Məhkəmə qərarları › İş №2(011)-1199/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1199/2023

15.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1199/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-i tərəfindən tərtib edilmiş 31 avqust 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi, İddiaçı **********10004 saylı abonent koduna əsassız olaraq hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pirşağı qəsəbəsi,Meşəçilik sovxozu deyilən ərazidəki adsız fərdi yaşayış sahəsi 2008-ci ildən İddiaçı istifadəsindədir və ailəsiylə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvanda yaşadıqları ilk gündən etibarən mənzilləri "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qazla təmin edilmişdir. "Azəriqaz" İB-nin əvvəlcə quraşdırdığı mexaniki, daha sonra isə "Smart-kart" tipli qaz sayğaclarından istifadə zamanı həmişə qazın dəyərini əvvəlcədən ödəməklə qazdan istifadə etmişlər. Yaşadıqları bütün dövrlər ərzində sayğac mənzildən kənarda və yer səthindən xeyli hündürdə quraşdırılmışdır.Qazdan istifadə etdikləri illər ərzində heç bir problem olmamışdır.Yuxarıda da göstərdiyi kimi, müntəzəm olaraq,ödənişləri əvvəlcədən etməklə, qazdan istifadə edirmişlər. Lakin, 2022-ci ilin iyun ayının 23-də mənzildə qaz kəsildi. Bir neçə saat sonra çölə çıxıb sayğaca nəzər saldıqda məlum oldu ki, sayğacın çıxış borusu sınıbdır. Daha sonra o da məlum oldu ki, sayğacın çıxış borusu həmin gün qonşuya tikinti materialları gətirən, onlara məlum olmayan yük avtomobilinin toxunması nəticəsində sınmış, sayğac isə zədələnmişdir. Dərhal "Azəriqaz" İB-nin Pirşağı qəsəbəsində olan əməkdaşlarına hadisə barədə olduğu kimi məlumat vermişdir. Bir neçə dəqiqədən sonra əməkdaşlar hadisə yerinə gəldilər və gün ərzində sınmış sayğacı yenisi ilə əvəz edərək getdilər. Bununla belə, yay vaxtı olduğundan və qaza tələbat az olduğundan yeni sayğac vasitəsi ilə əvvəl yüklənilən qazdan problemsiz istifadə etməkdə davam etmişlər. Lakin,bir neçə gün əvvəl yayda quraşdırılmış yeni "smart-kart" tipli sayğac vasitəsi ilə qazdan istifadə edərkən dəyəri əvvəlcədən ödədnilən və sayğaca yüklənikən qazın çox hissəsi silinməyə başladı. Maraqlanan zaman bəlli oldu ki, 2022-ci ilin iyun ayının 23-də köhnə "smart-kart" tipli sayğacı çıxarıb apardıqdan sonra Akt tərtib olunaraq onlara əlavə 8640 kub.metr qaz sərfiyyatı hesablanmışdır ki, bu da hesablamaya görə, 1036,80 manat edir. İşin bu halları iddiaçıdan və ailə üzvlərindən gizlədilmiş, hətta yeni sayğacdan istifadə etdikləri təqribən 5 ay müddətində də tələb edilməmişdir. Əlavə sərfiyyatın hesablanması qanunsuzdur və o səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı məxsus mənzildə sayğaca baxış keçirilən zaman mexaniki sayğac çıxış yivli birləşməsinin gövdədən qopduğu üçün və plasmas qapağın üzərində zavod plasmas plomblardan biri aşkar olunmadığı üçün 8640 kub.metr qaz sərfiyyatı və həmin sərfiyyata görə 1036.8 (bir min otuz alt manat səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, 31 avqust 2022-ci il tarixli ******* nömrəli akt ləğv edilərək qaz sərfinə görə iddiaçıya hesablanmış 1036.8 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı barəsində tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 31 avqust 2022-ci il tarixli ******* nömrəli akt ləğv edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu: **********10004) hesablanmış 1036.8 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. 30.36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar