Məhkəmə qərarları › İş №2(011)-1259/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1259/2023

14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1259/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (Bundan sonra - Fərdi yaşayış evi) üzrə **********10780 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın plastmas borusunun deşilməsi və sayğacın yararsız hesab edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 4012 m3 olması müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın klapanın işləməməsi, sayğaca vurulan plomblarının rənglərinin fərqli olması barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 4123 m3 olması müəyyən edilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacdan kənar təbii qazdan istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8208 m3 olması müəyyən edilmişdir.

3. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2016-cı ilin oktyabr ayı üzrə 401,20 manat, 2017-ci ilin sentyabr 824,60 manat, 2020-ci ilin aprel ayı üzrə 820,80 manat məbləğində borcunun olması qeyd olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı ona məxsus Fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********10780) ilə bağlı cavabdeh tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə ümumilikdə hesablanmış 2046,60 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 820,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Fərdi yaşayış evində öz ailə üzvləriylə birlikdə yaşayır. Yaşadığı müddət ərzində o, vaxtı-vaxtında həmin ünvana aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Bu ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan guya həmin ünvana baxış keçirtmiş həmin ünvanda quraşdırılmış qaz sayğacında müəyyən nasazlıqlar olması əsas gətirilərək itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə ümumilikdə 820,80 manat məbləğində borc yazılmışdır. Sayğac ona məxsus həyətyanı sahədə deyil, küçədə, açıq ərazidə yerləşdiyi üçün sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda o cavabdehlik daşımamalıdır. Ona görə ki, sayğacı fiziki və meteraloji təsirlərdən qorumaq imkanı yoxdur. Ona məxsus Fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadəetmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız akt tərtib etmiş, bu aktlar əsasında əsassız borc yazmışlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyil. O, sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı və onlar tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Komissiya tərəfindən aparılmış hesablama ilə də razı deyil. Belə ki, komissiya tərəfindən verilmiş rəylərin hamısında məişət qaz cihazlarının saatlıq qaz sərfıyyatı qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfıyyatınm reallıqda aktlarda göstərildiyi kimi olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Cavabdeh yalnız PQ-4 tipli qaz peçinə görə ona 90 günlük müddət üçün ona 259,20 manat məbləğində borc hesablamışdır.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə iclası zamanı iddia tələbinin həcminin azaldılması barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

13. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

14. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

16. Belə ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.

17. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.

18. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.

19. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

20. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3/1287 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən tətqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

21. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 820,80 borcun iddiaçıdan tələb etməsi əsassızdır.

23. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu və iş üzrə ekspertiza xərci cavabdehdən tutulmalıdır.

24. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10780) dair İddiaçı hesablanmış 820,80 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu və 64 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar