Məhkəmə qərarları › İş №2(011)-1042/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1042/2023

09.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1042/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış üzrə **********00030 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. Həmçinin iddiaçının yaşadığı yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması barədə qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8640 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2022-ci ilin sentyabr ayı üzrə 1036,80 manat məbləğində borcunun olması qeyd olunmuşdur.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehin tərtib etdiyi "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında qərarın və bildirişin ləğv edilməsi və ona hesablanmış məbləğ (cəmi: 4x24x 90=8640 kub metr) cərimənin silinməklə istehlakçı hüquqlarının bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin tərtib etdiyi "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında qərarın və bildirişin ləğv edilməsi və təbii qazdan istifadəyə görə hesalanmış 1040 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektindəki 1 saylı evin 3-cü mənzili şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Hazırda həmin evdə 3 nəfər ailə üzvləriylə birlikdə yaşayırlar. Həmin ünvanda həyət divarında ******* saylı mexaniki təbii qaz sayğacı quraşdırılmışdır. Onlar həmin evi 1992-ci ildə almışlar, evi alanda qaz sayğacı həmin yerdə quraşdırılmışdır. Sayğacın istismar müddəti 2016-cı ildə bitmişdir. İstifadə etdiyi vaxtlarda yaşadığı evin sayğacının yerinin dəyişdirilməsi xahişi ilə ərazi üzrə qaz istismar idarəsinə müraciətinə baxmayaraq, müxtəlif bəhanələrlə bu məsələ süni surətdə yubadılaraq, eləcə də, sayğacın yerinin dəyişdirilməsinin böyük vəsait tələb etdiyi bildirilərək müraciətləri təmin olunmamışdır. 18 iyun 2022-ci il tarixində cavabdehin əməkdaşları tərəfindən həyət divarında quraşdırılmış ******* Ns-li mexaniki qaz sayğacı açılaraq Zenner tipli, G-4 markalı sayğacla əvəzlənmişdir. Sayğacın əvvəlki plombu da əvəzetmə ilə əlaqədar 18 iyun 2022-ci il tarixində nümayəndələr tərəfindən sındırılaraq yenisi ilə əvəzlənmiş və bu barədə onun iştirakıyla xx.xx.2022-ci il tarixli, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında " ******* saylı akt tərtib edilmişdir. Həmin tərtib edilmiş aktdan göründüyü kimi nə sayğacda, nə sayğacın hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və ya daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd olunmamışdır. X4, Məhəbbət Məmmədova və Vüqar Ataşov imza atmışlar. İstehlakçının nümayəndəsi “Əhmədov M”-nin adı aktda qeyd edilsə də, akta imza atmamış, onun akta imza atma masının səbəbi barədə qeyd mövcud deyildir.

7. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

1. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

2. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

3. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

4. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

5. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

6. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

7. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

8. Maddə 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

9. İşə baxan məhkəmənin mövqeyi:

10. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

11. Belə ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.

13. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.

14. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 1040 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində borc kimi yalnız 2022-ci ilin sentyabr ayı üzrə 1036,80 manat göstərilmişdir. İddiaçı isə qalan 3,20 manat məbləğində borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 1036,80 manat borcun silinməsi hissəsində təmin edilməlidir.

15. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

16. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00030) dair X1 hesablanmış 1036,80 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30,36 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar