Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1270/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi ondan tələb edilən 486 manat borcun silinməsi və bu borcla bağlı 323,79 manat tuulan pulun geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda evinin qaz xəttinə quraşdırılmış 160AZ**********04 nömrəli qaz sayğacı yeni smart G-4 markalı **********1 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir, hazırda bu smart qaz sayğacından istifadə edir, ona bildiriş verilir ki, guya sayğacın plasmas borusunun deşilməsinə görə 4860 kub metr qaz hesablanıb və buna görə borc hesablanıb, həmişə istifadə etdiyi qaza görə pulu ödəmişdir, hazırda isə cavabdeh mövcüd texniki imkanından istifadə edərək onun etdiyi ödənişlərdən qeyro-qanuni tutulma aparır, ödənişlərindən 323,79 manat pul tutulmuşdur, bununla bağlı cavabdehə müraciət etdikdə bildirmişlər ki, köhnə istismardan çıxarılan 160AZ**********04 nömrəli qaz sayğacı laboratoriyada yoxlanılmış və sayğaca müdaxilə edilməsi barədə laboratoriya rəyi verilmişdir, buna görə 486 manat borc yazılmışdır, bu pul hissə-hissə tutulur, sayğac həyət hasar divarının çölündə yerləşir, küçədə olan sayğaca görə cavabdeh deyildir, qanunla belə bir öhdəliyi yoxdur, sayğac çıxarılanda cavabdehin vurduğu plomb üzərində olub, plomblu sayğaca müdaxilə edə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.G.Quliyeva iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə iddiaçının (və ya nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh və İddiaçı arasında 15.03.2019-cu il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, 160AZ**********04 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 29.03.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 29.03.2019-cu il tarixli ******* nömrəli akta əsasən abonentinin qaz sayğacının çıxış plastmas borusunun deşilmiş olması barədə nöqsan qeyd edilmiş, 4860 kub/m itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 06.12.2021-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********00260 nömrəli abonent koduna 2021-ci ilin dekabr ayına cari borc 465,76 manatdır, borca görə tutulma 323,79 manatdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış 160AZ**********04 nömrəli sayğac yenisi ilə əvəzləşdirilmiş, həmin sayğaca baxış keçirilmiş və “qaz sayğacının çıxış plastmas borusunun deşilmiş olması” səbəbi ilə təbii qazın itirilməsi barədə 29.03.2019-cu il tarixli akt tərtib edilmiş, onun dəyəri kimi iddiaçının abonent hesabına borc yazılmışdır, həmin məbləğdən 323,79 manat cavabdeh tərəfindən borca görə tutulmuşdur. Hazırda cari qalıq borc 465,76 manat təşkil edir və iddiaçıdan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00260) itirilmiş qazın bərpası məqsədilə yazılmış borcdan tutulmuş 323,79 manat geri qaytarılmalı və qalan 465,76 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunmasi halları məhkəmə tərəfindən müəyyən olunmadığından cavabdehdən 30 manat məbləğində (iddia tələbi 1000 manatdan az olduğundan) dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00260 nömrəli abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış qalıq 465 (dörd yüz altmış beş) manat 76 (yetmiş altı) qəpik borc silinsin, tutulmuş 323 (üç yüz iyirmi üç) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul ona geri qaytarılsın. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1270/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1270/2022
18.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver