Məhkəmə qərarları › İş №2(011)-1153/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1153/2023

03.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1153/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə aralarında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi imzalanmış və yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Asif Həsənov küçəsi (tərtib edilmiş sənədlərdə Abşeron rayonu, Masazır qəsəbəsi 1650 göstərilmişdir) ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Bundan sonra yaşadığı ünvana verilmiş təbii qazdan istifadə etməyə başlamış və istifadə etdiyi təbii qazın dəyərini hər ay ödəmişdir. Bir müddət əvvəl yaşadığı ünvanda istifadə etdiyi təbii qazdan istifadəyə görə borcunun məbləği barədə məlumat almaq üçün ərazi üzrə Cavabdehnə müraciət müraciət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, yaşadığı ünvan üzrə adına xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və iddiaçıya cərimə hesablanmışdır. Həmçinin o, təbii qazdan istifadə etmək üçün karta pul yüklədikdə hesabından həmin borca görə pul çıxılmışdır. Buna görə də iddiaçı barəsində tərtib edilmiş akt və digər sənədləri tələb etmiş və həmin sənədlər ona təqdim edilmişdir. Həmin sənədlərdən məlum olmuşdur ki, yaşadığı ünvanla bağlı xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və onun guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi əsas götürülməklə akt tərtib edilmiş və cərimə hesablanmışdır. O, həmin aktı və digər sənədləri alan zaman məlum olmuşdur ki, Cavabdeh əməkdaşları guya ona məxsus ünvana baxış keçirmiş, guya kənar xətt aşkar etmələri barədə akt tərtib etmişlər və fotoşəkillər çəkmişlər. X1 əməkdaşları tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt və həmin akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə, 8640 m3 itirilmiş qaz və həmin itirilmiş qaza görə 864 manat məbləğində (1 kub metri 0.10 qəpikdən hesablanmaqla) pul hesablanmışdır. Nəzərə çatdırır ki, xx.xx.2022-ci il tarixli, ******* saylı aktda guya onun həmin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Qeyd edir ki, həmin aktın tərtib olunduğu tarixdə Cavabdeh əməkdaşları yaşadığı ünvanda olmamışlar və ona aktı imzalamağı təklif etməmişlər. Həmin akt heç bir baxış keçirilmədən tərtib edilmiş və guya həmin aktı orada olmuş əməkdaşlar da imzalamışlar. Hansı ki, həmin tarixdə yaşadığı ünvanda Cavabdeh əməkdaşları olmamışlar. xx.xx.2022-ci il tarixli, ******* saylı akta əlavə edilmiş fotoşəkillərin onun yaşadığı ünvanda çəkilməsi və həmin kənar xəttin onun tərəfindən çəkilməsini təsdiq edən heç bir sübut yoxdur. O, təbii qaz xəttinə kənar xətlə müdaxilə etməmiş və həmçinin qaz sayğacına müdaxilə etməmişdir. Lakin cavabdeh təşkilat qaz xəttinə onun tərəfindən kənar xətt vasitəsilə qanunsuz qoşulma faktını sübuta yetirmədən və heç bir əsas olmadan ona itirilmiş təbii qaza görə cərimə hesablamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Asif Həsənov küçəsi (tərtib edilmiş sənədlərdə Abşeron rayonu, Masazır qəsəbəsi 1650 göstərilmişdir) ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləvğ edilməsi, həmin akt əsasında ona təbii qazdan istifadəyə görə əsassız hesablanmış cəmi 864 manat pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, həmçinin cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı Xubali qızına G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3 /saat günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə dəymiş ziyanın həcmi 4x24x90=8640 m3 (8640x 0,10=846 manat) müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/528 saylı, 15 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmişdir. Sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin (möhürün) sıxılması nəticəsində əks olunmuş plomb vardır və onun tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın surətində “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 864 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/528 saylı, 15 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmişdir. Sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin (möhürün) sıxılması nəticəsində əks olunmuş plomb vardır və onun tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, SOCAR Cavabdeh İB tərəfindən tərtib olunmuş 17 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt ləğv edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış 864 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. SOCAR Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh İB tərəfindən tərtib edilmiş 17 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hesablanmış 864 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar