabdeh qüsurların iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış 925.20 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, SOCAR Cavabdeh İB-si tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt ləğv edilməli, iddiaçının yaşadığı mənzilə dair hesablanmış 925.20 manat məbləğində borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 925.20 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. İddia tələbi 163.80 manat məbləğində ödənilmiş pul vəsaitinin geri qaytarılması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. SOCAR Cavabdeh İB-si tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanı ilə bağlı hesablanmış 925.20 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 925.20 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar