Məhkəmə qərarları › İş №2(011)-1291/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1291/2021

01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1291/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft şirkəti «Azəriqaz» İB tərəfindən 9720 m3 qazın sərfiyyatı üzrə qalıq 1308 manat məbləğində əsassız borcun, 238,55 manat məbləğində “İTRON” tipli, “G-4” markalı 1802AZ**********95 qaz sayğacının dəyəri əvəzi olaraq hesablanmış pulun silinməsi, borca görə cavabdeh tərəfindən tutulmuş 637,19 manat pul vəsaitinin ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili K.T.İsgəndərli iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə 2-ci sahə ünvanında 26.07.2018-ci il tarixində “Azəriqaz” İB–nin nümayəndələri tərəfindən ünvandakı sayğac yenisi ilə əvəzlənmişdir. Sayğac dəyişdirilərkən plombu üzərində olmuşdur. Smart qaz kartına qazın sərfiyyatı üçün pul yükləmək istədikdə məbləğin yarısı qədər çıxmaların olduğunu görmüş, bununla bağlı “Azəriqaz” İB–yə müraciət etdikdə ona bildirmişlər ki, sayğacda problem olub və bu səbəbdən sayğacın dəyəri olaraq 235,88 manat və əlavə sərfiyyat haqqı kimi isə 1944 manat borcun ödənilməsini tələb etmişlər, həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borclar hər ay gecikdirilmədən ödənilmiş və qaz sayğacına hər hansı bir müdaxilə edilməmişdir. Sonda K.T.İsgəndərli iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş aktda sayğaca müdaxilə olunması qeyd olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı və sayğacın dəyəri İddiaçı abonenet koduna hesablanmış və həmin məbləğ də ondan tələb edilir. Sonda N.V. Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26.07.2018-ci il il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvanda “İTRON G-4” markalı 1302AZ**********36 nömrəli qaz sayğacı çıxarılaraq, yeni “İTRON G-4” markalı 1802AZ**********95 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.09.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda «Azəriqaz» İB-nin 29/1356-00014-4 saylı rəyinə əsasən 1302AZ**********36 nömrəli sayğacın klapanının tam bağlanmaması, çıxış plasmas borusunun deşilməsi barədə nöqsan qeyd edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin 21.09.2018-ci il tarixli qərarının surətindən görünür ki, 21.09.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə aparılmış hesabat üzrə 9720 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı gasrep sənədindən görünür ki, onun abonent koduna 10/2018-ci il üçün 1944 manat borc hesablanmışdır. Həmin sənəddən görünür ki, borca görə tutulma 637,19 manat təşkil edir. İş materiallarında olan ARDNŞ-nin “Azəriqaz” İB-nin və İTRİ-nin MSK-29/1356- 00014-4 saylı aktına əsasən 1302AZ**********36 nömrəli sayğacın xətalarının normadan artıqlığı, sayğacın minimal sərfiyyatda-100% nisbi xəta ilə işləməsi, hesablama maxanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın klapanının tam bağlanmaması, yivli birləşmələrinin deformasiyaya uğraması, sayğacın çıxış plasmas borusunun deşilməsi nöqsanı barədə qeyd aparılmış, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir, həmin ünvanda 9720 m3 təbii qazın itirilməsi barədə akt tərtib edilmiş və onun dəyəri kimi 1944 manat borc iddiaçının abonent hesabına yazılmış, həmin məbləğdən 636 manat cavabdeh tərəfindən tutulmuş, qalıq borc 1308 manat təşkil edir və iddiaçıdan 1308 manat və qaz sayğacının dəyərinə görə 235,88 manat tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2,6.5-ci bəndlərinin, «Azəriqaz» İstehsalat Birliyinin 04.02.2013-cü il tarixli “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı Qaydalarının” 6.14-cü bəndi və “Qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı Qaydalarının” 6.5-ci və «Azəriqaz» İstehsalat Birliyinin 24.12.2009-ci il tarixli 14-S saylı sərəncamının icrası olaraq istehlakçıların öz vəsaitləri hesabına G-4 və G-6 markalı qaz sayğacları ilə təchiz edilməsinin Qiymət cədvəlinə əsasən əhali abonenti üçün nəzərdə tutulmuş Smart kart (İTRON) G-4 markalı sayğacın qiyməti 235,88 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********02040) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1944 manat məbləğində borcdan ödənilmiş 637,19 manat geri qaytarılmalı və qalan 1308 manat məbləğində borc və qaz sayğacının dəyəri kimi tələb olunan 235,88 manat məbləğində borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********02040 saylı abonent koduna «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1944 manat məbləğindən 1308 manat və qaz sayğacının dəyəri kimi tələb olunan 235,88 manat məbləğində borc silinsin, İddiaçı **********02040 saylı abonent kodu üzrə tutulmuş 637,19 manat məbləğində pul geri qaytarılsın. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar