Məhkəmə qərarları › İş №2(011)-1090/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1090/2025

03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1090/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, A.Zeynallı küçəsi, ev 51 (abonent kodu: **********00000) ünvanı üzrə borc yazılmış 12.991,66 manat məbləğinin abonent hesabından silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, A.Zeynallı küçəsi, ev 51 (abonent kodu: **********00000) ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzildə yerləşən sayğac mərhum qohumu Gövhər Məmməd qızının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, güya sayğaca müdaxilə olunmuşdur və ona görə iddiaçıya haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra iddiaçı qaz kartına yüklənilən puldan tutulmaların olduğunu görmüşdür. Ona yazılmış borc qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, onun mənzildə qeydiyyatsız yaşamasına baxmayaraq, həmin mənzil onun həyat yoldaşının mərhum nənəsi Gövhər Məmmədovaya məxsus olmuşdur və borc həmin şəxsin adına yazılmışdır. Sual-cavab zamanı o bildirmişdir ki, mərhum abonent Gövhər Məmmədova onun həyat yoldaşı Zalı Əmiraslanovun nənəsidir. Yoldaşı Z.Əmiraslanovun 4 bacısı var. Yoldaşı Rusiyada, bacıları isə ailə qurub gəlin köçdüklərindən, iddianı İddiaçı özü vermişdir. Faktiki mənzildə iddiaçı özü, uşaqları və qayınanası yaşayırlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X1 10 mart 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı, uşaqları X3, X4 ilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində onunla birlikdə yaşayırlar. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyriqanuni olaraq sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Gövhər Məmməd barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.060 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyriqanuni olaraq sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Gövhər Məmməd barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.084 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Gövhər Məmmədovaya **********00000 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin avqust ayı üzrə 2.073,60 manat, 2023cü ilin noyabr ayı üzrə 803,52 manat, 2023-cü ilin dekabr ayı üzrə 302,40 manat, 2024cü ilin yanvar ayı üzrə 367,20 manat, 2024-cü ilin fevral ayı üzrə 367,20 manat və 2024cü ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 367,20 manat borcu mövcud olmuşdur. Hazırda iddiaçı məhkəmədən **********00000 nömrəli abonent saldosuna əsasən Gövhər Məmmədovanın adına olan borcun silinməsini xahiş edir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sənədlərdən isə müəyyən edilir ki, Gövhər Məmməd 2003-cü il tarixdə ölmüşdür. Məhkəmə əvvəlcə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, silinməsi xahiş edilən borc iddiaçıya deyil, başqa şəxsin adına yazılmışdır. Bununla da məhkəmə hesab edir ki, başqa şəxsin adına yazılmış borcun silinməsinə dair iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı – Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, A.Zeynallı küçəsi, ev 51 (abonent kodu: **********00000) ünvanı üzrə cavabdeh təşkilat tərəfindən yazılmış 12.991,66 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar