Məhkəmə qərarları › İş №2(011)-1220/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1220/2022

12.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1220/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana yazılmış 160 (bir yüz altmış) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 2 ünvana "xxxx" ASC 160 manat məbləğində borc olmuşdur. Həmin borcu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dondurulmuşdur. Ancaq həmin borc barədə heç bir silinmə aparılmamışdır, onun mülkiyyətində olan mənzildə həmin 160 manat məbləğində borc göstərilir. Bu da bir mülkiyyətçi kimi onu narahat edir. Hansı idarəyə müraciət edirsə ona məhkəmə qaydasında silinməsini tövsiyyə edirlər. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mülki işlə əlaqədar olaraq 158.50 (bir yüz əlli səkkis manat əlli qəpik) manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyini, lakin məhkəməyə gəlmədiyini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında məlumatlardan görünür ki, ünvan 1 ünvanında abonent İddiaçı 158.50 manat borcu vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının” 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. «Qaydalar»ın 8.31-ci bəndinə əsasən məişət abonenti müəyyən olunmuş gündən sonra 10 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, sonrakı hər bir gün üçün ödəniş aparılan günədək, ödəniş sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verməlidir. Məişət abonenti bundan sonrakı 20 gün müddətində ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəmədikdə dəbbə (penya) tutulması hüququndan asılı olmayaraq, enerji təchizatı müəssisəsi 3 gün əvvəl xəbərdar etməklə onu enerjiyə görə borc ödənilənədək elektrik şəbəkəsindən aça bilər. Elektrik şəbəkəsindən açıldığı müddətdə məişət abonentindən dəbbə (penya) tutulmur. “X1 Qaydalarının” 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh "xxxx" ASC-si tərəfindən tərtib edilmiş abunə haqqında məlumatda iddiaçının faktiki sahibliyində və istifadəsində olan mənzilə hesablanmış 158.50 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya məxsus mənzillə bağlı hesablanmış 158.50 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-si tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına hesablanmış 158.50 manat borc məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar