Məhkəmə qərarları › İş №2(011)-1201/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1201/2023

22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1201/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh İB-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, daş karxanası 695A ünvanında yerləşən yaşayış evinə Cavabdeh İB tərəfindən hesablanmış 1.036,86 manat debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, daş karxanası 695A ünvanında yaşayır. Cavabdeh İB ilə olan müqaviləyə əsasən həmin ünvanda yerləşən ev qazla təchiz edilmiş, həmin ünvana smartkart tipli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB tərəfindən iddiaçının evinə qazın verilməsi dayandırılmış, bu barədə cavabdehə bildirdikdə isə iddiaçının barəsində qazdan qanunsuz istifadəyə görə aktların tərtib edilməsi, həmin aktlara əsasən ona 1.036,80 mant borcun hesablanması bildirilmişdir. Lakin bu barədə iddiaçıya heç bir sənəd təqdim edilməmiş, iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb etdikdə isə cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçının iştirakı olmadan tərtib edilmiş, onun bu barədə məlumatı olmamışdır. Cavabdeh İB-nin nümayəndələri heç vaxt iddiaçıya məxsus evin həyətində olmamış, həmin evdə heç bir qanunsuz qoşulma halı aşkar edilməmişdir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, cavabdeh İddiaçı ödənilməmiş 1.508,20 manat məbləğində dəymiş maddi zərərin əvəzi və Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, daş karxanası 695A ünvanında yerləşən ona məxsus fərdi yaşayış evini qazla təmin edən “ümumi paylayıcı xəttə 01/2022-ci il tarixdə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etdiyi üçün” barəsində 1 dəfə akt tərtib edilmiş və Cavabdeh İB-yə ümumilikdə 1.036,80 manat məbləğində maddi zərər vurduğu müəyyən edilmişdir. İddiaçı daha sonra Cavabdeh İB-nin 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin müştəri xidməti şöbəsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə onunla təbii qazın alğı-satqısına dair yeni müqavilə bağlanmış, tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi müəyyən edilmişdir. İddiaçı **********100000 nömrəli abonent hesabında həmin tarixə mövcud olan 1.509,20 manat məbləğində borcu yazılı ərizə ilə qəbul etmiş, həmin borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. İddiaçı məxsus ünvana sonuncu dəfə smart qaz sayğacı da 09 avqust 2022-ci il tarixdə quraşdırılmışdır.Borclu abonent 12/2022-ci il tarixdə qaz sayğacı üzrə həmin borcdan 1 manat məbləğində ödəniş etmişdir. Hazırda onun Cavabdeh İB-yə ödənilməmiş 1.508,20 manat borcu qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2019-cu ilə 475.20 manat və 2022-ci ilə 1.036,80 manat borcu yaranmışdır. İddiaçı hazırda 1.036,80 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İB isə həm 2019-cu ildə, həm də 2022-ci ildə hesablanmış, ümumi 1.508,20 manat məbləğində borcun tutulmasını xahiş etmişdir və istinad etmişdir ki, borcun yazılmasının əsası G.Bababyeva tərəfindən qanunsuz olaraq sayğacdan kənar qazdan istifadə edilməsidir. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27mart 2023-cü il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1.036,80 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına 2022-ci il tarixdə hesablanmış 1.036,80 manat məbləğində borcun silinməsini məhkəmə qanunauyğun hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya aid ünvan üzrə sonuncu iki dəfə cərimələnmişdir. 1.036,80 manat məbləğində cəriməyə məhkəmə yuxarıda qiymət verərək iddiaçının kənar xətt vasitəsilə qoşulmasını aşkar etməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi təmin edilmişdir. Odur ki, 1.036,80 manat məbləğinə münasibətdə qarşılıqlı iddia tələbi rədd edilməlidir. 2019-cu ilin dekabr ayında yazılmış 475.20 manat məbləğində cəriməyə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh İB məhkəmə araşdırılması zamanı həmin cərimə borcunun da qaz xəttinə qanunsuz qoşulma nəticəsində yazılmasını bildirsə də bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda istinad olunan cərimənin hər hansı digər pozuntuya görə hesablanması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə araşdırmasında iddiaçının Cavabdeh İB-nin qaz xəttinə qanunsuz olaraq qoşulması halı təsdiq edilmədiyindən qarşılıqlı iddia tələbi rədd edilməlidir. Eyni zamanda, məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə istinad olunan borcun etirafı ilə bağlı verdiyi ərizəyə münasibətdə qeyd edir ki, nə qədər ki, Cavabdeh İB təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyaları həyata keçirdiyinə görə və vətəndaşların qazla təmin edilməsi funksiyası başqa hər hansı orqana məxsus olmadığından vətəndaşlar bir növ Cavabdeh İB-dən asılı vəziyyətdə olurlar. İstinad olunanlara əsasən məhkəmə iddiaçının verdiyi ərizəni etibarlı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə məhkəmə xərclərinə də öz qətnaməsində qiymət verməlidir. İş materiallarından görünür ki, Cavabdeh İB tərəfindən 35.08 manat dövlət rüsumu ödənilmişdir. Hazırkı mülki iş üzrə ilkin iddia tələbi təmin edildiyindən Cavabdehndən 30.37 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli, qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş 35.08 manat dövlət rüsumu Cavabdeh İBnin özünə aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 64 manat Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********100000 saylı abunə koduna hesablanmış 1.036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30.37 (otuz manat otuz yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin tutulması” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş 35.08 (otuz beş manat səkkiz qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 64 (altmış dörd) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar