Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1052/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı “İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh iddiaçının xeyrinə 14888 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin və 0,40 manat bank xidmət haqqının tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2018-ci ilin may ayı ərzində fərqli çeşiddə və miqdarda sement və digər məhsullarına (ümumilikdə tikinti materiallarının) alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı “Norm sement” məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərinin razılaşdırılmış vaxta iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında imzalanmış 1 saylı Əlavə Sazişə əsasən, müqaviləyə dəyişiklik edilmiş və malların yeni dəyəri müəyyən edilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya borcu 14,888 manata yüksəlmişdir. Cavabdeh yaranmış borcu üzrə bu günədək heç bir ödəniş etməyərək Müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Odur ki, hal-hazırda cavabdehin iddiaçıya 14888 manat borcu mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 19.05.2018-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən müqavilənin əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan Əmtəə-Nəqliyyat qaiməsində göstərilən çeşiddə, miqdarda (çəkidə) Norm sement məhsllarını (bundan sonra “Mal”) Alıcıya sataraq onun satış ünvanına çatdımağı, alıcı isə malları qəbul edərək dəyərini razılaşdırılmış vaxtda satıcıya ödəməyi öz öhdəsinə götürür. Mallar alıcının sifarişinə uyğun olaraq ayrıayrı partiya üzrə təchiz edilir. Mülki iş materiallarında olan 01 nömrəli, 19.05.2018-ci il tarixli Müqaviləyə 1 sayıl Əlavə Sazişin surətindən görünür ki, X2 ilə İddiaçı MMC Müqavilənin 2.2.-ci bəndinə əsasən malların qiymətinin dəyişdirilməsi məqsədi ilə bu Əlavə Saziş aşağıdakı şərtlərlə bağlanılmışdır: - Əlavə sazişin qüvvəyə mindiyi tarixdən etibarən Müqavilə üzrə malların 1 kisəsinin qiyməti Klass A üzrə 5,80 manat və Klass B üzrə 5 manat təşkil edir; - Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır - Əlavə Saziş 19.05.2018-ci il tarixdən qüvvəyə minir və Müqavilənin ayrılmazı tərkib hissəsidir. Mülki iş üzrə təqdim edilmiş Yoxlama Aktının sürətindən görünür ki, Cavabdeh Mirağa oğlunun “xxxx” MMC-yə 31.05.2018-ci il tarixədək dövr üzrə 14,888 manat məbləğində borcu var. Mülk iş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış Müqaviləyə əsasən sonuncuya 14888 manat dəyərində Norm Sement məhsulları satılmışdır. Cavabdeh həmin Müqavilə üzrə bu günədək heç bir ödəniş etməyərək Müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh 31.05.2018-ci il tarixinə “xxxx” MMC-yə 14888 manat məbləğində qalıq borcu mövcuddur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 14888,0 (on dörd min səkkiz yüz səksən səkkiz) manat məbləğində pul və dövlət rüsumuna və bank xidmət haqqına görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1052/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1052/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver