Məhkəmə qərarları › İş №2(011)-1245/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1245/2024

05.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1245/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı məcburi payın müəyyən edilməsi iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət mənzilin paylı mülkiyyətçisi kimi atasının X3 vərəsəlik qaydasında cavabdehə keçən hissəsində iddiaçının birinci növbənin vərəsəsi kimi məcburi pay müəyyən olunmaqla həmin hissəyə dair mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında olan 5 otaqdan ibarət mənzilin paylı mülkiyyətçisi kimi 2 otağı iddiaçıya, 3 otağı X5 məxsus olmuşdur. X2 2011-ci ildə vəfat etmiş, paylı mülkiyyətlərində olan ona məxsus 3 otaqlı mənzil qardaşı Cavabdeh mülkiyyətinə keçmişdir. Hazırda qeyd edilən mənzilin iki otağında iddiaçı, həyat yoldaşı, iki oğlu, gəlini və nəvəsi, 3 otağında isə cavabdeh, həyat yoldaşı və 3 uşağı yaşayırlar. İddiaçının qardaşı Cavabdeh qeyd olunan mənzildəki atasına məxsus payın atasının ona sağ ikən bağışladığını iddiaçıya bildirmişdir. Mənzilin qeyd olunan iddiaçının atasında aid hissəsinin qardaşına vərəsəlik qaydasında keçdiyindən iddiaçının xəbəri olmamışdır. İki çoxuşaqlı ailənin bir yerdə yaşaması dözülməz və mümkün olmadığına görə tərəflər arasında məhkəmə mübahisələri olmuşdur. Lakin heç bir məhkəmədə cavabdehə olan payın qardaşının vərəsəlik qaydasında keçməsi iddiaçıya bildirilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3147/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra edilməsi üçün icra orqanına göndərildikdən sonra ddiaçıya yuxarıda qeyd edilən hallar məlum olmuşdur. Bu səbəblə də, mənzilin atasına aid hissəsi vərəsəlik qaydasında qardaşına keçdiyinə görə, iddiaçının da atasında aid hissədə məcburi pay hüququ müəyyən edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mənzilin 2 otağı və 3 otağı ayrı-ayrı əsaslarla özəlləşdirilmişdir. Hər ikisi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə vətəndaşların kirayə müqaviləsi var idi. Həmin müqavilələr əsasında da özəlləşdirmə aparılmışdır. İşin halları: ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə dair mülkiyyət hüququ xx.xx.2011-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmışdır. Qeydiyyat üçün əsas Xətai Rayon İcra Hakimiyyəti Başçısının 14-20 nömrəli xx.xx.2002-ci il tarixli Sərəncamı olmuşdur. Qeyd edilən sərəncama əsasən General Mehmandarov küçəsindəki 52 nömrəli evin, yaşayış sahəsi 46,60 kv.m. olan 3 otaqlı 89 nömrəli mənzilinin kirayə müqaviləsinin vətəndaş Cavabdeh ilə bağlanması və mənzilin şəxsi maliyyə hesabında dəyişikliyin edilməsi, ailə tərkibi 6 nəfər olmaqla vətəndaş Cavabdeh mənzilin kirayəşini hesab edilməsi qərara alınmışdır. ünvan 2 ünvanında yerləşən mənzilin 2 otağına dair mülkiyyət hüququ isə xx.xx.2019-cu il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. Qeydiyyat üçün əsas Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli M-449 nömrəli sərəncamı olmuşdur. Həmin sərəncama əsasən Bakı şəhəri Xətai rayonu, General Mehmandarov küçəsindəki 52 saylı evin sahəsi 12,79 və 16,6 kvadrat metr olan 2 otaqlı mənzilin kirayə müqaviləsinin vətəndaş İddiaçı ilə, sahəsi 13,6, 16,6 və 16,6 kv.m. olan 3 otağın kirayə müqaviləsinin isə X6 ilə bağlanması qərara alınmışdır. İddianın hüquqi əsasını təşkil edən normativ hüquqi aktlar Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçisi kimi X2nun payının cavabdehə vərəsəlik qaydada keçdiyini, həmin əmlakda iddiaçının məcburi payının olduğunu iddia etsə də, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mənzil heç bir zaman mərhum X4 mülkiyyətinə keçməmiş, Xətai Rayon İcra Hakimiyyəti ilə Cavabdeh ilə mənzilin 3 otağı ilə bağlı, X7 ilə isə mənzilin 2 otağı ilə bağlı kirayə müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən qeyd edilən şəxslərin mülkiyyət hüququ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, sözügedən daşınmaz əmlak mərhum X4 miras əmlakın daxil olmamış, həmin əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Belə olan halda, iddiaçının əmlaka dair məcburi payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması ilə bağlı iddiası da əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət mənzilin paylı mülkiyyətçisi kimi atasının X3 vərəsəlik qaydasında cavabdehə keçən hissəsində iddiaçının birinci növbənin vərəsəsi kimi məcburi pay müəyyən olunmaqla həmin hissəyə dair mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar