Məhkəmə qərarları › İş №2(011)-1202/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1202/2023

11.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1202/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Borclu İB-yə qarşı “müqavilə bağlanması və s.” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00140 saylı abonent kodu altında mavi qazla təchiz edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən fərdi yaşayış evinə dair evin əvvəlki sakini X2 ilə Borclu İB arasında bağlanmış müqaviləyə xitam verilməsi, həmin evə dair Borclu İB ilə onun arasında yeni müqavilə bağlanması, həmin evə dair **********00140 saylı abonent kodunun ləğv edilərək, ona yeni abonent kodu verilməsi vəzifəsinin Borclu İB-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı mübahisələndirdiyi predmetin inzibati hüquq xarakterinə aid olduğunu, müqavilə bağlamaq öhdəliyinin qoyulması kimi işlərin rayon məhkəməsində baxıla bilmədiyi bildirdi və məhkəmə aidiyyətinə əsasən, mülki işə xitam verilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi müqaviləyə xitam verilməsi, yeni müqavilə bağlanması və s. barədədir, iddia tələbi üzrə cavabdeh olaraq Borclu İB göstərilmişdir. Bununla belə, iddia ərizəsindən və iş materiallarından iddiaçı ilə Borclu İB arasında mülki hüquq münasibətlərinin (müqavilə və s.) olması müəyyən olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”dan görünür ki, SOCAR Borclu təbbi inhisar subyektidir. Məhkəmə hesab edir ki, tərəflər arasında mülki hüquq münasibətlərinin (müqavilə və s.) olması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçının təbii inhisar subyekti olan SOCAR Borclu hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıldığından, İddiaçı iddia tələbi üzrə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etdiyindən hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 170, 261-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Borclu İB-yə qarşı “**********00140 saylı abonent kodu altında mavi qazla təchiz edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən fərdi yaşayış evinə dair evin əvvəlki sakini X2 ilə Borclu İB arasında bağlanmış müqaviləyə xitam verilməsi, həmin evə dair Borclu İB ilə onun arasında yeni müqavilə bağlanması, həmin evə dair **********00140 saylı abonent kodunun ləğv edilərək, ona yeni abonent kodu verilməsi vəzifəsinin Borclu İB-nin üzərinə qoyulması”barədə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar