Məhkəmə qərarları › İş №2(011)-110/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-110/2023

05.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-110/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı “Heydər Əliyev adına X7”nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı “Heydər Əliyev adına X7”nun Cavabdeh1 qarşı- “Heydər Əliyev adına X7”-na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində , kəmərdən təqribən 15 metr aralı məsafədə vətəndaş Cavabdeh1 tərəfindən aparılan tikilinin özbaşına tikili hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Heydər Əliyev adına X7”nun ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh2 mülki iş üzər cavabdeh qismində cəlb edilmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X4 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına NEZ-ə məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissesində, kəmərdən təqribən 15 metr aralı məsafədə, vətəndaş Cavabdeh1 tərəfindən köhnədən hasara alınmış həyətyanı sahədə 7X10 metr ölçülərdə 18 mişar daşı hündürlüyündə tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bu fakt aşkar olunduqdan sonra əməkdaşlar tərəfindən akt tərtib edilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olması barədə vətəndaş Cavabdeh1 rəsmi qaydada xəbərdarlıq edilmişdir. Cavabdehə tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, qanunsuz olaraq tikintini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidertinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdilər ki, iddiaçı tərəf işin bəzi hallarını təhrif edir. Belə ki, torpaq sahəsi xüsusi mülkiyyəti hüququ əsasında Cavabdeh2 məxsusdur. Hazırda belə bir iddianın qaldırılmasında iddiaçının subyektv hüququ yoxdur. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsinin üzərində tikinti işlərini görmüşdür. Belə bir tikinti işlərinə icazənin verilibverilməməsi rayon icra hakimiyyətinə məxsusdur. Onlar da məlumatlandırma icraatı qaydasında notarial qaydada yazılmış ərizə ilə icra hakimiyyətinə müraciət etmişdir. Həmçinin bildirir ki, 1999-cu il tarixli sərəncam əsasında torpaq sahəsi Cavabdeh2 verilmişdir, 2000-ci ildə yaşayış evi tikilmiş, 2011-ci ildə isə həmin yerdə neft kəmərləri salınmışdır. Göründüyü kimi cavabdeh ev tikərkən və hasar çəkilərkən iddiaçı orada olmamışdır. Həmçinin bildirir ki, cavabdeh 6 sot toraq sahəsini hasara alarkən və ev tikərkən iddiası olmamış, məhz bünövrəsi 4 daş olan hasarın üstünə 5 daş qoyulan zaman tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən torpaq sahasənin planı və ölçü cizgisindən görünür ki, hüquqi sahibi Cavabdeh2 olan, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən torpaq sahəsinin sənəd üzrə sahəsi 0.06 ha, faktiki sahəsi 0.0511 ha-dır. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilən xx.xx.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, Xətai Rayonu İcra Hakimiyyətinin başçısının verdiyi “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 331 nömrəli sərəncam ilə Bakı şəhəri, Həsən Salmani küçəsi ev5/7, mənzil 20də yaşayan vətəndaş Cavabdeh2 Xətai rayonu ərazisində cizgidə göstərilən sahədə 0.06 ha torpaq sahəsi ayrılaraq fərdi ev tikinitisinə icazə verilmişdir. İş materiallarında olan, “SOCAR” tərəfindən verilən müraciətə baxımasının nəticəsi haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus torpaq sahəsinin koordinatların yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, torpaq sahəsi SOCAR-ın Heydər Əliyev adına X3 istismarında olan neft stansiyasinin 8 metrliyində, neft kəmərlərinin isə 11 metrlik məsafəsində mühafizə zonasındə yerləşir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən daşınmaz əmlakın üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 verdiyi etibarnamə xx.xx.2030-cu il tarixinə kimi etibarlıdır. İş materiallarında olan, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, mülkiyyətində olan ünvan 2 ünvanında olan torpaq sahəsində fərdi yaşayış evi tikilməsi üçün icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan, Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Zakir Yusifov küçəsində vətəndaş Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 22.09,2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay hüququ ilə mülkiyyətində olan torpaq sahəsində hasara alınması işləri aparılmışdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin məhkəmə hazırlıq iclasının protokuldan görünür ki, sərdlik edən iddiaçı Heydər Əliyev adına X5 nümayəndəsi və vəkili Vəkil2 verdiyi vəsatət təmin edilərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin daxilində mövcud olan tikililər ilə Heydər Əliyev adına X6a məxsus Dş 250 mm-lik daxili nafta xətti arasındakı məsafələr müəyyən edilmişdir. İddia olunan torpaq sahəsində 23 kv.m və 24 kv.m hissələrində mövcud köməkçi tikililər (23 kv.m və 24 kv.m) ilə nafta xətti arasındakı məsafə 11 metr və 27 metr, fərdi yaşayış evi (143 kv.m) ilə nafta xətti arasındakı məsafə 19 metr təşkil edir.iddia olunan torpaq sahəsində mövcud tikililərin tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək idarənin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-110/2023 nömrəli qərardadı ilə məhkəmə tikinit-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4398 nömrəli ekspertiza rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin daxilində mövcud olan tikililər ilə Heydər Əliyev adına X6a məxsus Dş 250 mm-lik nafta xətti arasındakı məsafələr müəyyən edilmişdir. İddia olunan torpaq sahəsində 23 kv.m və 24 kv.m hissələrində mövcud köməkçi tikililər (23 kv.m və 24 kv.m) ilə nafta xətti arasındakı məsafə 11 metr və 27 metr, fərdi yaşayış evi (143 kv.m) ilə nafta xətti arasındakı məsafə 19 metr təşkil edir və iddia olunan torpaq sahəsində inşa olunan tikililər Heydər Əliyev adına X6a məxsus Dş 250 mm-lik daxili nafta xəttinin mühafizə zonasında inşa edildiyindən, həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10833/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iddiaçı Heydər Əliyev adına Bakı X3 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində neft boru kəmərlərinin mühafizə zonasında yerləşən sahəsi 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinin Cavabdeh2 ayrılmasına dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamının ləğv olması” barədə tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1456/2023 nömrəli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1527/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1- ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1- ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Hazırda magistral neft kəmərlərinin mühafizə zonalarının müəyyənləşdirilməsi və həmin zonalarda yerləşən torpaq sahəsində istifadəni tənzimləyən normativ hüquqi akt mövcud olmasa da, əvvəllər həmin sahədə münasibətlər AR Sənaye və Energetika Nazirinin 2010-cu il 28 iyul tarixli 39 saylı əmri ilə təsdiq edilmiş və 2010-cu il 1 sentyabr tarixindən 2015-ci il 1 sentyabr tarixədək olan müddətdə qüvvədə olmuş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları” ilə tənzimlənirdi. Bununla yanaşı analoji sahədə boru kəmərlərinin mühafizə zonalarının yaradılması və həmin zonalarda yerləşən torpaqlardan istifadəni tənzimləyən normativ hüquqi aktlar da mövcuddur - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"; 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”. MPM-in 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə olan halda məhkəmə qaz kəmərlərində və ixrac neft kəmərlərində olduğu kimi magistral neft kəmərlərinin istismarına normal şərait yaradılması və zədələnməsinin qarşısının alınmasının həm dövlət, həm də ictimai maraqlar, o cümlədən insanların həyat və təhlükəsizliyinin, ətraf mühitin qorunması baxımından zəruriliyini nəzərə alaraq hesab etmişdir ki, magistral neft kəmərlərinin ətrafında yerləşən torpaq sahələrinə münasibətdə analoji hüquq münasibətlərini magistral qaz kəmərləri və ixrac neft kəmərlərinin ətrafında mühafizə zonalarının yaradılması qaydalarını müəyyən edən normalar tətbiq edilməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın: 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndələrin və vəkillərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mövcud iddia tələbini qeyd edilən tikilinin özbaşına tikili olması ilə əsaslandırmışdır. Lakin, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ərazidə 0,0511 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin təyinatı yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq olaraq qeyd edilmişdir. İş materiallarında olan etibarnamədən göründüyü kimi, Cavabdeh2 mülkiyyətində olan əmlakın idarə edilməsi barədə Cavabdeh1 etbarnamə vermişdir. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, Cavabdeh2 yaşayış məntəqələri üçün nəzərdə tutulan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alındığından, mülkiyyət isə dövlət tərəfindən müdafiə olunuğundan, iddiaçı tərəfindən irəli sürülmüş Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddiası təmin edilməməlidir. Sadalanan qanunvericilik aktı normalarına və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış qeyd edilən torpaq sahəsində inşa edilən tikilinin mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili olması müəyyən edilmədiyindən, mövcud iddia tələbi əsassızdır. Belə ki, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində tikiləcək tikintilərə “qanuni gözləntisi” var. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh öz mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Məhkəmə hesab edir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Əksinə həmin tikilinin sökülməsi cavabdehlərin fərdi yaşayış evindən istifadəsi ilə bağlı qanunla qorunun mənafeyinin pozulmasına şərait yaradır. İddiaçı tərəfindən hazırki iddianın qaldırılmasının əsas məqsədi boru kəmərləri və neft məhsulları anbarlarında hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün təhlükə törətməsinin qarşısını almaqdır.Buna görə də bu münasibətlərə iddia müddəti tətbiq edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı “Heydər Əliyev adına X7”nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” barədə iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti “Heydər Əliyev adına X6”-dan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar