Məhkəmə qərarları › İş №2(011)-1348/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1348/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1348/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “xxxx” MMC-nin xeyrinə 403.96 manat borcun, 60.60 manat cərimə borcunun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə cavabdeh Zamanov Könül Həsən qızı arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 700 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə “xxxx” MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən “xxxx” MMC-nin Cavabdeh qarşı olan 700 manat məbləğindəki tələb hüququ “xxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxx” MMC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh sonuncu dəfə xx xxxx 2020-ci ildə ödəniş etmişdir. Cavabdehin bugünə 403.96 manat əsas borcu, 60.60 manat cərimə borcu vardır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” MMC və cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh dəyəri 700 manat olan malı almış, 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə “xxxx” MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən “xxxx” MMC-nin Cavabdeh qarşı olan 700 manat məbləğindəki tələb hüququ “xxxx” MMC-yə keçmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Ona borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə bağlamaqla üzərinə öhdəliklər götürmüş həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas borcun borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 60.60 manat məbləğində cərimənin 5 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh 403.96 manat əsas, 5 manat cərimə olmaqla, cəmi 408.96 manat borc “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 20 manat məbləğində pul vəsaitinin əvəzi və 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 403.96 (dörd yüz üç manat doxsan altı qəpik) manat əsas, 5 (beş) manat cərimə, cəmi 408.96 (dörd yüz səkkiz manat doxsan altı qəpik) manat borc, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 429.36 (dörd yüz iyirmi doqquz manat otuz altı qəpik) manat pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar