Məhkəmə qərarları › İş №2(011)-1143/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1143/2022

26.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1143/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi və pulun qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş 30.08.2018-ci il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış cərimə borcunun və 2021-ci il tarixli akt üzrə hesablanmış cərimə borcunun ümumi hesabından qalan 1607,50 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 12/2021-ci il tarixinə kimi iddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 768,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması, işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı vəkil bürosunun və notariusun hesabına ümumilikdə ödənilmiş 131,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş 30.08.2018-ci il tarixli, ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış cərimə borcunun ümumi hesabından geridə qalan 1433,10 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 2022-ci il aprel ayına kimi iddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 942,90 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması, işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün və notariusa ödənilmiş ümumilikdə 131,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə-1 ünvanı üzrə **********00006 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən 30.08.2018-ci il tarixdə ******* saylı və 30.11.2021-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilərək, aktlarda sayğacın çıxış plastmas borusunun deşilməsi və sayğacın hesablama mexanizminin üzərindəki qoruyucu ekranının deşilməsi sayğacın çıxış plastmas borusunun deşilməsi barədə qeyd aparılmış, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası hesabat aparılaraq qaz itkisinin birinci akt üzrə 9720 m3 (1944 manat) və ikinci akt üzrə 4320 m3 (432 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçının adına olan abonent saldosuna əsasən iddiaçının 2022-ci ilin aprel ayı üzrə 1433,10 manat məbləğində borcu var. İddiaçının etdiyi ödənişlərdən cavabdeh tərəfindən borca görə 942,90 manat pul tutulmuşdur. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evimdə təbii qazdan istifadə edir. İstifadəsində olan fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən **********00006 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini də təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır. 2018-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipli 1302AZ**********76 nömrəli qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz edib çıxarılmış qaz sayğacını da dövlət yoxlamasına (laboratoriyaya) göndərmişlər. Dövlət yoxlamasında da qaz saygacının çıxış plasmas borusunun deşilmiş olması barədə rəy verilmişdir. Sözügedən rəy əsasında BRQSD-nin rəisi tərəfindən 30.08.2018-ci il tarixində «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli akt və həmin akt əsasında 30.08.2018-ci il tarixində Hesabat qəbul edilmiş, 9720 m3 qaz itkisinin yaranması səbəbindən abonent hesabına 1944 manat məbləğində cərimə borcu qeyd edilmişdir. Qaz sayğacının dövlət yoxlamasında onun iştirakı təmin olunmamış, eləcə də qaz sayğacında aşkar olunmuş xətalarda onun heç bir təqsiri olmamışdır. Evdən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta SOCAR işçisinin də müdaxilə etməsi mümkündür. Həmçinin, qaz sayğacının dövlət yoxlaması zamanı onda müəyyən olunmuş qüsur və xətaların SOCAR işçiləri tərəfindən də törədilmiş olması mümkün ola bilərdi. 2021-ci il tarixində ikinci dəfə cavabdehin nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipli qaz sayğacını mexanika tipli qaz sayğacı ilə əvəz edib, çıxarılmış smart tipli qaz sayğacı üçün abonent hesabına əlavə olaraq 432 manat məbləğində cərimə hesablamışlar. 30.08.2018-ci il tarixli ******* nömrəli aktı, habelə həmin akt əsasında qəbul olunmuş 30.08.2018-ci il tarixli Hesabatı, eləcə də 2021-ci il tarixində təkrar cərimə olunduğu sənədləşmələri qanunsuz və əsassız hesab edir. Ayrı-ayrılıqda 1944 manat və 432 manat məbləğlərində cərimə olunmağının da heç bir hüquqi əsası yoxdur. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsinin işin düzgün həlli üçün əhəmiyyəti vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktlarda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından iddiaçı borcun silinməsi barədə iddia qaldırmaqda haqlıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi borca görə iddiaçının hesabından silinən pulun qaytarılması hissəsində də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, itirilmiş qazın bərpası barədə hesabat aparılaraq qaz itkisinin hər iki akt üzrə ümumilikdə 2376 (1944 + 432 = 2376) manat müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan (GASREP) görünür ki, iddiaçının ödədiyi pulun bir hissəsi, cəmi 942,90 (2376 – 1433,10 = 942,90) manat məbləğində pul onun borcu hesabına silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Qeyd edilən müddəaya əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, qüsurun aşkar edilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitindən borca görə tutulmuş 942,90 manat pul iddiaçının özünə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vəkil bürosunun və notariusun hesabına, ümumilikdə ödənilmiş 131,50 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də əsaslıdır. İş materiallarında olan 08.10.2021-ci il tarixli “eManat” ödəniş terminalından çıxarılmış qəbzdən görünür ki, iddiaçı 7 saylı vəkil bürosuna 120 manat məbləğində hüquqi xidmət xərci və 1 manat komissiya haqqı olmaqla, cəmi 121 manat pul ödəmişdir. Həmçinin, iddiaçı tərəfindən etibarnamənin reyestrdə qeyd edilməsi üçün 11,50 manat məbləğində ödəniş edilmişdir. İddiaçının ödədiyi həmin pul vəsaiti hüququnun məhkəmədə müdafiə olunması üçün çəkdiyi xərcdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, həmçinin, hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, AR “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi qədər təşkil edir. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin 2376 manat məbləğində təmin olunduğu nəzərə alındıqda, iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 43,76 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçıya hesablanmış 1433,10 manat məbləğində borc silinsin. İddiaçı tərəfindən aparılmış ödənişlərdən borca görə tutulmuş 942,90 manat pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı qaytarılsın. Hüquqi xidmət üçün ödənilən 120 manat və notariat xərci olan 11,50 manat, ümumlikdə 131,50 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. 43,76 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar