Məhkəmə qərarları › İş №2(011)-1263/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1263/2022

16.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1263/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın və akt əsasında qəbul olunmuş qərarın ləğv olunması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh 30 oktyabr 2020-ci il tarixli, ******* saylı aktının və akt əsasında qəbul olunmuş 31 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunması və itirilmiş qazın bərpası məqsədilə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşalrı tərəfindən 10.07.2020-ci il tarixdə iddiaçının yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani 45/55 binasında olan bütün mənzillərin sayğacları yenisi ilə əvəz olunmuşdur. Həmin gün onun sayğacı da yenisi ilə əvəz olundu. Bu zaman əməkdaşlar tərəfindən sayğacla bağlı hər hansı bir irad bildirilməmişdir. Buna baxmayaraq, 2021-ci ilin noyabr ayında məlum oldu ki, guya 10.07.2020-ci il tarixdə sayğac yenisi ilə əvəz edilərkən sayğacın klapanı işlək deyil. Əslində belə bir hal olmamışdır. Sayğacın klapanı işlək olmasaydı bu barədə sayğacı dəyişərkən ona məlumat verilərdi. Bundan başqa, 30.10.2020-ci il tarixdə tərtib olunmuş ******* nömrəli akta qeyd olunmuşdur ki, guya Cavabdeh İB Akt 29/1710-02137-1 10.07.2020-ci il tarixli rəyinə əsasən quraşdırılmış 1202AQ**********5 saylı tipli smart G-4 İTRON. Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil, sayğacın çıxış plastmas borusu deşilib. Protokolda qeyd olunur ki, istehlakçı İddiaçı imza etməkdən imtina etmişdir. Əslində akt tərtib olunarkən 30.10.2020-ci il tarixdə iddiaçı Azərbaycan Respublikasının ərzi bütövlüyünün qorunması və işğal altında olmuş ərazilərimizin işğaldan azad olunması üçün gedən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda könüllü olaraq müharibədə iştirak etdiyini, müharibədə olduğu üçün akt barəsində heç bir məlumatının olmadığını və imza etməkdən imtina etməsinin doğru olmadığını qeyd etmişdir. Bu fakt da aktın əsassız tərtib olunduğunu göstərir. Hesabında yaranmış borc qanunsuz və ədalətsiz olduğundan 25.11.2021-ci il tarixində Cavabdeh İB-yə müraciət edərək, borcun araşdırılmasını və aktın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Laboratoriyanın rəyində göstərilənlər həqiqəti əks etdirmir. Mübahisəli sayğac vaxtı ilə Cavabdeh əməkdaşları tərəfindən qoyulmuşdur, həmin sayğaca nəzarəti də birliyini əməkdaşları həyata keçirmişlər. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh 30 oktyabr 2020-ci il tarixli, ******* saylı aktının və akt əsasında qəbul olunmuş 31 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunması və itirilmiş qazın bərpası məqsədilə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiasını müdafiə etdiyini bildirərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh 30 oktyabr 2020-ci il tarixli, ******* saylı aktının və akt əsasında qəbul olunmuş 31 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunması və itirilmiş qazın bərpası məqsədilə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmiş, köhnə qaz sayğacının labaratoriya yoxlanılmasından sonra abonent barədə 30.10.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, “sayğacın klapanı işlək deyil, həmçinin sayğacın çıxış plastmas borusu deşilib”. Bundan sonra Cavabdeh İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 216,0 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, cavabdeh tərəfindən tərtib edilmiş 30.10.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” ləğv edilərək, 216 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 30.10.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı ləğv edilsin. Cavabdeh 30.10.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsasında İddiaçı oğluna (abonent kodu: **********00420) hesablanmış 216,0 (iki yüz on altı) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar