Məhkəmə qərarları › İş №2(011)-1258/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1258/2024

16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1258/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi və Cavabdeh tərəfindən əsassız hesablanmış 1.567,40 manat məbləğində borcun silinməsi, hüquqi xidmət haqqına görə ödənilmiş 120 manat pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qala yeni yaşayış massivində yerləşən fərdi evdə ailəsi ilə birgə yaşayır. İddiaçı, Cavabdeh İB ilə bağlanmış qazın alqı-satqısı barədə 21 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən, **********09721 nömrəli abonent kodu üzrə təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında və tam şəkildə ödəmişdir. İddiaçı 2022-ci ilin noyabr ayında rayondan qayıtdıqdan sonra sayğacın plombunun qırıldığını gördüm və dərhal Qaz İdarəsinə xəbər vermişdir. Xəbər verdikdən bir ay sonra ünvana gələn mühəndislər sayğacın köhnə olduğunu bildirmiş və yenisi ilə əvəz etmişlər. ******* nömrəli, 27 dekabr 2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktla sayğac dəyişdirilmişdir. Bu vaxt Cavabdeh İB-nin mühəndisləri tərəfindən hər hansı borcun yarandığına dair heç nə bildirilməmiş, hər hansı sənəd verilməmiş, müvafiq aktda da hər hansı əlavə sərfiyatın olması göstərilməmişdir. Bundan sonrakı aylar ərzində də iddiaçı bir ilə yaxındır ki, aylıq gələn ödənişləri vaxtında ödəmişdir. Əlavə borcun yaranmasına dair iddiaçıya bu müddət ərzində heç bir bildiriş də gəlməmişdir. Lakin sayğacın dəyişdirilməsinin üzərindən bir ilə yaxın vaxt keçdikdən sonra Cavabdeh İB-dən 02 noyabr 2023-cü il tarixli bildiriş-xəbərdarlıq gəlmişdir ki, 1.567,40 manat borc var və ödənmədiyi təqdirdə qazın verilməsi dayandırılacaq. İndiyə kimi iddiaçının qaz istehlakım mövsümünə uyğun olaraq aylıq 30-40-50 manat civarında olmuşdur. Elə axırıncı ödənişi də iddiaçı 04 oktyabr 2023-cü il tarixində 56.60 manat ödəmişdir. Bu 1.567,40 manat borcun hardan yarandığı barədə heç bir fikri yoxdur. Buna görə də iddiaçı bildirişi aldıqdan sonra Qaz İdarəsinə müraciət etmişdir, ancaq iddiaçıya heç bir tutarlı cavab verməmişlər və iddiaçı narazı olduğu təqdirdə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. İddiaçı tərəfindən həmin qaz sayğacına heç bir müdaxilə olunmayıb, sayğac evin çölündə yəni küçədə, yolun kənarında yerləşir, orada sayğaca hər cür kənar müdaxilə üçüncü şəxlər tərəfindən oluna bilər, küçədən maşın keçdikdə belə sayğacı zədələyə bilər. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı evdə yerləşən sayğaca baxış keçirilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. İddiaçı onun istifadəsində olan sayğac üzrə hesablanmış 1.567,40 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2023-cü il üzrə 1.555,20 manat cərimə borcu vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində 1.567,40 manat borcun silinməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçının 2023-cü ilə 1.555,20 manat cərimə borcu mövcuddur. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.555,20 manat borc silinməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmət haqqına görə ödənilmiş 120 manat pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, 24 noyabr 2023-cü il tarixdə İddiaçı tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********09721 saylı abunə koduna hesablanmış 1.555,20 manat məbləğində cərimə borcu silinməli, hüquqi yardıma görə ödənilmiş 120 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 36.75 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********09721 saylı abunə koduna hesablanmış 1.555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddiaçı hüquqi yardıma görə ödədiyi 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq iddiaçıya ödənilsin. Cavabdehndən 36.75 (otuz altı manat yetmiş beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar