Məhkəmə qərarları › İş №2(011)-1077/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1077/2025

14.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1077/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, 2914-cü il tarixində Xəzər rayonu, Qala Südçülük sovxozunda kirayədə yaşamışdır. Həmin vaxt onun adına **********02710 №-li abunə kodu və 1602AZ**********34 №-li qaz sayğacı mövcud olmuşdur. İddiaçı hazırda başqa ünvanda yaşayır və onun adına başqa sayğac mövcuddur. Cavabdeh tərəfindən iddiaçının adına 2014-cü ildə 917,60 manat əsassız və qanunsuz borc hesablanmışdır.

İddiaçının tələbi:

2. Cavabdeh İB tərəfindən iddiaçıya əsassız hesablanmış 917,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

3. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı öz izahatlarında qeyd etmişdir ki, qar-boran olduğu üçün sayğacı söküb aparmışdırlar və sonra da sayğaca müdaxilə olunduğunu qeyd edərək cərimə yazmışdırlar. Lakin o müraciət etdiyi zaman borcunun olmadığı ona bildirilmişdir. Hazırda yaşadıqları evdə arvadının adına sayğac mövcuddur. Hazırda qeyd edilən evi 2014-cü il tarixdə satmışdır və evi satan zaman sayğac olmamışdır, lakin cavabdeh tərəfindən 2018-ci ildə cərimə yazılmışdır. Fərdi yaşayış evinin alğı-satqısı ilə bağlı müqavilənin olmadığını, fərdi yaşayış evini bələdiyyə sənədi əsasında satdığını bildirmişdir. İddiaçı qaz sayğacının onun adına olduğunu, onun adına cərimə yazıldığını bildirmişdir. O Cavabdeh İB ilə müqaviləsinin olmadığını qeyd etmişdir. O sayğacı satmadığını, yalnız evi satdığını, sayğac üçün pul ödədiyini bildirmişdir.

5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 öz izahatında bildirmişdir ki, sözügedən ünvandakı ev satılmış, qaz sayğacı çıxarılmışdır. İddiaçıya 2014-cü ilin iyul və avqust aylarında sayğacdakı göstəricilər əsasında borc hesablanmışdır. Həmin borc məbləği GASREP-dən çıxarışda da görünməkdədir. İddiaçının saydosunun yarımçıq olmasının səbəbi sayğacda heç bir dəyişiklik edilməməsidir. Məhkəmədə iddia tələbinə etiraz etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. Cavabdeh İB tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 14-2-2-4/2-Ə-3084-5/2024 №-li müraciətə baxılması barədə məlumata əsasən, Xəzər rayonu, Qala Südçülük sovxozunda iddiaçının istehlakçı kodu adına ünvana quraşdırılmış öncədən ödənişli G-4 markalı 1302AZ**********02 saylı qaz sayğacı xx.xx.2014-cü il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir və quraşdırılan öncədən ödənişli G-4 markalı 1402AZ**********30 saylı qaz sayğacı xx.xx.2017-ci il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismaraq qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacları klapanının bağlanmaması səbəbindən dəyəri ödənilməmiş təbii qazdan istifadə olunduğu məlum olmuşdur. Bu səbəbdən 917,60 manat borc yaranmışdır və İddiaçı tərəfindən ödənilməlidir.

7. Cavabdeh İB tərəfindən verilmiş 14-2-2-4/2-Ə-xx-xx/2025 №-li müraciətə baxılması barədə məlumata əsasən, araşdırma zamanı məlum olmuşdur ki, Xəzər rayonu, Binə sovxozu, Şəhidlər küçəsi İddiaçı Urfan oğlunun istehlakçı kodu adına mənzilə quraşdırılmış öncədən ödənişli G-4 markalı 1402AZ**********30 saylı qaz sayğacı xx.xx.2017-ci il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismaraq qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacları klapanının bağlanmaması səbəbindən dəyəri ödənilməmiş təbii qazdan istifadə olunduğu məlum olmuşdur. Bu səbəbdən 917,60 manat borc yaranmışdır və İddiaçı tərəfindən ödənilməlidir.

8. Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ******* №-li qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt.

9. Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli GASREP çıxarışına əsasən, İddiaçı 2014-cü ilin iyul ayında 443,80 manat, avqust ayında 443,80 manat borc hesablanmışdır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. (2022-ci ilin may ayından qüvvədə olan bənd) Bu Qanunun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda 30 manat 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2 Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.

19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı 2014-cü il tarixdən qeyd edilən fərdi yaşayış evində yaşamır, evi digər şəxsə satmışdır, hal-hazırda həmin evə faktiki sahibliyi başqa şəxs edir, lakin evin yeni sahibi Cavabdeh ilə müqavilə bağlamadığından abonent kodu hələ də onun adınadır. Bu səbəbdən Cavabdeh ilə qazın alışı ilə əlaqəli heç bir hüquq münasibəti mövcud deyil. Eyni zamanda məhkəmə prosesləri gedişində iddiaçı özü qeyd etmişdir ki, qeyd edilən fərdi yaşayış evini satmış və bu zaman sayğacı da özü ilə birlikdə aparmışdır. Dolayı yolla İddiaçı ilə Cavabdeh arasında həmin ünvan üzrə heç bir istehlak münasibətləri mövcud deyildir, iddiaçının silinməsini tələb etdiyi borc üzrə ondan heç nə tələb olunmur və ya onun qazda istifadətə görə ödənişlərinə hər hansı tutma yönəldilməmişdir.

22. Məhkəmə ararşdırması zamanı iddiaçının hazırki mübahisə üzrə subyektiv hüququnun olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

23. Həmçinin məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

24. Məhkəmə qeyd edir ki, iddiaçı 2014-cü ildə abonent saldosu üzrə qeyd edilən ünvanda yerləşən evi başqa şəxsə satması səbəbindən faktiki olaraq qazın istismarı üzrə istehlakçı kimi hüquqi ixtiyarı digər şəxsə keçmişdir. İddiaçının hüquqi ixtiyarı olmadığından onun cavabdehdən borcun silinməsini tələb etmək hüququ da mövcud deyil.

25. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi”nə dair iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən və iddiaçı istehlakçı olduğuna görə Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilməsin.

2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar