Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1107/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının hesab koduna yazılmış 4.453,77 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçı bir müddət əvvəl müəyyən etmişdir ki, onun adıma olan **********10502 saylı abonentə hesabında 1.371,87 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndən orada iddiaçıya sənədlər təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan və ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən aydın oldu ki, akt tərtib olunan tarixlərdə sayğacın impuls ötürücü çarxı istilik nəticəsində əridildiyinə görə aktlar tərtib edilmiş və 1.371,87 manat borc məbləği iddiaçının hesabına yazılmışdır. İddiaçı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, ******* saylı aktla razı deyil. Çünki həmin akt qanunvericiliyin tələblərini pozmaqla tərtib edilmiş, qaz xəttinə, sayğaca baxış keçirələrkən, aktlar tərtib edilərkən iddiaçıya heç bir məlumat verilməmiş, hətta sayğacın yerindən çıxarılıb laborotoriyaya aparılarkən onlara qaz sayğacının yoxlanılmasını abonentin iştirakı ilə yoxlamalarını xahiş etsə də heç bir nəticə əldə etməmişdir. Bundan əlavə hətta sayğacdan kənar qazdan istifadə halı həqiqətən də müəyyən edilmiş olsaydı belə, bu halda da dəymiş ziyan məbləği düzgün hesablanmamışdır. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında cavabdehin nümayəndələri yaxınlaşaraq iddiaçıya 1.371,87 manat borcun olduğunu desə də daha sonra bu borc hal-hazır ki vəziyyət ilə 4.453,77 manatdır. Burdan belə nəticəyə gəlmək olur ki, iddiaçı 1 ay ərzində 3.081,90 manat dəyərində qaz işlətmişdir? Belə bir halın mümkünlüyü qeyri-mümkündür. Göründüyü kimi tələbnamədə dəymiş ziyanın məbləği mənzildə olan qaz qurğusunun sərfiyyatına, sayına, eləcə də mənzilin otaqlarının sahəsinə uyğun hesablanmamışdır. Tələbnamələrdən görünür ki, günlük qaz sərfiyyatı həddindən çox şişirdilərək bir ay ərzində 25920 kubmetr müəyyən edilmişdir ki, bu da həddən artıq yüksək və həqiqətə uyğun olmayan bir göstəricidir. Günlük qaz heç istixanalarda istifadə edilmir, nəinki evdə. İddiaçının evində heç vaxt bu həcmdə qaz sərfiyyatı olmayıb və olması da mümkün deyildir. Bundan əlavə dəymiş ziyanın məbləği hesablanarkən bir illik müddət götürülmüşdür ki, bu da düzgün hesablanma sayıla bilməz. Çünki təlimata uyğun olaraq, Cavabdeh əməkdaşları ən azından ildə iki dəfə qaz sayğaclarına nəzarət etməlidir. İddiaçının da qaz sayğacına ən azından 3-4 aydan bir Cavabdeh əməkdaşları tərəfindən nəzarət edilir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən ən çoxu 6 ay müddət müəyyən edilə bilərdi. Lakin Cavabdeh əməkdaşları dəymiş ziyan məbləğini hesablayarkən bu qaydaya əməl etməmişlər. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, borc məbləğləri qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. Bu akta qeyd olunan prosedurların zədələnmiş qaz sayğaclarında da eyni qaydada tətbiq olunduğu cavabdehin əməkdaşları tərəfindən iddiaçıya bildirilmədiyi və məlumatlandırılmadığı üçün vaxtında sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarını azəriqaza təqdim etməyi mümkün olmamışdır. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki belə olacağı reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 № li Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli 258 № li Fərmanı ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişiklikərə görə, istehsalın səmərəliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi müəyyən edilsə də cərimələrin tətbiq edilməsi barədə qeyd göstərilməmişdir. Göründüyü kimi, Qanunvericilikdə fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır və həmçinin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılmasının qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair cavabdehin heç bir sübutu yoxdur. İddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktı da cavabdeh tərəfindən sübut edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına iştirak edə bilməyəcəyini bildirmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24 aprel 2023-cü il tarixli aktdan görünür ki, iddiaçıya məxsus qaz sayğacının elektron və mexaniki göstəricilərində fərq olduğu müəyyən edilmiş, sayğacın 1.371,87 manat mənfiyə işlədiyi qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 avqust 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın impuls ötürücüsünün çarxının istilik nıticəsində əridiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilə abonentin 3.110,40 manat borcu mövcuddur. Həmçinin abonent hesabı 1.371,87 manat mənfiyə işləmişdir. Abonentin hazırda ümumilikdə 4.482,27 manat borcu var. İddiaçı hazırda cavabdeh tərəfindən abonent hesabına yazılmış 4.453,77 manat borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, abonent saldosunda iddiaçının 2023-cü ilə 3.110,40 manat borcunun olduğu və sayğacının 1.371,87 manat geriyə işlədiyi, ümumilikdə 4.482,27 manat borcunun olduğu görünsə də məhkəmə işə verilmiş iddia tələbinin həcmində baxmalı olduğundan hazırkı iş üzrə silinməsi tələb edilən 4.453,77 manat borca münasibətdə məhkəmə iddiaya qiymət verə bilər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi halı, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Həmçinin, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi, sayğacın göstəriciləri arasında fərqin müəyyən edilməsi, bu halın aradan qaldırılması cavabdeh tərəfindən həyata keçirilməsi olan tədbirlərdir. Odur ki, iddiaçının abonent hesabına cavabdeh tərəfindən hesablanmış 4.453,77 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********10502 saylı abunə koduna hesablanmış 4.453,77 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 64.54 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********10502 saylı abunə koduna hesablanmış 4.453,77 (dörd min dörd yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 64.54 (altmış dörd manat əlli dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1107/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1107/2024
16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver