Məhkəmə qərarları › İş №2(011)-1379/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1379/2024

30.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1379/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İB-yə və Cavabdeh2 qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 İB-yə və Cavabdeh2 qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İB ilə Cavabdeh2 arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli, AKX-05591xx/xx-2023 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında olan həmin mənzilə dair müqavilənin yenidən iddiaçının adına bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 şərikli işləyirmişlər. İddiaçı Cavabdeh2a 75000 manat borcu olmuşdur. İddiaçı qardaşı ilə birlikdə onların evinə gələrək borcu qaytara bilməyəcəklərini əvəzinə ev verəcəklərini bildirmişdir. Sonradan cavabdehin nümayəndəsi Aytən Məmmədova və iddiaçı tərəf notariusa getmişlər, sənədləşmə işləri aparılaraq qaz, işığı Cavabdeh2 adına keçirmişlər. Mənzilin çıxarışı olmamışdır, bələdiyyə sənədi olmuşdur. Hazırda iddiaçı və ailəsi həmin mənzilə girmiş, cavabdeh isə ailəsi ilə kirayədə yaşayır. Məhkəmənin iclası barədə İddiaçı və Cavabdeh1 İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktlarının qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların nəinki inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı, həm də faktiki xarakterli digər fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir, inzibati məhkəmə icraatı qaydasında həmçinin inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatında verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Beləliklə, adı çəkilən Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı Cavabdeh1 İB ilə Cavabdeh2 arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli, AKX-05591xx/xx- 2023 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında olan həmin mənzilə dair müqavilənin yenidən iddiaçının adına bərpa olunmasını tələb edir. Yəni iddiaçı eyni tələblə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh hərəkətsizlik nümayiş etdirdiyi üçün hazırda iddiaçı məcburetmə haqqında iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bununla bağlı məhkəmə hazırkı mübahisənin predmetini nəzərə alaraq belə qənaətə gəlir ki, tələbə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalı olduğundan, iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunan maddi və prosessual normalara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iş ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi üzrə icraata xitam verilməli, iddiaçıya eyni tələblə müvafiq inzibati məhkəməyə müracət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 İB-yə və Cavabdeh2 qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya eyni tələblə müvafiq inzibati məhkəməyə müracət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar