Məhkəmə qərarları › İş №2(011)-1207/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1207/2024

27.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1207/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi 6, 10 saylı evə dair **********00045 nömrəli abonent koduna yazılmış 5.028,48 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli 30 iyun 2023-cü il tarixli, ******* nömrəli 25 may 2023-cü il tarixli, ******* nömrəli 28 aprel 2023-cü il tarixli, ******* nömrəli 31 mart 2023-cü il tarixli, ******* nömrəli 28 fevral 2023-cü il tarixli, ******* nömrəli 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli 30 dekabr 2022-ci il tarixli aktlara əsasən iddiaçının adına ümumilikdə 5.028,48 manat məbləğində cərimə yazılmışdır. Müxtəlif vaxtlarda və tarixlərdə adına əsassız şəkildə tərtib edilmiş 07 ədəd aktın heç birisindən iddiaçının xəbəri olmamışdır. Hələ üstəlik guya aktları qəbul edib imzalamaqdan imtina etdiyi də aktda qeyd edilmişdir. Guya iddiaçı qeydiyyatsız şəkildə təbii qazdan istifadə etmişdir. İddiaçının iştirakı olmadan, iddiaçıya məlumat verilmədən Cavabdeh İB-nin əməkdşaları özbaşına iddiaçının adına cərimə yazmışdırlar. İddiaçı qəti şəkildə nə aktlarda qeyd edilənləri, nə də ki, pulu qəbul etmir. Əgər dedikləri kimi qeyri-qanuni şəkildə təbii qazdan istifadə etmişəmdirsə əgər, iddiaçıya ilk akt tərtib olunan zaman məlumat verilməli və bu faktı sübuta yetirməli idilər. Cavabdeh İB-nin əməkdaşları öz xəyal güclərinə əsaslanaraq nə az nə çox iddiaçını 5.028,48 manat pul məbləği ilə yüklü etmişdirlər. Bu bir cəfəngiyyatdır. İddiaçının haqqı kobud şəkildə pozulmuşdur. Ona görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023cü il tarixli ******* saylı, 31 mart 2023-cü il tarixli ******* saylı, 28 aprel 2023-cü il tarixli ******* saylı, 25 may 2023-cü il tarixli ******* saylı, 30 iyun 2023-cü il tarixli ******* saylı aktların surətindən görünür ki, abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulması əsas gətirilərək ona 2022-ci ilin dekabr ayına 3.628,80 manat, 2023-cü ilin yanvar ayına 406.08 manat, fevral ayına 103.68 manat, mart ayına 423.36 manat, aprel ayına 69.12 manat, may ayına 198.72 manat, iyun ayına 198.72 manat olmaqla, ümumilikdə 5.028,48 manat cərimə yazılmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent koduna 2022-ci ilin dekabr ayına hesablanmış 3.628,80 manat, 2023-cü ilin yanvar ayına hesablanmış 406.08 manat, fevral ayına hesablanmış 103.68 manat, mart ayına hesablanmış 423.36 manat, aprel ayına hesablanmış 69.12 manat, may ayına hesablanmış 198.72 manat, iyun ayına hesablanmış 198.72 manat olmaqla, ümumilikdə 5.028,48 manat məbləğində borcun silinməsini məhkəmə qanunauyğun hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 2022-ci ilin dekabr ayına hesablanmış 3.628,80 manat, 2023-cü ilin yanvar ayına hesablanmış 406.08 manat, fevral ayına hesablanmış 103.68 manat, mart ayına hesablanmış 423.36 manat, aprel ayına hesablanmış 69.12 manat, may ayına hesablanmış 198.72 manat, iyun ayına hesablanmış 198.72 manat olmaqla, ümumilikdə 5.028,48 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı **********00045 saylı abunə koduna 2022-ci ilin dekabr ayına hesablanmış 3.628,80 manat, 2023-cü ilin yanvar ayına hesablanmış 406.08 manat, fevral ayına hesablanmış 103.68 manat, mart ayına hesablanmış 423.36 manat, aprel ayına hesablanmış 69.12 manat, may ayına hesablanmış 198.72 manat, iyun ayına hesablanmış 198.72 manat olmaqla, ümumilikdə 5.028,48 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 70.28 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 65 manat cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00045 saylı abunə koduna 2022-ci ilin dekabr ayına hesablanmış 3.628,80 manat, 2023-cü ilin yanvar ayına hesablanmış 406.08 manat, fevral ayına hesablanmış 103.68 manat, mart ayına hesablanmış 423.36 manat, aprel ayına hesablanmış 69.12 manat, may ayına hesablanmış 198.72 manat, iyun ayına hesablanmış 198.72 manat olmaqla, ümumilikdə 5.028,48 (beş min iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 70.28 (yetmiş manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 65 (altmış beş) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar