Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1277/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə tərtib edilmiş xx.xx.2018-ci il tarixli 000724 saylı və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən hesablanmış 6091,20 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçıya məxsusdur və həmin mənzildə istehlakçı kimi iddiaçı qeydiyyata alınmışdır. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1187 saylı bağ evi də iddiaçıya məxsusdur və uzun müddətdir ki, iddiaçı ailəsi ilə birlikdə həmin bağ evində yaşayır. Bu səbəbdən Xətai rayonu, Sabit Orucov küçəsi 13B, ev 178 ünvanında yerləşən mənzildə demək olar ki, daimi yaşayış olmayıb. Həmin mənzilə ilk dəfə olaraq 2012-ci ilin yanvar ayında "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən ******* nömrəli qaz sayğacı quraşdırılmış və sayğaca 00997466 nömrəli plomb vurulmuşdur. Qeyd olunan sayğac mənzilin xaricində (pilləkan qəfəsində) quraşdırlmışdır. xx.xx.2018-ci il tarixində "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən yeni ağıllı sayğacla əvəz edilmişdir. Köhnə sayğac çıxarılarkən sayğacın bütövlüyü pozulmamışdır. İddiaçı yeni quraşdırılmış ağıllı sayğaca sonuncu dəfə 2018-ci ilin may ayında 150 m3 qaz yükləmiş və, mənzildə daimi yaşayış olmadığı üçün (əsasən bağ evində yaşadığımız üçün nəzarət etmək məqsədilə hərdən mənzilə baş çəkirik) həmin yüklədiyim qaz həcmi uzun müddət ərzində sərf olunmuşdur. 2023-cü ilin aprel ayının əvvəllərində iddiaçı baş çəkmək məqsədilə növbəti dəfə mənzilə gedən zaman sayğaca yüklədiyim qaz həcminin bitdiyini görüb karta pul yükləmək istəyərkən xəta baş verdiyini görmüş və karta pul yükləyə bilməmişdir. Bununla bağlı iddiaçı "Azəriqaz" İB-yə müraciət edən zaman iddiaçıya bildirdilər ki, guya o, 2018-ci ilin yanvar ayında dəyişdirilən sayğaca müdaxilə etdiyinə görə ona 1944 manat məbləğində cərimə yazılmışdır, həmin cərimə tərəfindən ödənilmədiyi üçün sayğacın kartı bloka salınmışdır, bu səbəbdən də iddiaçı karta pul yükləyə bilməmişdir. Orada iddiaçıdan hesablanmış cərimə məbləğini ödənilməsi tələb edilmiş, əks halda kart blokdan çıxarılmayacaqdır. İddiaçı isə cərimənin əsassız yazıldığını, sayğaca heç bir müdaxilə etmədiyi, cəriməni ödəməyəcəyini və həmin ünvanda demək olar ki yaşayış olmadığını bildirmişdir. İddiaçıya təqdim edilmiş aktla tanış olan zaman məlum oldu ki, "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 000724 saylı aktda "çıxarılan sayğacın üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu" qeyd edilməklə iddiaçıya 1944 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı 2023-cü ilin aprel ayının əvvəllərində Cavabdeh İB tələb etdiyi qeyd olunan cəriməni ödəmədiyi üçün sayğacın kartı blokdan çıxarılmadı. Bu səbəbdən də iddiaçı mənzilə quraşdırılmış sayğacı yeni qaz həcmi yükləyə bilməmişdir. Növbəti dəfə iddiaçı mənzilə 2023-cü ilin aprel ayının ortalarında getmiş və həmin vaxt evdə təbii qaza ehtiyac olduğu üçün o, sayğacı xətdən ayıraraq sayğacın giriş və çıxış xətlərini rezin boru vasitəsilə birləşdirərək qısa müddət ərzində təbii qazdan istifadə etmişdir. Daha sonra isə iddiaçıya məlum olmuşdur ki, bu fakta görə də xx.xx.2023-cü il tarixində "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən ******* saylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib edilmiş, daimi yaşayış olmayan və cəmi 4-5 günlük qanunsuz qoşulmaya görə 24 saat 360 gün müddətinə hesabat aparılmaqla 4147,20 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları İstehlakçı İddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli 000724 saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edildiyi qeyd edilmiş, bu əsasla iddiaçıya 2018-ci ilin mart ayı üzrə 1944 manat məbləğində borc hesablanmışdır. Bundan sonra iddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, aktda sayğacın yerində olmadığı və girişlə çıxış birləşmələri birbaşa birləşdirilməklə təbii qazdan qeyri-qanuni istifadə edildiyi qeyd edilmiş, bu əsasla iddiaçıya 2023-cü ilin aprel 4147,20 manat məbləğində borc hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun (] 25 fevral 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasında) Maddə 13 ...9. məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun ( 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında)
Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13 maddəsinin 9-cu hissəsinin 25 fevral 2022-ci il tarixinədək qüvvədə olan redaksiyası və “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan xx.xx.2018-ci il tarixli 000724 saylı akta əsasən hesablanmış borcun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1944 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya 4147,20 manat məbləğində borcun silinməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında bir müddət ərzində təbii qazdan sayğacsız istifadə etdiyi etiraf etmişdir. Belə olan halda, Cavabdeh İB tərəfindən həmin müddətə görə iddiaçıya borcun hesablanması əsaslıdır olmuşdur. Lakin cavabdeh tərəfindən dəymiş ziyanın həcmi hesablandığı zaman qanunvericiliyin tələbləri pozularaq, 24 saat üzrə 360 gün hesabat müddəti əsas götürülməklə hesablanmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən hesablama düzgün olmamışdır, dəymiş ziyanı hesablanması məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, 90 gün hesabat müddəti üzrə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh İB-nə vurulmuş zərər, iddiaçının evində quraşdırılmış 4 göz qaz plitəsinin (1,2 m3/saat) və kombinin (2.8 m3/saat) maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla, 90 gün 12 saat hesabat müddətinə görə hesablanaraq (1,2x12x90=1296 m3, 2,8x12x90=3024m3, 3024+1296=4320m3 4104m3x0,12=518,4 manat) 518,4 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış qalan 3628,8 (4147,20 -518,4 = 5572,8) borc məbləği əsassız hesab edilərək silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 75,72 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********21780) hesablanmış 5572,8 manat (beş min beş yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 75,72 (yetmiş beş manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova