Məhkəmə qərarları › İş №2(011)-1257/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1257/2024

14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1257/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 3110.40 manat cərimə borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı hal-hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində ailəmlə birlikdə yaşayır. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları xx.xx.2023-cü ildə ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırdılar. Yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcu olmamışdır. Bir müddət qazdan istfadə etmişlər. Lakin bir müddət sonra smart karta pul ödəniş edilən zaman borc məbləği olduğunun şahidi olmuşlar. Bununla bağlı “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş, ona bildirdilər ki, güya ki, onlar köhnə qaz sayğacına müdaxilə etmişlər və buna görə də 3110.40 manat cərimə borcu var. O, cərimənin hansı əsasa yazıldığını araşdırmaq üçün “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş və ona bildirmişlər ki, ona məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı 1202AQ**********5 zavod nömrəli qaz sayğacı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları ona məlumat vermişlər ki, “bilirik siz sayğaca müdaxilə etməmisiz güya ki, sayğacın çıxış plastmas borusu deşilmşidir və bu səbəbdən də, əsassız olaraq siz cərimə ödəməlisiniz” Bu səbəbdən də, 3110.40 manat məbləğində cərimə pulu ödəməyini tələb etmişlər. Hansı ki, onun yaşadığı evdə sayğac kart sistemi ilə işləyib, bu səbəbdən də hesab edir ki, onun qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına kart vasitəsi ilə ödənişlərini vaxtı-vaxtında etmiş və qaz sayğacına heç bir müdaxilə etməmişdir və plombuda üzərində olub. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. Sayğacın çıxış plastmas borusu deşilməsi onun günahı deyil və ona əsassız olaraq yazılan 3110.40 manat məbləğində cərimə pulun silinməsi üçün ərizə ilə “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş lakin, nəticəsi olmayıb. O qaz sayğacına müdaxilə etməmişdir. Hesab edir ki, Bakı şəhər Xətai rayon X1 işçiləri tərəfindən tərtib edilən cərimə borcları əsassızdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir, bununla belə iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron qaydada məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, **********00502 abonent kodu üzrə qaz sayğacı 2023-cü il aprel ayında yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan MSK 14-2-2/3-5-4244-1 nömrəli Aktdan görünür ki, 1202AQ**********5 nömrəli sayğac üzrə yoxlamanın nəticəsi kimi “sayğaca baxış keçirildi, Sayğacın çıxış plasmas borusu deşilib, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Xətalar təyin edilə bilmədi. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qutusunda yoxlamaq mümkün deyil. Sayğac istismara yararsızdır” qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus abonent kodu üzrə “Sayğacın çıxış plasmas borusu qırılıb, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00502) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Gasrep sənədindən görünür ki, Kazımağa Kərimov ev 34, mənzil 50B üzrə abonent İddiaçıdır, həmin ünvan üzrə abonent kodu **********00502-dır, 11/2012 – 04/2023-cü illər üzrə ödəniş 4056,4 manat, sərfiyyat 33084 kub/metr olmuş, borca görə tutulma manat olmamış, karta cəmi 4056,4 manat məbləğ yüklənmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə **********00502 saylı abonent hesabına 05/2023-cü il tarixi üzrə “Qalıq və aktlar” qrafasında 3110,40 manat borc, 11/2023-cü il tarixinə ay sonuna borc 3071,40 manat olmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən evə quraşdırılmış **********00502 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, İddiaçı yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı Sayğacın çıxış plasmas borusu qırılıb, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********00502 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 05/2023-cü il tarixi üzrə 3110,40 manat borc yazılmışdır, 11/2023-cü il tarixinə ay sonuna borc 3071,40 manat olmuşdur, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, Akt əsasında 05/2023-cü il tarixə yazılmış 3071,4 manat borc məbləği ilə bağlı iddiaçı və onun ailə üzvləri tərəfindən sayğaca müdaxilə olunmasına, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar, habelə iddiaçının abonent kodunda 3071,40 manatdan daha çox borcun olması məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının abonent hesabına daxil edilmiş 3071,40 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00502) itirilmiş qazın bərpası məqsədilə yazılmış 3071,40 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox 10000 manatdan az olduğundan, iddia tələbinin həcmi (3071,40) nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 50,72 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00502 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 3071 (üç min yetmiş bir) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 50 (əlli) manat 52 (əlli iki) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar