Məhkəmə qərarları › İş №2(011)-1103/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1103/2021

16.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1103/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçının İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, xx xxxxx 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi, Cavabdeh1 MMC və Cavabdeh3 Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzilinə qanunsuz müdaxiləsinin aradan qaldırılması, giriş qapısının açılaraq onun istifadəsi üçün məhdudiyyətlərin götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2007-ci il tarixdə Cavabdeh1 MMC ilə iddiaçının arasında bağlanmış 173 saylı müqaviləyə əsasən iddiaçı 101.500 ABŞ dolları ödəyərək Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzili əldə etmişdir. Mənzili aldıqdan bir müddət sonra Cavabdeh1 MMC ilə mübahisələr yaranmış, bu səbəbdən iddiaçı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 101.5 kv.metr olan mənzilin iddiaçının sahibliyinə, istifadəsinə verilməsi və mənzilə köçürülməsini xahiş etmişdir. Eyni zamanda iş üzrə cəlb edilmiş üçüncü şəxs Aidə Abbasova Cavabdeh1 MMC-yə və iddiaçıya qarşı iddia qaldıraraq iddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(011)-3633/2017 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh1 MMC-yə qarşı iddia tələbi rədd edilmiş, üçüncü şəxsin iddiası təmin edilmişdir. İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3660/2018 saylı, xx xxx 2018-ci ill tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(011)-3633/2017 saylı qətnaməsi ləğv edilmiş, iddiaçının Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metrdən ibarət 2 otaqlı mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3660/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən “xxxx” MMC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, ilkin iddia hissəsində baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti yenə təmin edilmiş, iddiaçının Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metrdən ibarət 2 otaqlı mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3164/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmiş və icra tədbirləri görülən zaman məlum olmuşdur ki, iddiaçıya məxsus mübahisəli mənzillə bağlı yeni məhkəmə mübahisəsi var. Araşdırma aparan zaman məlum olmuşdur ki, iddiaçılar Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının sakinləri, o cümlədən Cavabdeh2 Xətai Rayon Məhkəməsində cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı iddia qaldıraraq mənzilə qanunsuz müdaxilələrin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsini və digər tələbləri irəli sürmüşlər. Eyni zamanda məlum olmuşdur ki, iddiaçılardan biri olan Cavabdeh2 iddiaçıya məxsus olan Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 101.5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilinə dair iddia qaldırmışdır. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə 173 saylı müqavilə bağlanmış, müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş və məhkəmə qərarları ilə iddiaçının mübahisəli mənzilə istifadə və sahiblik hüququ tanınmışdır. X6 isə məhkəmə mübahisəsi davam etdiyi halda “xxxx” MMC ilə əlbir olub xx xxxxxxxx 2017-ci il tarixli müqavilə ilə mübahisəli mənzili Cavabdeh2 adına rəsmiləşdirmişlər. Daha sonra qanunsuz olaraq Cavabdeh1 MMC-nin rəhbərliyi arxa tarixlə, yəni xx xxxxx 2007-ci il tarixli müqavilə ilə mübahisəli mənzili Cavabdeh3 adına rəsmiləşdirmişdir. Belə olan halda iddiaçı ilə məhkəmə çəkişmələrinin olduğunu və məhkəmə qərarları ilə mübahisəli mənzilə iddiaçının istifadə və sahiblik hüququnun tanınmasını bildiyi halda, Cavabdeh1 MMC qanunsuz olaraq iddiaçıya məxsus mübahisəli mənzilə dair Cavabdeh2, sonra isə Cavabdeh3lə müqavilə bağlamışdır. İş materialları və qanuni qüvvəsini almış qətnamələrdən göründüyü kimi ididaçıya məxsus mübahisəli mənzilə Cavabdeh3 tərəfindən müdaxilə edilərək hər hansı bir məhkəmə qərarı olmadan mənzilin giriş qapısı dəyişdirilərək özbaşınalıq edilmiş və bununla da iddiaçının mənzil toxunulmazlığı hüququnu kobud surətdə pozmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 MMC-nin vəkili X2 izahat verərək iddia tələbinə etiraz etmiş və onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi İddiaçı məxsusdur, həmin mənzil onun sahibliyində və istifadəsindədir, həmin mənzilin pay dəyəri 101.500 ABŞ dolları onun tərəfindən Cavabdeh1 MMC-yə tam olaraq ödənilmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx xxxxxxxx 2007-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilə və maliyyə arayışı müəssisənin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-3164/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin mənzilin İddiaçı məxsus olması təsdiq olunmuşdur. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, xx xxxxx 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddia tələbini araşdıraraq belə hesab edir ki, hazırkı iş üzrə İddiaçı sözügedən mənzili alğı-satqı müqaviləsi əsasında əldə etmiş, məhkəmə qətnaməsi əsasında onun mənzil üzərində olan sahiblik və istifadə hüquqları rəsmiləşdirilmişdir. Həmin mənzil xx xxxxxxxx 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilmiş, sonradan arxa tarixlə xx xxxxx 2007-ci il tarixli müqavilə ilə mənzil Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 satılmış və sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində xx xxxxxx 2017-ci il tarixdə həmin mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı aparılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış müqavilələrin arxa tarixlə tətbiq edilmiş saxta müqavilə olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli mənzillə bağlı sahiblik və istifadə hüququları məhkəmə qətnaməsi ilə tanındığından, onunla Sahil-D arasında bağlanmış müqavilə qanuna uyğun olaraq bağlanmış müqavilə hesab edilmişdir. Belə olan halda bir mənzilə dair bir necə şəxsin müqaviləsinin olması qanuni qüvvəsini almış qətnamənin icrası zamanı müəyyən məhdudiyyətlər yarada biləcəyi nəzərə alınaraqdigər müqavilələrə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, nə gədər ki, iddiaçının müqaviləsi qanuni müqavilə hesab edilib və onun mənzillə bağlı sahiblik və istifadə hüquqları tanınıb, digər iki şəxslə bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 354.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə hesab edir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. İstinad edilən normaya əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı qanunla ona müqavilənin etibarsızlığı üçün verilmiş müddəti ötürməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının hüquqlarının pozulması anı kimi xx xxxxxx 2019-cu il tarixi qeyd etmək olar, çünki məhz bu tarixdə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-169/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qəbul edilmişdir və həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs olan İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və İddiaçı sözügedən mülki işinin gedişatında onun mənzili barədə mübahisənin yaranmasını bilmiş və hüquqlarının pozulması səbəbindən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. İddiaçı mübahisə edilən mənzillə bağlı hazırkı iddia tələbi ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və məhkəmədə iddia irəli sürmüşdür. Bununla da, o, MM-nin 354-cü maddəsində istinad edilən bir illik müddəti ötürməmişdir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Bu mənada qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Məhkəmə əqdin etibarsızlığının nəticələrinin tətbiq edilməsi ilə bağlı hissəyə münasibətdə qeyd edir ki, nə qədər ki, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və əqd üzrə hər hansı ödənişlərin həyata keçirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər, məhkəmə hazırkı iş üzrə tərəflərin əvvəlki vəziyyətə qayıtması hissəsinə qiymət verilməsini hazırkı mərhələdə mümkünsüz hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, ödənişlərin mövcudluğu ilə bağlı sübutların olduğu təqdirdə cavabdehlər ödənilmiş məbləğlərin geri tələb edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Məhkəmə iddia tələbinin Cavabdeh1 MMC və Cavabdeh3 Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzilinə qanunsuz müdaxilənin aradan qaldırılması, giriş qapısının açılaraq onun istifadəsi üçün məhdudiyyətlərin götürülməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində onun əmlak üzərində olan mülkiyyət hüquqlarına cavabdehlər tərəfindən qanunsuz müdaxilələr edilməsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-3164/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra tədbirləri görülən zaman iddiaçıya məxsus mənzilə dair yeni məhkəmə mübahisəsi olduğu üçün icra tədbirləri dayandırılmışdır. Mübahisəli mənzilə cavabdehlər tərəfindən hər hansı qanunsuz müdaxilələrin edilməsi faktı hazırkı məhkəmənin araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən hər hansı maneələr törədildiyi təqdirdə bu maneələr istinad edilən qətnamənin icrası nəticəsində aradan qaldırılacaqdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, xx xxxxx 2007-ci il tarixli müqavilə və maliyyə arayışı etibarsız hesab edilməli, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh3 Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatı ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehlərdən 20 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, xx xxxxx 2007-ci il tarixli müqavilə və maliyyə arayışı etibarsız hesab edilsin. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh3 adına Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatı ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehlərdən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar