Məhkəmə qərarları › İş №2(011)-1101/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1101/2025

14.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1101/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavavbdeh Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 2018-ci ilin yanvar, fevral və mart aylarında tərtib olunmuş aktlara görə 955 manat, 910 manat və 399,60 manat olmaqla ümumilikdə 2 264,60 manat, 2021-ci ilin noyabr və dekabr aylarında tərtib olunmuş aktlara görə 1728,0 manat və 648 manat olamaqla ümumilikdə 2 376,0 manat, 2022-ci ilin yanvardekabr aylarında tərtib olunmuş aktlara görə ümumilikdə 6303,48 manat, 2023-cü ilin, yanvar, iyun, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında tərtib olunmuş aktlara görə 734,40, 2928,86, 362,88, 181,44, 246,24, 306,72, 306,72 manat olmaqla ümumilikdə 5067,36 manat və 2024-cü ilin yanvar ayında tərtib olunmuş akta görə 306,72 manat olmaqla ümumilikdə 16318,16 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona ümumilikdə hesablanmış 10929,97 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, "Azəriqaz” İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan ona məxsus ünvan 1 ünvana gəlmiş, guya onun təbii qazdan sayğacdankənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Buna görə 2018-ci ilin yanvar, fevral və mart aylarında akt tǝrtinb etmiş, ona 955 manat, 910 manat və 399,60 manat olmaqla 2018-ci il üçün ümumilikdə 2264,60 manat borc yazmışdırlar. Bundan əlavə Birliyin əməkdaşları 2021-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin yanvar ayınadək hər ay, 2023-cü ilin iyun ayından 2024-cü ilin yanvar ayınadək yenə hər ay akt tərtib edərək ona 2021-ci il üçün 2 376,0 manat, 2022-ci il üçün 6303,48 manat, 2023-cü il üçün 5067,36 manat, 2024-cü il üçün isə 306,72 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta Əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. İddiaçı sözügedən ünvanda fasilərlə yaşayır. Yaşadığı müddət ərzində təbii qazdan qanuna uyğun formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini də ödəmişdir. Buna baxmayaraq Birliyin əməkdaşları yaşadığı ünvan üçün heç bir əsas olmadan müxtəlif vaxtlarda akt tərtib etmiş, ona əsassız olaraq ümumilikdə 16318,16 manat məbləğində əsassız borc yazmışdırlar. Bundan əlavə, yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş aktlarda ona məxsus ünvanda istifadədə olan qaz cihazları və onların saatlıq qaz sərfiyyatı göstərilməklə, bəzi aktlarda orta günlük iş rejimi 12 saat, bəzilərində isə 24 saat götürülməklə hesabat aparılmışdır. Əvvəla, hər hansı bir qaz cihazının 12 və ya 24 saat fasiləsiz işləməsi mümkün deyildir. Bu hal həmin cihazların istehsalçıları tərəfindən də qadağan olunur. Bundan əlavə Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan qaz cihazlarının reallıqda həmin ünvanda olamaması sübut edir ki, aktlar işin faktiki hallarına uyğun əsaslarla deyil, formal mülahizələr əsasında tərtib olunmuşdur. Aktların əsassız olmasını sübut edən daha bir hal da odur ki, Birliyin əməkdaşlarının hətta yay aylarında (halbuki nəinki yay alarında, qış aylarında da tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı olmamışdır) guya iddiaçının təbii qazdan istifadə etməyini qeyd etmələri və buna görə ona borc hesablamarıdır. Göründüyü kimi, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində ona məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd olunmadan sərfiyyat hesablanmışdır. Digər tərəfdən "Azəriqaz” İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf "Azəriqaz” İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Birliyin əməkdaşları əgər sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı aşkarlasaydılar belə bu barədə istehlakçıya və inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir. Yalnız qanunsuz qoşulma halı təsdiq olunduqdan sonra qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri nəzərə alınmaqla hesabatın aparılmasının mümkünlüyü qeyd edilmişdir. Hazırkı halda iddiaçının təbii qazdan qanunsuz istifadə etməyi heç bir sübutla təsdiq olunmadığı halda cavabdehin əməkdaşları tərəfindən ona 10929,97 manat məbləğində borcun hesablanması heç bir halda qanuni və ədalətli ola bilməz. Ona görə də hesab edir ki, bu borc silinməlidir. Qeyd olunmalıdır ki, Apellyasiya Məhkəməsi 2(103)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə 5388,19 manat məbləğində əsas borcdan 1737,59 manatını təmin etmişdir. Xətai Rayon Məhkəməsinin icraatında olan hazırki mülki işdə iddiaçı həmin məbləği, yəni 5388, 19 manat əsas borcu yenidən mübahisələndirmir. Ona görə də iddiaçı ilkin iddia tələbi olan 16318,16 manat məbləğdən 5388,19 manatı çıxaraq yerdə qalan 10929,97 manatın silinməsini tələb edir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi P.A.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və aktlar tərtib olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı iddiaçının abonent koduna hesablanmış və həmin məbləğ də hazırda ondan tələb edilir. İddiaçı istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir. Sonda cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-ci il tarixli aktlardan görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 3996 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktlarda itirilmiş qazın bərpası üzrə 3024 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021, xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktlarda itirilmiş qazın bərpası üzrə 5400 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktlarda itirilmiş qazın bərpası üzrə 5580 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktlarda itirilmiş qazın bərpası üzrə 6120 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 1512 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 2052 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktlarda itirilmiş qazın bərpası üzrə 2556 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda sayğacdan kənar xətt aşkar olunduğuna görə qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci l tarixli GASREP sənədindən görünür ki, iddiaçının abonent hesabına 2025-ci il fevral ayı üçün 12515.57 manat qalıq borc hesablanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-79/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(003)-1557/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh İB-nin xeyrinə maddi zərərə görə 955 manat, qalıq borca görə 747,59 manat, dövlət rüsumuna görə 35 manat, cəmi 1737,59 manat Cavabdeh İB-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən müəyyən olunur ki, cavabdehin ilk akt olaraq xx.xx.2018-ci il tarixli akt üzrə qanunsuz qoşulması nəzərə alınmalı, həmin akt üzrə 955 manat cavabdehdən tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin **********00000 saylı abonent koduna “Qalıq və aktlar” qrafasında 2018-ci il tarixi üçün 2264,60 manat, 2021-ci il üçün 2376 manat, 01/2022 tarixi üzrə 648 manat, 02/2022 və 03/2022 tarixləri üzrə 669.6 manat, 04/2022 tarixi üzrə 670,20 manat, 2022-ci ilin may-oktyabr ayları üçün 362,88 manat, noyabr-dekabr ayları üçün 734,40 manat, 2023-cü il tarixi üçün 5067,36 manat, 2024-cü il tarixi üçün 306,72 manat borc hesablanmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacla bağlı onun abonent koduna 2021-ci il üçün 2376 manat, 01/2022 tarixi üzrə 648 manat, 02/2022 və 03/2022 tarixləri üzrə 669.6 manat, 04/2022 tarixi üzrə 670,20 manat, 2022-ci ilin may-oktyabr ayları üçün 362,88 manat, noyabr-dekabr ayları üçün 734,40 manat, 2023-cü il tarixi üçün 5067,36 manat, 2024-cü il tarixi üçün 306,72 manat borc hesablanmışdır, hazırda iddia tələbi cavabdeh tərəfindən hesablanmış 10929,97 manat borcun silinməsi barədədir. Bununla bərabər həmin borcun hesablanmasına əsas verən, o cümlədən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması halları məhkəmə tərəfindən müəyyən olunmur. Məhkəmə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, AKT əsasında “Qalıq və aktlar” qrafasında 2022-ci ilin may-oktyabr ayları üçün 362,88 manat, noyabr-dekabr ayları üçün 734,40 manat, 2023-cü il tarixi üçün 5067,36 manat, 2024-cü il tarixi üçün 306,72 manat olmaqla, ümumilikdə 9020,16 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Məhkəmə, iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh İB tərəfindən AKT əsasında “Qalıq və aktlar” qrafasında 2021-ci il üçün 2376 manat, 01/2022 tarixi üzrə 648 manat, 02/2022 və 03/2022 tarixləri üzrə 669.6 manat, 04/2022 tarixi üzrə 670,20 manat olmaqla, ümumilikdə 5033,4 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin iddiaçı “Qazdan istifadə Qaydaları”nın 6.5 və 6.7-ci bəndlərinin tələblərinə əməl etməyərək, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış, dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmişdir. Belə olan halda, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilmədən birtərəfli qaydada tərtib edilmiş aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə aktlar tərtib olunarkən çəkilən fotoşəkillərin də qanunsuz qoşulma faktını təsdiq etməsi barədə dəlilləri ilə də razılaşmır. Ona görə ki, həmin fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən müstəqil sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının abonent koduna yazılmış 14053.56 manat borc məbləği əsassız olduğundan, iddiaçı isə 10929,97 manatın silinməsini tələb etdiyindən, iddiaçının abonent koduna hesablanmış 10929,97 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) yazılmış 10929,97 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 10000 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 122,80 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1-də yerləşən fərdi yaşayış evi üzrə İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 10929 (on min doqquz yüz iyirmi doqquz) manat 97 (doxsan yeddi) qəpik borc silinsin. Cavabdehndən 122 (yüz iyirmi iki) manat 80 (səksən) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar