Məhkəmə qərarları › İş №2(011)-1242/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1242/2025

12.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1242/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 2065,86 manat məbləğin abonentin hesab kodundan silinməsinə və qeyriqanuni tutulmuş 83,70 manat məbləğin İddiaçı qaytarılmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır.xx.xx.2018-ci ildə "Azəriqaz" İB tərəfindən ünvan 1 ünvanında quraşdırılmış SMART G4 İTRON DİAFRAQMA tipli, 1002AQ**********0Neli qaz sayğacına abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirilmiş və GUYA sayğacın çıxış borusunun kənar təsir nəticəsində deşilməsi aşkar edilmişdir. Bu səbəbdən 1002AQ**********0 No li qaz sayğacı G4 markalı, SMART tipli, 1702AQ**********8 No li qaz sayğacı ilə əvəz edilmiş və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilmişdir.xx.xx.2018-ci ildə SMART G4 İTRON DİAFRAQMA tipli, 1002AQ**********0 No li qaz sayğacı GUYA dövlət yoxlanılması üçün laboratoriyaya göndərilmişdir.Dövlət yoxlamasının nəticəsi və Metrologiya Departamentinin rəyi məlum olmadan qeyd olunan faktla bağlı abonentin iştirakı olmadan Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» dəymiş zərərin hesablanması və ödənilməsi barədə xx.xx.2018-ci ildə ******* No li AKT tərtib edilmiş, lakin AKTın ikinci nüsxəsi abonentə verilməmişdir.Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli "X2"na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə 7064 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 1412,80 manat borc yazılmışdır.xx.xx.2023-cü ildə, gecə saatlarında, abonentin və ailə üzvlərinin evdə olmasına baxmayaraq Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirilmiş və GUYA sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və elə həmin gün qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 0409564. Ne li AKT tərtib edilmişdir. Həmin AKTa əsasən dəymiş ziyan 6048 m3 hesablanmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli, “X2”na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş, dəymiş ziyanın həcmi 6048 m3 hesablanmış və abonentin hesab koduna 725,76 manat borc yazılmışdır. Beləliklə, cavabdeh cAzəriqazə İB abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı və İmzası olmadan sayğacın çıxış borusunun deşilməsinə və təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə olunmasına dair “Dəymiş ziyan həcminin heşablanmaşı” barədə AKTlar tərtib etmiş, həmin AKTlara abonentin imza etməsindən imtina olunması qeyd olunmuş, sayğacın çıxış borusunun abonent tərəfindən deşilməsi və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən abonentin hesab koduna 2138,56 manat borc yazmış, 83,70 manat məbləğində borcdan tutulmuş, ümumilikdə 2065,86 manat borc qalmışdır. Məhkəməyə təqdim olunmuş AKTlardan görünür ki, həmin AKTlar birtərəfli qaydada tərtib edilmiş, abonent va ya ailə üzvləri və ya qonşular hamin AKTları imzalamamışdır. İmzalanmamış həmin AKTlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir.xx.xx.2024-cü il tarixli GASREPdən məlum olur ki, abonent xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə qədər 8003 m3 qaz sərfiyyatına görə 938,06 manat ödəniş etmiş və əsassız borca görə 83,70 manat tutulma olmuşdur. Bundan əlavə abonentin hesab koduna 2065,86 manat borc yazılmışdır.Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi AKTlar da normativ hüquqi AKTlar ola bilməz.” Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Pərviz Əliyev bildirmişdir ki, iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına baxış keçirilən zaman aktlar tətrib edilmiş və həmin aktlar nəticəsində iddiaçının abonent koduna iki akt üzrə 2138,56 manat cərimə hesablanmışdır, onun borcu 2138,56 manat həcmində müəyyən edilmişdir. X3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “....sayğacın çıxış borusuna kənar təsir nəticəsində deşilməsi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “X2na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00041) xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 7064 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “Abonent sayğacdan kənar zenit boru vasitəsilə təbii qazdan istifadə edir” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “X2na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00041) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 6048 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanı üzrə **********00041 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üçün 1412,80 manat, 11/2023 tarixi üçün 725,76 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən evə quraşdırılmış **********00041 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman “....sayğacın çıxış borusuna kənar təsir nəticəsində deşilməsi aşkar olundu” və “Abonent sayğacdan kənar zenit boru vasitəsilə təbii qazdan istifadə edir” əsası ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin – iddiaçının **********00041 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üçün 1412,80 manat, 11/2023 tarixi üçün 725,76 manat olmaqla ümumilikdə 2138,56 manat borc məbləği yazılmış, həmin borcdan 82,7 manat tutulmuşdur. Hazırda iddiaçı əsassız yazılmış borcun silinməsi və silinmiş vəsaitin geri qaytarılmasını tələb edir. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, iddiaçının abonent hesabına “Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üçün yazılmış 1412,80 manata münasibətdə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, müvafiq qaydalara uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus ev ilə əlaqədar ona dəymiş zərərə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə, iddiaçının abonent hesabına “Qalıq və aktlar” qrafasında 11/2023 tarixi üçün yazılmış 725,76 manata münasibətdə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, AKT əsasında “Qalıq və aktlar” qrafasında 11/2023 tarixinə 725,76 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 2055,86 manat borc silinməli və borca görə əsassız olaraq silinmiş 82,87 manat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00041) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2055,86 manat məbləğində borc silinməli və və borca görə əsassız olaraq silinmiş 82,87 manat geri qaytarılmalıdır. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırkı iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi (2138,56) nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 41,39 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00041 saylı abonent hesabına Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2055 (iki min əlli beş) manat 86 (səksən altı) qəpik borc silinsin. İddiaçı **********00041 saylı abonent kodu üzrə ödənilmiş 82 (səksən iki) manat 07 (yeddi) qəpik məbləğində pul vəsaiti geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 41 (qırx bir) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar