Məhkəmə qərarları › İş №2(011)-1083/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1083/2021

06.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1083/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İB tərəfindən İddiaçı hesablanmış 3.128,40 manat məbləğində borcun silinməsi, 27 mart 2018-ci il tarixli ******* saylı, 16 aprel 2018-ci il tarixli ******* saylı, 23 may 2018-ci il tarixli ******* saylı, 28 dekabr 2018-ci il tarixli ******* saylı, 31 yanvar 2019-cu il tarixli ******* saylı, 28 fevral 2019-cu il tarixli ******* saylı, 29 mart 2019cu il tarixli 02211293 saylı, 30 aprel 2019-cu il tarixli ******* saylı, 28 iyun 2019-cu il tarixli 02304929 saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı, 30 avqust 2019-cu il tarixli ******* saylı, 30 sentyabr 2019-cu il tarixli ******* saylı, 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı aktların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İB tərəfindən İddiaçı hesablanmış 4.201,68 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Cavabdeh” İB arasında 27 sentyabr 2016-cı il tarixdə qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçının qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 1 ünvana abonent kodu verilmişdir. Sözügedən qaz sayğacı 27 sentyabr 2016-cı il tarixdə quraşdırılmasına baxmayaraq qaz yalnız 3 ay əvvəl, 2020-ci ilin iyun ayından verilməyə başlanmışdır. 2020ci ilin iyun ayına qədər iddiaçı evdə yalnız qaz balonundan istifadə etmişdir. “Cavabdeh” İB-nin nümayəndələri tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına əsassız borc yazılmışdır. Halbuki iddiaçının mənzili 3 ay bundan əvvəl qazla təchiz edilmişdir. “Cavabdeh” İB tərəfindən iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacının yoxlanması nəticəsində aktlar tərtib edilmişdir. Həmin aktlar iddiaçının iştirakı olmadan tərtib edilmiş və iddiaçıya hər hansı məlumat verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. İddiaçı öz izahatında bildirdi ki, ona məxsus ünvana cavabdeh təşkilat tərəfindən qaz xətti çəkilmiş, lakin sayğac quraşdırılmamışdır. İddiaçı ünvana qaz sayğacının quraşdırılması üçün dəfələrlə cavabdeh təşkilata müraciətlər etsə də, nəticəsiz qalmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus mənzildə 16 mart 2020-ci ildə sayğac quraşdırılmış və mənzil qazla təchiz olunmuşdur. İddiaçı qaz sayğacı quraşdırılanadək sərf etdiyi qazın dəyərini qaz idarəsinin əməkdaşlarına ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan 16 mart 2020-ci il tarixli qazın alğı-satqısı barədə müqavilədən görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus ünvan qazla təchiz olunmuşdur. İş materiallarında olan “Cavabdeh” İB tərəfindən 27 mart 2018-ci il tarixdən 28 fevral 2020-ci il tarixədək tərtib olunmuş aktların surətindən görünür ki, İddiaçı məxsus evə baxış zamanı sayğacdan kənar əlavə qaz xətti aşkar olunmuşdur. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4201,68 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatlara qiymət verərək belə hesab edir ki, iddiaçı izahatında ona məxsus olan ünvana qaz sayğacı quraşdırılana qədər sərf etdiyi qazın dəyərini qaz idarəsinin əməkdaşlarına ödədiyini bildirmiş, lakin onun bu dəlili hər hansı sübutla əsaslandırılmamış və məhkəmə iclasında bu hal işin hər hansı halı ilə müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, işin hazırkı halları ilə iddiaçının qaz sayğacına qeyri-qanuni qoşulması halı öz təsdiqini tapmışdır. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı izahatında istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, məhkəmə ötən ayların hesabatlarına əsasən hesablama aparmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisəli ünvana sayğac quraşdırılana qədər iddiaçı tərəfindən sayğacdankənar qazdan qeyri-qanuni istifadə edilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus mənzildə sayğac quraşdırılmış və qazla təchiz olunmuşdur. Mənzilə sayğac quraşdırıldıqdan sonra iddiaçı tərəfindən sərf edilmiş qazın dəyəri ödənilməmişdir. İş materiallarında olan abonent saldosuna əsasən, iddiaçının 2021ci ilə qədər dəyəri ödənilməyən 3.739 kub metr sərfiyyatı mövcuddur. Məhkəmə qazın sərfiyyatını aylıq 20 qəpikdən hesablamaqla (3739x 0.20) 747.80 manat məbləği əsas götürərək cərimə məbləğinin bu həddə olmasını qanuni hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00440 saylı abunə koduna hesablanmış 4.201,68 manat cərimə borcundan 747.80 manat saxlanılmaqla qalan 3.453,88 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçının **********00440 saylı abunə koduna hesablanmış 4.201,68 (dörd min iki yüz bir manat altmış səkkiz qəpik) manat cərimə borcundan 747.80 (yeddi yüz qırx yeddi manat səksən qəpik) manat saxlanılmaqla qalan 3.453,88 (üç min dörd yüz əlli üç manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar