Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-125/2024 13.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdeh1 Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 40 saylı Notariat Kontoruna və Bakı şəhər 15 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı qızı və anası X7 ilə birlikdə uzun illərdir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 16 saylı evin 12 nömrəli mənzilində yaşamışdır. İddiaçının anası xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bu barədə 22 iyul 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı ASAN Xidmət Mərkəzində ölüm haqqında şəhadətnamə verilmişdir.
2. İddiaçının mərhum anası X3 Seriya RX 0639620№li xx.xx.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 16 saylı evin, 12 nömrəli mənzil miras qalmışdır.
3. Cavabdeh onun qardaşıdır. Anasının vəfatından sonra qardaşı Cavabdeh1 xx.xx.2019-cu il tarixli vəsiyyətnaməyə əsasən Bakı şəhəri 40 saylı Notariat Kontoruna müraciət etmişdir.
4. İddiaçı qeyd etmişdir ki, uzun müddət həmçinin, xx.xx.2019-cu il tarixli vəsiyyətnamə verilən zaman anası xəstə olmuş və heç vaxt evdən çıxmamışdır, çünki onun görmək (kor) qabiliyyəti demək olar ki, yox idi. Xəstə olduğu müddət ərzində ona iddiaçı və ailə üzvləri qulluq etmişdir. İddiaçının vəsiyyətnamənin saxta olmasına, imzanın anası tərəfindən atılmadığına dair əsaslı şübhələri mövcuddur. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının tələbi:
5. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 16 saylı evin 12 saylı mənzili ilə bağlı Bakı şəhəri 15 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
6. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, iddia tələbini müdafiə edir. Tərəflərindən ATU-nun X2 sorğu verilmiş və xx.xx.2024-cü il tarixdə cavab alınmışdır ki, 1938-ci il təvəllüdlü X8 xx.xx.2019-cu il tarixdə saat 11:39-da laborator müayinələrdən keçməklə xx.xx.2019-cu il tarixdə əməliyyat olunub və qeyd edilib ki, hər bir göz əməliyyatından sonra xəstəyə 3 saatlıq sarğı qoyulur. xx.xx.2019-cu il tarixli vəsiyyətnamə guya saat 12:45-də tərtib edilmişdir. Bundan başqa Jananın imza etdiyi hər hansı bir sənədin göndərilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu verilmiş və X3 imzası olan şəxsi vərəqəsinin arxiv surəti göndərilmişdir. Həmin imza notariatda olan imzadan tam fərqlidir. Vəsatət vermiş və Bakı şəhəri 15 saylı Notariat ofisi bildirmişdir ki, vəsiyyətnamə tərtib edilərkən fotoşəkil çəkilməmişdir. Əslində Jananın şəxsiyyət vəsiqəsi ilə imzasının fərqli olması notariusda şübhə yaratmalı idi- lakin nədən isə notarius bu fərqliliyə göz yummuşdur.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən Şahid öz izahatında qeyd etmişdir ki, Afiqi tanıyır. Payız ayı idi, sentyabr ayı idi, dərs ili yeni başlamışdı. Afiqin maşını ilə onun mərhum anası Jananı götürdük. Jana xanım qabaqdakı oturacaqda əyləşdi. Jana Günəşlidə yaşayırdı. Jananın əhvalı yaxşı idi. O qeyd etmişdir ki, Jana onu qiyabi tanıyırdı, daha əvvəl görməmişdi. Gözündə sarğı olmamış, yolda ümumi şeylərdən danışmışlar. Rus dilində danışırmışlar. Yolda vərəsəliklə bağlı heç bir şey deməmişdir. Notariat ofisinə getdikdən sonra notarius onları dəhlizə çıxarmış və mərhum özü tək qalmışdır. Onun yazdığını uzaqdan görmüşdür. Mərhum Jana xanım ilk əvvəl orada çalışan oğlanla otağa getmiş, daha sonra otaqdan çıxmış və dəhlizdə yazmışdır. Onlar cəmi 4 nəfər olmuşlar, Afiq, Aydın, Jana xanım və Mahmud. Qardaşı getdikləri notariat ofisində etibarnamə verdiyindən oranı tanıyırmış, həm də orada tanışı Eldar işlədiyindən, ora həmişə “Eldarın notariusu” deyirmiş. Notariusun nə üçün onları çölə çıxardığını bilməmişdir, onlar ora şahid qismində getmişdirlər, daha sonra deyilmişdir ki, şahidə ehtiyac yoxdur. Jana xanım gözündən əməliyyat olunmamışdı, əgər olunsa idi Afiq bunu mütləq ona deyərdi. Çünki bu hadisə olmasa da onlar Afiqlə hər gün görüşürmüşlər. Afiq sadəcə notariusa getmək lazım olduğunu, anasının onu notariusa aparmasını istədiyini bildirmişdir. Jana xanım yaşlı qadın idi.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən şahid X6 öz izahatında qeyd etmişdir ki, Mahmud ona demişdir ki, 2 şahid lazımdır, çünki Jana xanım rusdilli olduğu üçün buna ehtiyac var. Bu səbəbdən onlar da şahid kimi notariusa getmişdirlər. Həmin gün o və Mahmud Xalqlar dostluğu metro stansiyasının yanında gözləyirmişlər. Afiq öz maşını ilə gəlib onları götürmüş, Jana xanım ön oturacaqda əyləşmişdi. Notariat ofisi Xəzər Universitetinin yanında yerləşirdi. Jana xanım balaca boylu, ağ saçlı qadın idi. Notarius da ağ saçlı kişi idi. Notarius ilk öncə Afiqi, daha sonra onu və Mahmudu dəhlizə çıxarmışdır. Notarius özü Jana xanımla təkbətək danışmışdır. Notariat ofisi 3 mərtəbə köhnə binada yerləşirdi. Hazırda həmin bina sökülüb, sol tərəfdə müdirin otağı yerləşirdi. Günün 1-ci yarısı idi, dəqiq yadındadır, çünki saat 2-də o, bacısıgildə Sumqayıtda olmalı idi. Notariat ofisində çalışan qız Jana xanıma diktə edirdi çöldə, o da yazırdı. Ancaq müdirin yanında yazmadı. Notarius ağ saçlı arıq kişi idi. Notarius onlarla Azərbaycan dilində danışırdı. Jana xanım gümrah idi, gözündə eynək olub-olmadığını tam xatırlamır. Afiq onları təxmini xatırladığına görə Xalqlar Dostluğu metrostansiyasına gətirmişdir. Jana xanımı onlar götürməmiş, Jana Afiqlə birlikdə gəlmişdi.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən Cavabdeh1 öz izahatında qeyd etmişdir ki, anası şəkər xəstəsi olmuşdur, anasını bütün müayinələrə və əməliyyatlara o aparırmış. Anası əməliyyatda ona nəsə olar deyə çox narahat idi. Notariusa əvvəlcədən gedib danışmamışdır. O da anası da bu barədə iddiaçının bilməyini istəmirdi. Notariat ofisi köhnə binada yerləşirdi. Notarius özü isə arıq kişi idi. Anası azərbaycan dilində bəzi şeyləri başa düşsə də ümumilikdə azərbaycan dilini pis bilirdi. Şahidləri yola saldıqdan sonra anasını xəstəxanaya aparmışdır. Anasını həmin gün hardasa saat günorta 4 radələrində xəstəxanaya aparmışdır. Vəsiyyətnamə yazdığı gün səhər əməliyyat olunmamışdır. Notariusdan çıxdıqdan sonra Tibb Universiteti tərəfdə yerləşən göz klinikasına getmişdirlər. Həkim iddiaçının yeznəsinin tanışı olmuş, məhz ona görə həmin xəstəxanaya getmişdirlər.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 öz izahatında qeyd etmişdir ki, artıq bu məhkəmə prosesi 1il yarımdır ki, davam edir. İddiaçının iddia tələbini əsassız hesab edir, çünki iddiaçı vəsiyyətnamənin etibarsızlığını irəli sürsə də bunu sübut edəcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İmza ilə bağlı isə qeyd etmək lazımdır ki, imzalar göründüyü kimi tərəflərin anası- Hüseynova Jana tərəfindən icra olunmuşdur. Anası vəsiyyətnamə əsasında öz əmlakını cavabdehə bağışladığından əmlakın böyük hissəsi cavabdehə çatmalıdır, ancaq təbii ki, iddiaçının da mirasda məcburi pay hüququ mövcuddur. İddiaçı öz tələbini sübut etməyə borcludur, lakin iddia tələbini əsaslandıracaq heç bir sübut yoxdur. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Digər cavabdehlər Bakı şəhəri 40 saylı Notariat Kontoruna və Bakı şəhəri 15 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
13. xx.xx.2019-cu il tarixli vəsiyyətnaməyə əsasən X8 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 16 saylı evin 12 saylı mənzilini oğlu Cavabdeh1 vəsiyyət etmiş və vəsiyyətnaməni imzalamışdır.
14. AZ-İİ 278211 №li Ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat etmişdir.
15. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX 0639620№li çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. (Qeydiyyat tarixi: xx.xx.2015-ci il, qeydiyyat nömrəsi- **********).
16. Mənzilin texniki pasportu.
17. xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavaba əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X8 xx.xx.2019-cu il tarixdə ATU X2 oftalmoloq müayinəsi üçün müraciət etmişdir.
18. xx.xx.2023-cü il tarixli sorğuya cavaba əsasən X8 1938-ci il təvəllüdlü xx.xx.2019cu il tarixdə klinikaya OD-fəsadlı katarakta, OS-artifakiya diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən VisOD=işıq duyğusu, VisOS= 0,5 (onda beş) olmuşdur. Xəstə laborator müayinədən keçmişdir. xx.xx.2019-cu il tarixdə OD-kataraktanın intrakapsulyar ekstraksiyası İOL, implantasiyası olmuşdur. (Xəstə evə yazılarkən Vis OD= 0,5 Vis OS= 0,5 )
19. AR Səhiyyə Nazirliyi ATU-nun X4 1168/19 nömrəli ambulator karta əsasən X8 xx.xx.2019-cu ildə klinikaya daxil olmuş, xx.xx.2019-cu ildə evə yazılmışdır.
20. xx.xx.2019-cu il tarixdə X8 elektrokardioqrammadan keçmişdir.
21. AR Səhiyyə Nazirliyi ATU-nun X1 Oftalmologiya şöbəsinin müdiri İsmayılov Qurban tərəfindən verilmiş ərizəyə əsasən xəstə X8 xx.xx.2019-cu il tarixdə laborator müayinələr EKQ VƏ İOL MASTER olunub. (saat 11:39). Xəstəyə xx.xx.2019-cu il tarixində yerli OD-kataraktanın ekstraksiyası İOL implantasiyası icra olunub. Xəstə evə yazılıb. Əməliyyatdan əvvəl xəstənin gözündə sarğı olmayın. Hər bir göz əməliyyatından sonra xəstəyə 3 saatlıq sarğı qoyulur. Xəstənin sol gözü 0,5 yəni 50% görür. Xəstə maşın sürə bilər, yazı yaza bilər, hətta təyyarədə uça bilər.
22. AR Ədliyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat ofisində X8 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin qeydiyyata alınmasına dair 2V reyestr kitabı.
23. AR Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli 4/1836 №li ekspert rəyinə əsasən: 1. Əksləri ekspertizaya təqdim edilmiş, mülki işin 15-ci vərəqində xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar ilə mülki işin 60-cı vərəqində xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar öz aralarında- eyni şəxs tərəfindən icra edilmişdir. 2. X3 yazı nümunələri təqdim olunmadığından məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadın 2-ci sualı üzrə tədqiqat işi aparılmamışdır.
24. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə mərhum X3 iştirakı ilə Bakı şəhəri 15 saylı Notariat Ofisində tərtib edilmiş və reyestr nömrəsi 261 olan vəsiyyətnamə notarial qaydada təsdiq edilərkən qeyd edilən vaxtda vətəndaşların fotoşəkli notariat işinə əlavə edilmədiyindən mərhumun şəkli elektron notariat informasiya sistemində əks olunmuşdur.
25. 11 iyun 2024-cü il tarixli Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən ABB ASC-nin əməliyyat sistemində X5 məxsus yalnız pensiya hesabı aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bank tərəfindən pensiyaçılara bank hesabları DSMF-nin sifarişi əsasında açılır və müştəri tərəfindən Banka imza nümunəsi təqdim olunmur.
26. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixdə məhkəməyə daxil olmuş ekspert məlumatına əsasən X3 sərbəst xətt nümunələrinin təqdim olunmasının mümkün olmaması və təqdim olunmuş nümunələr əsasında rəy verilməsi barədə məktub daxil olsa da vəsatət təmin olunmamışdır.
27. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Konstitusiyası:
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
29. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.
31. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu:
47. Vəsiyyətnamələrin təsdiq edilməsi Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir.[89] Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçünməhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
34. İddiaçı onun anası tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 16 saylı evin 12 saylı mənzili ilə bağlı Bakı şəhəri 15 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, vəsiyyətnamə anası tərəfinn yazılmamış, imzalanmamış, vəsiyyətnamə qanunauyğun tərtib edilməmişdir.
35. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1225-ci və 1230-cu maddələri təşkil edir
36. İddiaçı tərəf vəsiyyət edənin gözündə problem olduğunu, vəsiyyətnamə tərtib edilən zaman görmə qabiliyyətinin zəif olduğunu (“onun görmək (kor) qabiliyyəti demək olar ki yox idi” §4) iddia edərək, onun ümumiyyətlə, vəsiyyətnaməni yazmaq qabiliyyətinin olmadığını iddia etmişdir. Lakin məhkəmə araşdırması zamanı vəsiyyət edənin əməliyyat olunmamışdan əvvəl vəsiyyətnamə tərtib etdiyi bildirilmiş, xx.xx.2023-cü il tarixli sorğuya cavaba əsasən X8 1938-ci il təvəllüdlü xx.xx.2019-cu il tarixdə klinikaya OD-fəsadlı katarakta, OS-artifakiya diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən VisOD=işıq duyğusu, VisOS= 0,5 (onda beş) olmuşdur. Xəstə laborator müayinədən keçmişdir. xx.xx.2019-cu il tarixdə OD-kataraktanın intrakapsulyar ekstraksiyası İOL, implantasiyası olmuşdur. (Xəstə evə yazılarkən Vis OD= 0,5 Vis OS= 0,5 ). (§18) Eyni zamanda mülki iş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi ATU-nun X1 Oftalmologiya şöbəsinin müdiri İsmayılov Qurban tərəfindən verilmiş ərizəyə əsasən qeyd edilir ki, xəstə X8 xx.xx.2019-cu il tarixdə laborator müayinələr EKQ VƏ İOL MASTER olunub. (saat 11:39). Xəstəyə xx.xx.2019-cu il tarixində yerli OD-kataraktanın ekstraksiyası İOL implantasiyası icra olunub. Xəstə evə yazılıb. Əməliyyatdan əvvəl xəstənin gözündə sarğı olmayıb. Hər bir göz əməliyyatından sonra xəstəyə 3 saatlıq sarğı qoyulur. Xəstənin sol gözü 0,5 yəni 50% görür. Xəstə maşın sürə bilər, yazı yaza bilər, hətta təyyarədə uça bilər. (§21)
37. İddiaçı tərəf vəsiyyətnamənin mülki qanunerciliyə uyğun tərtib edilmədiyini qeyd etsə də məhkəmə hesab edir ki, vəsiyyətnamənin əsas hissəsi miras qoyanın əl yazısı ilə yazıldığından, şahid qismində şəxslərin notariata getməsinə baxmayaraq notariusun şəxsin özü tərəfindən vəsiyyətnaməni yaza biləcəyini müəyyənləşdirdikdən sonra şahidlərin iştirakı olmadan vəsiyyətnamənin tərtib edilməsini mümkün hesab etməsi müəyyənləşdirilmişdir. Şahidlərin hər ikisi notariusa mərhumla bir yerdə getdiklərini, orada gedən prosesləri oxşar məzmunda təsdiq etmişlər. İzahlar arasında cüzi fərqliliklər aradan 5 ilə yaxın zaman keçməsi nəzərə alınaraq ağlabatan hesab edilə bilər.
38. İddiaçı vəsiyyətnamənin anası tərəfindən tərtib edilmədiyini, xəttin, imzanın ona məxsus olmadığını qeyd etsə də, anasına məxsus ekspertiza üçün kifayyət qədər xətt nümunələrini, imzaları və sairə sənədləri məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilmiş, AR Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli 4/1836 №li ekspert rəyinə əsasən: 1. Əksləri ekspertizaya təqdim edilmiş, mülki işin 15-ci vərəqində xx.xx.2019cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar ilə mülki işin 60-cı vərəqində xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar öz aralarında- eyni şəxs tərəfindən icra edilmişdir. 2. X3 yazı nümunələri təqdim olunmadığından məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadın 2-ci sualı üzrə tədqiqat işi aparılmamışdır. (§23) Növbəti AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ekspert məlumatına əsasən X3 sərbəst xətt nümunələrinin təqdim olunmasının mümkün olmaması və təqdim olunmuş nümunələr əsasında rəy verilməsi barədə məktub daxil olsa da vəsatət təmin olunmamışdır. (§26)
39. Məhkəmə hesab edir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil, iddiaçı iddia ərizəsində göstərilən dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, hazırda etibarlılığı mübahisələndirilən vəsiyyətnamə yazılı formada tərtib edilmiş, əsas hissəsi vəsiyyət edən X3 tərəfindən notariusun iştirakı ilə yazılaraq imzalanmışdır. Mülki iş üzrə iki dəfə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə tərəfindən iddiaçı tərəfə mərhum X3 imzası, yazısı olan əlavə sənədlərin təqdim edilməsi təklif olunmuş, sənədlərin, xətt nümunələrinin əldə edilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. Lakin iddiaçı tərəf məhkəməyə bu kimi sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum X3 gözünün görmədiyini, o ərəfədə əməliyyat olunduğunu və vəsiyyətnaməni yazıb, imzalama imkanına malik olmadığını göstərsə də, məhkəmə araşdırması zamanı onun bu dəlilləri öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə iclasında izah verən şahidlər notariat orqanına mərhum X8 və cavabdehlə bir yerdə getdiklərini təsdiq etmişdirlər.
40. Məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsasızdır və rədd edilməlidir.
Məhkəmə xərcləri:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
42. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova