Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1054/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (kod: **********00041) ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1036,80 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən evdə əsasən ilin isti vaxtlarında öz ailə üzvləri ilə birlikdə yaşayır, ünvanda yerləşən sayğacdan qanunauyğun formada istifadə edib və sayğac mərhum atasının adına rəsmiləşdirilib, atası xx.xx.2003-cü ildə vəfat etmişdir, həmin evdə hazırda özü yaşayır, cavabdehin əməkdaşları tərəfindən onun məlumatı olmadan sayğac yenisi ilə əvəz edilmişdir, daha sonra ona məlum olmuşdur ki, yaşadığı ev üçün quraşdırılmış qaz sayğacının guya müəyyən nasazlıqların olması əsas gətirilərək akt tərtib olunmuşdur və nəticədə ona 1036,80 manat məbləğində əsassız borc yazılmışdır, sayğac evindən kənarda yerləşdiyi üçün yarana bilən nasazlıqardan ötrü heç bir halda o cavabdehlik daşımamalıdır, sayğaca onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir, bu barədə akt tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, həmin akt əsasında iddiaçının abonent hesabına borc hesablanmışdır və hazırda da həmin borc iddiaçıdan tələb olunur. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ- İ seriyalı 054125 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2003-cü ildə vəfat etmişdir. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum haqqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı atası X2r. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı İtron G-4 markalı qaz sayğacı Zenner-mexaniki G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 avqust 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanı üzrə (**********00041 saylı abonent hesabı) “sayğacda xx.xx.2022-ci il ALARM-1 rejimi aşkar olundu” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 31 avqust 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 31 avqust 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 8640 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli “Abonent Saldosu”ndan görünür ki, abonent Əliyev Sabirə məxsus **********00041 saylı abonent hesabına ünvan 1 ünvanı üzrə “Qalıq və aktlar” əsasında 08/2022-ci il tarixdə 1036,80 manat borc yazılmışdır. İş materiallarında olan Xəzər RİH başçısının Buzovna qəsəbə inziati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 359 №-li xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yaşayır, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci ildə yenisi ilə əvəz edilmişdir, əvəzləşdirilmiş sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “sayğacda xx.xx.2022-ci il ALARM-1 rejimi aşkar olundu” barədə nöqsan qeyd olunmuşdur, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 avqust 2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası üzrə 1036,80 manat borc iddiaçının **********00041 saylı abonent hesabına yazılmışdır, hazırda həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 1036,80 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə abonent hesabına (abonent kodu **********00041) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1036,80 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox (1036,80 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 30,36 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanı üzrə **********00041 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik borc silinsin. Cavabdehndən 30 (otuz) manat 36 (otuz altı) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1054/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1054/2023
13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver