Məhkəmə qərarları › İş №2(011)-1199/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1199/2022

17.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1199/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavavbdeh Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh tərəfindən cərimə kimi yazılmış 368 manat 99 qəpik borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 16.03.2022-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********10000 abonent kodu üzrə 27.12.2021-ci il tarixli gasrep üzrə 09.2012-ci il tarixə yazılmış 162,73 manat borcdan qalmış 122,4 manat, 2017-ci il üçün 399,4 manat, 2018-ci il mart ayı üçün 594 manat, aprel ayı üçün 365,77 manat, iyul ayı üçün yazılmış 108 manat borc olmaqla yazılan 1100 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, hazırda Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ev 16 ünvanında ailəsi ilə birlikdə yaşayır, 2018-ci il fevral ayında cavabdehin əməkdaşları həmin ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni mexaniki qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar, yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcu olmamışdır, bir müddət qazdan istifadə etmişlər, lakin sonradan borcu olduğunu öyrənmişdir, cavabdeh tərəfindən bildirilmişdir ki, ünvana məxsus qaz sayğacı əvəzlənmiş yoxlamaya göndərilmişdir, əməkdaşlar onlara bildirmişlər ki, onlar sayğaca müdaxilə etmədiyini bilirlər, lakin cərimə ödəməlidir, Gasrep sənədini aldıqda görmüşdür ki, ona fəqli tarixlərlə olmaqla ümumilikdə 1100 manat borc yazılmışdır, yaşadığı ünvanda köhnə sayğac kart sistemi ilə işləmişdir, köhnə qaz sayğacına heç bir borcu olmamışdır, ödənişlərini vaxtı-vaxtında etmişdir, qaz sayğacına müdaxilə etməmişdir, plombu da üzərində olmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.G.Quliyeva iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və aktlar tərtib olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı iddiaçının abonent koduna hesablanmış və həmin məbləğ də hazırda ondan tələb edilir, təqdim olunan sənədlərdən də görünür ki, iddiaçı sayğacdan kənar istifadə etmiş, bu səbəbdən onun hesabına 2017-2018-ci illər üçün 399,4, 594, 365,7, 108 manat borclar yazılmışdır, 2012-ci il üçün yazılmış borc uzun müddət əvvəl olduğu üçün aktı təqdim oluna bilmir. Sonda A.G.Quliyeva iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsi 2(011)-2607/2019 saylı 28.06.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ev 16-da yerləşən fərdi yaşayış evi üzrə abonent kodu (qaz hesabı) İddiaçı adına dəyişdirilmiş, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ev 16 fərdi yaşayış evinə dair **********10000 abonent kodu üzrə İddiaçı təbii qazın itkisinə görə hesablanmış 475 manat 20 qəpik və sayğacın dəyərinə görə tələb olunan 212,28 manat məbləğində borc silinmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 27.05.2019-cu il tarixli, 9741 saylı rəyində də iddiaçının yaşadığı ünvanda fərdi yaşayış evində sayğacdan kənar hər hansı qoşulma halının aşkar edilməməsi qeyd edilmişdir. İş materiallarında olan Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 22.02.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İTRON G4 markalı sayğac yeni İTRON G4 markalı sayğacla əvəz olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24.01.2017-ci il tarixdə **********10000 abonent kodu üzrə ******* saylı akt tərtib olunmuşdur, abonent qazdan qeyri-qanuni istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 31.01.2017-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 1998 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26.01.2018-ci il tarixdə **********10000 abonent kodu üzrə ******* saylı akt tərtib olunmuşdur, abonent sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 31.01.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 2970 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.05.2018-ci il tarixdə **********10000 abonent kodu üzrə ******* saylı akt tərtib olunmuşdur, sayğacın çıxış plastmas borusunun sınıq olması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 31.05.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 540 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 22.02.2018-ci il tarixdə yenisi ilə əvəz olunmuşdur, iddiaçıya məxsus abonent koduna 2012-ci ilin sentyabr ayı üzrə 162,3 manat, 2017-ci ilin fevral ayı üçün 399,40 manat, 2018-ci ilin mart ayı üçün 594 manat, 2018-ci ilin aprel ayı üçün 365,70 manat, 2018-ci ilin iyul ayı üçün 108 manat, ümumilikdə 1629,40 manat borc yazılmışdır, həmin borcdan onun tərəfindən qismən tutulmalar aparılmış, həmçinin Bakı şəhəri Xətai rayon Məhkəməsi 2(011)-2607/2019 saylı 28.06.2019-cu il tarixli Qətnaməsi ilə iddiaçıya məxsus abonent kodu üzrə hesablanmış 475,20 manat (təbii qazın itkisinə görə hesablanmış) məbləğində borc silinmişdir, hazırda iddia tələbi cavabdeh tərəfindən yazılmış 1100 manat borcun silinməsi barədədir. Bununla bərabər 2012-ci il sentyabr ayı üçün borcun hesablanmasına əsas verən, o cümlədən sayğacın zədələnməsinə səbəb olan hallarla bağlı iddiaçının (istehlakçının) təqsiri məhkəmə tərəfindən müəyyən olunmur. Məhkəmə hesab edir ki, 2012-ci il sentyabr ayı üçün iddiaçının abonent hesabına yazılmış 162,3 manat borcun hesablanmasına əsas olan sübutlar məhkəməyə təqdim edilmədiyindən, 2017-2018-ci illərdə tərtib olunmuş aktlar üzrə sayğacın zədələnməsinə səbəb olan hallarla bağlı iddiaçının təqsiri müəyyən olunmadığından, iddia tələbi əsaslıdır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, silinməli olan borc məbləği, əsassız hesablanmış ümumi borc (1629,40) məbləği çərçivəsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə silinmiş 475,20 manat məbləğ nəzərə alınmaqla (1629,40 - 475,20 = 1153,80) müəyyən olunmalı, iddia tələbindən (1100 manatdan) kənara çıxılmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********10000) yazılmış 1100 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox (1100 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 31 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1-da yerləşən fərdi yaşayış evi üzrə İddiaçı **********10000 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 1100 (min yüz) manat borc silinsin. Cavabdehndən 31 (otuz bir) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar