Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1342/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçınin Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 562,72 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Ailəsilə birlikdə həmişə həmin mənzildə yaşayıb. Qazdan istifadə ilə bağlı abonent müqaviləsi onunla bağlanmış və abonent kodu onun adına olmuşdur. Hər ay vaxtı-vaxtında bütün kommunal ödənişlərini edir. İndiyə kimi heç bir qaz borcu olmamış, cavabdehlə heç bir mübahisələri yaranmamışdır. Qaz sayğacı ümumi həyət yolunda quraşdırılmışdır. Bundan əlavə cavabdehin əməkdaşları hər ay bir neçə dəfə sayğaca baxış keçirirlər və hər dəfəsində hər şeyin qaydasında olduğunu onlara bildirmişlər. Təxminən bu ilin aprel ayında mənzilinə aid sayğac xəbəri olmadan cavabdeh qurum tərəfindən dəyişdirilmişdir. İyun ayında ona cavabdehin nümayəndəsi tərəfindən akt və digər sənədlərin surəti təqdim edilərək sayğacının dəyişdirildiyi barədə məlumat almışdır, köhnə sağacın laboratoriyada yoxlanıldığı, onda mənşəyi bilinməyən plombun aşkar olunduğu müdaxilə olunduğu bildirilmiş və borc hesablandığı bildirilmişdir. Bununla bağlı həmin vaxt ona heç bir bildiriş, hər hansı akt verilməmişdir. Borc sonradan sistemə daxil edilmişdir. Cavabdeh tərəfindən xəbərlərə olmadan ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Həmin akt iddiaçı hesab edir ki, etibarsız elan edilməlidir. Çünki tərəfindən indiyə kimi sayğaca heç bir müdaxilə olunmamışdır. Hər dəfə ərazi üzrə cavabdehin nümayəndələri sayğaca baxış keçirmiş, onlar da təsdiqləyə bilər ki, tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Ona verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə G-4 markalı qaz sayğacının maksimal qaz sərfinin 4 kub metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddətinin 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparıldığı və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 4320 kub metr itirilmiş qazın bərpası hesabatı aparılmışdır. Əldə etdiyi məlumata əsasən ona 562 manat borc yazılmışdır. Həyat yoldaşı tərəfindən ödənilmiş 50 manat məbləğində ödəniş avtomatik olaraq razılıqları olmadan həmin borcdan silinmişdir. Hal-hazırki abonent saldosuna əsasən borc məbləği 512,72 manat təşkil edir. Həmin məbləğlə razı deyil, çünki əsassız olaraq yazılmışdır. Qəbul olunan aktla və ona hesablanmış məbləğlə razı deyil. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları X2 barəsində xx.xx.2024-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 518,40 manat məbləğində borc hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun (01 may 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında) Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı arəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya qalan 44,32 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, həmin borc abonentə istifadə etdiyi qazın dəyərinə görə hesablandığından iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanı üzrə abonent Nəcəfi Allahverdiyə (abonent kodu: **********00010) xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1342/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1342/2025
05.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver