Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-137/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra iddiaçı), İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) vəkili və nümayəndəsi Vəkil, Mütəxəssis Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsinin həkimi X4 iştirakı ilə, İddiaçının cavabdehə qarşı “mülkiyyət hüququnun müdafiəsi, ara msəafəsi gözlənilmədən tikilmiş tikilinin sökülməsi” tələbi barədə ilkin, cavabdehin iddiaçıya qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər iddiaçının mərhum əri X1 mülkiyyətində olmuş, onun ölümündən sonra fərdi yaşayış evinin (bundan sonra - Fərdi yaşayış evi) 1/6 hissəsi vərəsəlik əsasında iddiaçının mülkiyyətinə keçmiş, 5 paydan ibarət qalan hissələr isə digər vərəsələrin mülkiyyətindədir. İddiaçının fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
2. Fərdi yaşayış evinin qonşuluğunda, onun sol divarına bitişik vəziyyətdə, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, 39/2B ünanında cavabdeh tərəfindən 4 mərtəbədən ibarət fərdi yaşayış inşa edilmişdir. Həmin evə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur, yalnız evin əldə olunması barədə Vüsal Əliyev və iddiaçı (üç nəfər şahidin imzası ilə) arasında xx.xx.2021-ci il tarixli notarial qaydada bağlanmayan evlərin alqı-satqı barədə müqavilə və 66 saylı MKİS tərəfindən evin sxemi mövcuddur.
İlkin və qarşılıqlı iddia ərizəsinin dəlilləri:
a) İlkin iddia ərizəsinin dəlilləri:
3. İddiaçı ara məsafəsi gözlənilmədən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin divarına bitişik vəziyyətdə cavabdehin tikdirdiyi 4 mərtəbəli tikilinin onun öz vəsaiti hesabına sökülməsi və üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra, ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişlər ki, fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olan əri X3 2016-cı ilin noyabr ayında əri vəfat etdikdən sonra ev onun mülkiyyətinə keçmişdir. O, 2002-ci ildən həmin evdə yaşayır. Təxminən 2021-ci ilin sentyabr ayında cavabdeh onun evinin divarına bitişik qonşu sahədə tikinti işləri aparmağa başlamışdır. Dəfələrlə, tikdirdiyi tikilinin onun evinə bitişik olmaması və ara məsafəsinin gözlənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, heç bir faydası olmamış və o, qanunsuz şəkildə tikintini davam etdirmişdir. Məcburiyyətdən qeyd olunan qanunusuz hərəkətlərin dayandırılması və qarşısının alınması üçün polisə müraciət etmiş, Bakı şəhəri Xətai PRİ-nin 37-ci PŞ-də onun şikayətiylə bağlı araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Hazırda cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli tikili tam onun evinin divarına bitişik vəziyyətdə tikilmiş və heç bir ara məsafəsi saxlanılmamışdır. Bundan əlavə, onun evinə bitişik olan torpaq sahəsinə hüquqularını müəyyən edən sənədləri və müvafiq tikilinin tikilməsi üçün icazə sənədləri yoxdur. Qeyd olunan halların mövcudluğu gələcəkdə baş verəcək hər hansı bədbəxt və fövqəladə vəziyyətlərin qarşısının alınmasında ciddi problemlər yaradacaqdır. Cavabdeh tərəfindən qanunsuz tikilinin aparılması nəticəsində onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və pozulmaqda davam edir.
b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:
5. Cavabdeh iddiaçının aldatma yolu ilə ona vurduğu 7000 manat məbləğində maddi ziyan faktının yoxlanılması barədə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsi və iddiaçının fərdi yaşayış evində etdiyi təmir-tikinti işlərinə görə xərclədiyi 7000 manat məbləğində pulun tam olaraq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci ildə X5 ona məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini Quliyeva Mənsurənin (ş/v ********), Məmmədov Mahirin şahidliyi və alqı-satqı agenti X2 vasitəçiliyi və şahidliyi ilə 19900 manata almışdır. Həmin evin iddiaçının yaşadığı evlə bir ortaq divarı vardı. Evi oğlunu evləndirib oraya köçürmək məqsədi ilə almışdı. Lakin ev yaşayış üçün xeyli darısqal, əlverişsiz olduğuna görə söküb yerində yenisini tikmək qərarına gəlmişdir. O, iddiaçıyla əvvəlcədən razılaşmışdır ki, həmin ortaq divara toxunmadan, yəni ortaq divarı onun sərəncamına verərək, fərdi yaşayış evinin divarını həmin divarın yanından tikdirəcək və onun özünə aid həyətində cavabdehin maddi vəsaiti hesabına istədiyi qaydada təmir-tikinti işləri edəcək. Görülən işlər müqabilində heç bir ara məsafəsi saxlanılmadan, divarının yanından öz evinin divarını hörərək tikinti işlərinin aparılmasına və mənzilinin pəncərələrinin onun tərəfinə baxmasına etiraz etməyəcək. Beləlikə, müəyyən şərtlərlə aralarında şifahi müqavilə öhdəlikləri yarandı. Razılığa əsasən onun həyətində hamam, tualet, rəngləmə, kafel-metlax, hasar, suvaq, sanitar qovşağı və s. işləri görmüş və bu işlər üçün 7000 manatdan artıq maddi vəsait xərcləmişdir. Əvvəl iddiaçı üzərinə götürdüyü öhdəliklərə vicdanla yanaşır, həyətində gördüyü işlərə görə ona dərin təşəkkürlər, dualar edir, özü üçün gördüyü işlərə isə xeyir-dualar verirdi. Lakin tikinti yekunlaşmağa doğru getdikcə iddiaçı ilə aralarındakı danışıqların, razılaşmanın əksinə olaraq ara-sıra mövqe, fikir dəyişiklikləri yaranmağa başlamışdır. O, cavabdehdən daha çox maddi tələblər etməyə başlamış, daha iki min manat pul istəmiş, öz evinin dam örtüyünün də onun vəsaiti hesabına dəyişdirilməsi iştahasına düşmüşdür. Rədd cavabı eşitdikdə isə onu müvafiq orqanlara şikayət edəcəyi ilə hədələməyə, təhdid etməyə başlamışdır. Hal-hazııda onun yaşadığı fərdi yaşayış evində uzun müddət ərzində gördüyü işlər də, təxminən bir ilə yaxın müddətdə tikinti işləri apardığını da onun iradəsindən kənar və ya xəlvəti görülməsi absurddur və heç bir məntiqə sığmır. O nəinki bütün işlərdən xəbərdar idi, hətta bu işlərin birbaşa iştirakçısı idi. Həyətində görülən işlərə bir çox hallarda özü nəzarət edir, rəng, material, dizayn seçimini özü edirdi. Əgər iddiaçı evin tikintisindən, hündürlüyündən, pəncərələrin qoyulmasından, doğura biləcək hər hansı təhlükədən ehtiyyat edirdisə, onda nəyə görə tikinti gedən zaman deyil, yalnız tamamlandıqdan sonra etirazlar etməyə başlaması onun əsl niyyətinin nədən ibarət olduğunu aşkar olaraq ortaya qoyur. Özünə aid olan torpaq sahəsi üzərində tikdirdiyi fərdi yaşayış evi tam olaraq tikinti normalarına uyğun, möhkəm özülə malik, cüt daş konstruksiyalı, keyfiyyətli dəmir-beton bərkitmələriylə, ixtisaslı mühəndisin rəhbərliyi və digər mütəxəssislərin məsləhətiylə tikilmiş evdir və heç bir təhlükə doğurmur.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası:
9. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
10. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır.
19. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır
20. İlkin iddia tələbini şərti olaraq iki hissəyə ayırmaq olar: tələbin birinci hissəsi ara məsafəsi gözlənilmədən ona məxsus Fərdi yaşayış evinin divarına bitişik vəziyyətdə tikdirdiyi 4 mərtəbəli tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi; ikinci hissəsi isə cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra, ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulması barədədir.
21. İddiaçının birinci tələbi mahiyyətcə, mülkiyyətində olan daşınmaz əmlaka cavabdeh tərəfindən qanunsuz müdaxiləni təşkil edir. Belə ki, işin məhkəmədə araşdırılması zamanı, eləcə də məhkəmə tərəfindən tərəflərə məxsus fərdi yaşayış evlərinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi evlərin yerləşdiyi torpaq sahəsini ayıran daş hasarın üəzrində inşa edilmiş, eyni zamanda cavabdehin inşa etdiyi fərdi yaşayış evinin divarının (tərəflərin fərdi yaşayış evlərinin ümumi yola tərəf olan istiqamətdə) sağ arxa divarının bir hissəsi iddiaçıya məxsus Fərdi yaşayış evinin qabaq sol hissəsində yerləşən mətbəx otağının divarının üzərində inşa edilmiş, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellər qaralmışdır.
22. Məhkəmə qeyd edir ki, yuxarıdakı müddəaların mənasından da göründüyü kimi, mülkiyyət hüququ istər yerli, istərsə də, beynəlxalq hüquqla qorunan və dövlət tərəfindən tanınan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər. Qanunla müəyyən edilmiş istisnalardan başqa, hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi isə yalnız mülkiyyətçinin razılığı və iradəsi ilə mümkün ola bilər.
23. Lakin mülkiyyət hüququnun ən üstün hüquqlardan biri olması və yüksək qanuni təminat verilməsi onun hüdudsuz olması anlamına da gələ bilməz. İstər milli, istərsə də beynəlxalq qanunvericilik mülkiyyət hüquqnun məhdudlaşdırılmasının, ona müdaxilə edilməsinin əsaslarını da nəzərdə tutur ki, bu qanuni əsaslar yuxarıda həm Mülki Məcəllənin 152.5, həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir.
24. Qanunvericilik müəyyən edir ki, mülkiyyətə müdaxilə üçün hüquqi əsas olmalı, müdaxilə ictimai, yaxud fərdi maraqlara xidmət etməli və mütənasiblik (maraqlar arasında ədalətli balansın təmin olunması) meyarlarına cavab verməlidir.
25. Məhkəmə hesab edir ki, müdaxilənin qanunauyğun (hüquqi əsasın) olması həm müdaxiləni edən tərəfin, həm də müdaxiləyə məruz qalan tərəfin mülkiyyət hüquqlarının qanuni olub-olmamasının araşdırılmasını tələb edir.
26. İşin yuxarıda göstərilən faktiki hallarından məlum oldur ki, iddiaçının Fərdi yaşayış evinə 1/6 hissədə mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınsa da, cavabdeh fərdi yaşayış evini özbaşına inşa etmiş və onun tikdiyi nə evə, nə də evin yerləşdiyi torpaq sahəsinə dair qanunla müəyyən edilmiş heç bir hüquq müəyyənedici sənədi yoxdur. Mülki Məcəllənin 180.1-ci maddəsində də özbaşına tikiliyə verilən anlayışda qeyd edilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
27. Göründüyü kimi, iddiaçının (müdaxiləyə məruz qalan tərəfin) yaşadığı evə dair mülkiyyət hüquqlarının qanuni əsası olsa da, cavabdehin inşa etdiyi ev özbaşına tikinti olduğu üçün onun həmin evə dair belə bir hüququ yoxdur. Bu konteksdə, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi haqlıdır.
28. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehin inşa etdiyi fərdi yaşayış evinin onun Fərdi yaşayış evinin divarına bitişik hissəsinin sökülməsini tələb etməsi də tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına zidd deyil. Ona görə ki, əvvəla, iddiaçı cavbdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bütövlükdə deyil, yalnız onun mülkiyyət hüquqlarını pozan həcmdə, yəni onun Fərdi yaşayış evinə bitişik olan hissəsinin sökülməsini tələb edir. İkincisi, cavabdeh özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzən yağış sularının icəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur.
29. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının birinci tələbi təmin edilməməlidir.
30. Məhkəmə hesab edir ki, iddiaçının ikinci tələbi təmin edilə bilməz.
31. Belə ki, iddiaçı cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, mülki hüquq münsibətləri çərçivəsində tərəfin üzərinə hər hansı öhdəliyin qoyulması üçün hüquqi əsaslar olmalıdır. Belə hüquqi əsaslar ya qanundan ya da tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.
32. Hər hansı tikilinin inşa edilməsindən əvvəl qanunla müəyyən edilmiş qaydada hüquqi hərəkətlər, müvafiq sənədləşmələr – tikintinin layihə sənədlərinin hazırlanması, lazım olduğu halda müfafiq dövlət orqanlarının rəylərinin, yaxud razılığının alınması və s. yerinə yetirilir. Tərtib edilmiş tikinti sənədlərində tikinti qanunvericiliyinə uyğun olaraq, inşa etməli olan tikilinin istər ara məsafəsi, istərsə də tikintiyə dair müvafiq göstərişlər müəyyən edilir ki, bu zaman tikinti işlərini aparmalı olan şəxsin üzrəinə müvafiq öhdəliklər düşür. Lakin işin mübahisəsiz halıdır ki, cavabdehin inşa etdiyi evə dair hər hansı tikinti sənədləri mövcud deyil. Bu halda cavabdehin üzərinə hazırda, yaxud gələcəkdə tərtib edilcək tikinti layihə sənədlərində indiddən bəlli olmayan hansısa tikinti norma və qaydalarına əməl etmək vəzifəsinin qoyulması qətnamənin icrasında qeyrimüəyyənlik yarada bilər, hətta icrasını mümkünsüz edə bilər. Odur ki, məhkəminin qənaətinə görə iddiaçının ikinci tələbinin hüquqi əsası olmadığından təmin edilə bilməz.
33. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır.
34. Cavabdeh iddiaçıya məxsus Fərdi yaşayış evində apardığı təmir işlərinə görə sərf etdiyi pulu sonuncudan tələb edir.
35. Cavabdeh iddia edir ki, tərəflər öz aralarında razılaşmışlar ki, o, özbaşına tikili olan evini iddiaçının Fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının icazə verməsi qarşılığında sonuncunun evinin həyətində təmir işləri aparacaq. İddiaçı razılaşmaya əməl edərək təmir işləri apardığını və buna görə 7000 manat pul xərclədiyini bildirsə də iddiasının əsası kimi qeyd etdiyi həmin halın təsdiq üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.
36. Məhkəmə qeyd edir ki, mülki işin məhkəmədə başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət (MPM-nin 5.1-ci maddəsi) etdiyi halda, mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. ünvan 4 ünvanında Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin ünvan 2 ünvanında İddiaçı paylı mükiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsi (Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi istiqamətində Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsi) Cavabdeh vəsaiti hesabına sökülsün. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı