Məhkəmə qərarları › İş №2(011)-1039/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1039/2023

09.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1039/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 işirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi və aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00212 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşilməsi barədə qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8640 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2022-ci ilin sentyabr ayı üzrə 1036,80 manat məbləğində borcunun olması qeyd olunmuşdur.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin dair tərtib edilmiş 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında əsassız hesablanmış 1036,80 manat borcun etibarsız hesab edilib onun abonent hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmçinin 1036,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bu yaxın vaxtlarda qaz sərfiyyatına görə 100 manat məbləğində pulu karta ödədikdən sonra ödədiyi məbləği sayğaca yükləyəndə aşkar etmişdir ki, ödədiyi 100 manat məbləğində pulun 50 manatı dərhal hesabından çıxılmışdır. O, bu məsələni araşdırmaq məqsədi ilə yaşadığı ərazi üzrə cavabdehin Binəqədi rayon Qaz Satışı Departamentinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, guya onun 1036.80 manat məbləğində borcu yaranmışdır, ona görə də karta pul yükləyən kimi borca görə məbləğin yarısı çıxılır. O, qaz sərfıyyatına görə ödənişləri vaxtlı- vaxtında ödəyir. Cavabdehin əməkdaşları ona 2 ədəd - xx.xx.2022-ci il tarixli, ******* №-li Aktın və 30 sentyabr 2022-ci il tarixli, ******* №-li Aktın surətlərini təqdim etmiş və onun qaz sayğacına müdaxilə olunmasının aşkar edildiyini bildirmişlər. O, həmin aktlarla tanış olandan sonra məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinə gəlib onun xəbəri və iştirakı olmadan qaz sayğacını çıxarıb aparıblar. Sayğacın çıxarılınası zamanı tərtib edilmiş cavabdehin 03 avqust 2022-ci il tarixli, ******* №-li Aktının 4-cü bəndində “Sayğacın (plombun) çıxarılması səbəbi” kimi - “sayğacın istismar müddətinin bitməsi" qeyd edilmişdir. Həmin aktın 5-ci bəndində “Sayğacın quraşdırılma səbəbi" kimi isə - Sayğacın əvəzlənməsi" qeyd edilmişdir. Lakin, sonradan qaz sayğacına yenə onun xəbəri və iştirakı olmadan baxış keçirilmişdir. Yaşadığı fərdi yaşayış evində o və ailə üzvləri 1980-cı ildən bəri yaşayırlar. Bu vaxta qədər o, sərf etdiyi qaza görə vaxtlı-vaxtında ödənişləri həyata keçirmiş, heç vaxt borcu olmayıb. Nə köhnə sayğac çıxarılıb təzəsi ilə əvəz edilərkən, nə də ki, qaz sayğacına baxış keçirilərkən onun və ailə üzvlərinin xəbəri və iştirakı təmin edilməmişdir. O, əsassız olaraq ona yazılmış borcu araşdırmaq üçün Azəriqaz İB-nə getmiş, onlardan nə üçün sayğaca baxış keçirilən zaman onu dəvət etməmələrini soruşub. Lakin, onlar onun sualının cavabında heç nə cavab verə bilməmişlər.

7. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

12. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

1. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

2. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

3. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

4. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

5. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

6. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

7. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

8. Maddə 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

9. İşə baxan məhkəmənin mövqeyi:

10. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

11. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, akt iddiaçının adına tərtib edilmiş, lakin onun tərəfindən imzalanmamışdır.

12. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən etibarsız hesab edilməlidir.

13. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.

14. Bundan başqa, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.

15. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.

16. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 1036,80 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.

18. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

19. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00212) dair İddiaçı hesablanmış 1036,80 manat məbləğində borc silinsin. 30,36 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar